İnsanlar sərmayə qoyuluşunda daha müdrik olmalıdır

29 Sentyabr 2016 16:20 (UTC+04:00)

"Tibb avadanlıqları və dərmanların qiymətinin artması təsadüfi deyil. Çünki hər hansı dərmanla bağlı laborator sınaqlar ildən-ilə daha böyük xərclər tələb edir". SİA-nın məlumatına görə, bunu 5-ci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən müzakirələrdə kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover deyib.

O bildirib ki, bu da son nəticədə dərman avadanlıqlarının qiymətini artırır: "Biz əvvəllər elə bilirdik ki, ağciyər, döş, beyin xərçəngi eyni xəstəliklərdir. Ancaq artıq məlumdur ki, bunlar ayrı-ayrı xəstəliklərdir. Hətta döş xərçənginin 20 növü var. Üstəlik ayrı-ayrı insanlar eyni dərmanlara müxtəlif reaksiyalar verirlər".

Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko isə deyib ki, bu gün bəşəriyyət terror, zorakılıq, aclıq, lazımi tibbi xidmətin olmaması və s. kimi böyük problemlərlə üzləşirlər. Onun sözlərinə görə, tibbdə nailiyyətlər sadə yollarla əldə olunub: "Məsələn, pensilin kimi antibiotik təsadüfən kəşf edilib, bununla da milyonlarla insanın həyatını xilas etmək mümkün olub".

Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smut isə deyib ki, hələ də dünyanın müxtəlif yerlərində yaxşı yaşamayan insanlar var və bunun fəsadlarının daha ağır olmaması üçün tədbirlər görə bilərik: "Necə imkan verə bilərik ki, dünya əhalisinin 20 faizi aclıqdan əziyyət çəksin? Buna dözmək olmaz. İnsanların fərqli yaşaması faciədir. İnsanlar sərmayə qoyluşunda daha ağıllı, müdrik olmalıdırlar. İnkişaf edən dövlətlərin inkişaf etməkdə olan dövlətlərə yardımı ümumi iqtisadi inkişafı şərtləndirir".