Ukraynada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr edilmiş elmi kitablar seriyası nəşr olunub

26 Sentyabr 2016 02:04 (UTC+04:00)

Kiyevdə Ukraynanın və Avropa İttifaqının (Aİ) elm, təhsil və tibb sahəsində qanunvericiliyinin uyğunlaşdırılmasına həsr edilmiş seminar keçirilib. Seminarda "Cərrahi müdaxilə sahəsində infeksiyaların profilaktikası", "Hospital epidemiologiyasında statistika", "Hospital epidemiologiyası terminlərinin təyini" və "Sterilləşdirmə standartları" seriyalarından kitablar təqdim olunub. Sübutedici təbabət prinsiplərinə əsaslanan və Avropa İttifaqının tələblərinə uyğun olan bu kitablar Azərbaycan xalqının şanlı qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilib.

Kitablar seriyasının müəllifi bizim həmyerlimiz, Ukraynada fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının (DTMTA) mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, Ukrayna Milli antimikrob rezistentlik (UCAST) və infeksion nəzarət (UCIC) komitəsinin başçısı, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.

Mühüm elmi-praktik informasiyanın toplandığı bu kitablar səhiyyə təşkilatçıları, müxtəlif ixtisaslı həkimlər, həmçinin tibbi profilli ali məktəblərin alimləri, müəllimləri və tələbələri üçün nəzərdə tutulub.