"Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim”

22 Sentyabr 2016 22:20 (UTC+04:00)

Fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici və unudulmaz idi. AZƏRTAC xəbər verir ki, bu sözləri "Rio-2016" Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran cüdoçu Ramil Qasımov sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın qarşılanması mərasimində deyib.

"Rio-2016"nın qızıl medalçısı bildirib: "Rəqiblərim çox güclü idi və buna görə də qarşılaşmalar çox gərgin keçdi. Amma buna baxmayaraq, var gücümü toplayıb bütün rəqiblərimə qalib gəldim. Rio-de-Janeyroya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim".

Çempion idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilərkən böyük qürur hissi keçirdiyini bildirən cüdoçu deyib: "Bu, sözlə təsvir edilə bilməyən hissdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır".