İlk dəfə səs verəcək gənclər Referenduma "HƏ" deyir (YENİLƏNİB) FOTOLAR

22 Sentyabr 2016 16:30 (UTC+04:00)

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Samux rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri Gündüz Bayramov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən gənclər sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər. G.Bayramov bu prosesdə Samux rayon gənclərini də fəal olmağa çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan gənclərinin cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib.

N.Həmzəyev bildirib ki, gənclər dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər: "Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən millət vəkili qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir".

Çıxış edən Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, ATU YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov da Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb.

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan H.Budaqovun sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan böyük nailiyyətlər Ana Qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən H.Budaqov gənclərin bu prosesdə fəal olacağına əminliyini ifadə edib".

Sonra Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov Azərbaycan gənclərinin bütün seçkilərdə fəal iştirak etdiyini deyib və qarşıdan gələn ümumxalq səsverməsində də məhz belə olacağına inandığını qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi Ceyhun Hüseynov isə ölkəmizdə mövcud olan multikultural mühitdən, bütün millətlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasından, dövlətimizin uğurları naminə birgə fəaliyyət göstərməsindən danışıb.

Görüşdə çıxış edən Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, GDU YAP ərazi təşkilatının sədri Cavid Bağırzadə və digərləri qeyd ediblər ki, Konstitusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir, gənclərin inkişafına yeni imkanlar açır.

Cəlilabad rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Cəlilabad rayon şöbəsi gənc seçicilərlə görüş keçirib. Yeni Azərbaycan Partiyası Cəlilabad Rayon Təşkilatının Qərargahında keçirilən görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun Cəlilabad rayon şöbəsinin rəhbəri, YAP Cəlilabad rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatı Malik Həsənov iştirak ediblər. .

Görüşdə ilk çıxış edən YAP Cəlilabad rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı gənclərə Referendum Aktı layihəsi haqqında məlumat verib. O bildirib ki, seçicilər ölkəmizin sürətli inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, təklif olunan əlavə və dəyişikliklərin edilməsini müsbət qarşılayırlar: "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafeylərinin daha da möhkəmləndirilməsinə şərait yaradacaq. Əminəm ki, rayonun gənc seçiciləri referendum günü daha fəal olacaq və ölkəmizin Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə səs verəcəklər".

Sonra Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvü Malik Həsənov gənc seçicilər qarşısında çıxış edərək qeyd edib ki, Konstitusiya islahatları Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə və millətimizin tərəqqisinə xidmət edir. O, daha sonra qeyd etdi ki, ümumxalq referendumuna çıxardılan əlavə və dəyişikliklər bütün sahələrdə indiki dövrün tələblərinə cavab verən çoxsahəli islahatların həyata keçirilməsinə təkan verəcək: "Nəzərdə tutulan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafında çox mühüm rol oynayacaq".

Milli Məclisin deputatı Malik Həsənov gənc seçicilərə nəzərdə tutulmuş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. O əmin olduğunu bildirib ki, Cəlilabadlı gənclər referendum günü siyasi fəallıq göstərərək referenduma "HƏ" deyəcəklər.

Sonra gənc seçicilərdən Vüsal Kazımov, Aysun Babayeva, İlahə Rəhimova, Tahir Teymurov, Mirsənan Şahbazov, Rüfanə Qasımova, Elçin Hüseynov, Ziya Quliyev və başqaları təklif olunan dəyişikliklərin Azərbaycanın mənafeyinə xidmət etdiyini qeyd edərək söyləyiblər ki, bu dəyişikliklər gələcək dövrdə ölkəmizi daha güclü və inkişaf etmiş ölkəyə çevirəcək.

Nəsimi rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Nəsimi rayonunun ilk dəfə səs verəcək gənclərilə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına qatan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamış və gəncliyin önündə yeni üfüqlər açıb: "Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir".

Sədr qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ölkəmizdə dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir: "Bugünkü Azərbaycan gənclərinin də başlıca missiyası ölkəmizdə müşahidə olunan müsbət, insanların rifahını yüksəldən, ölkəmizin qüdrətini artıran, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonra da uğurlar qazanmasını təmin etməkdən ibarət olmalıdır".

YAP Nəsimi rayon təşkilatının Şura üzvləri Əvəz Ələkbərov və Əfqan Abdullayev tədbirdə çıxış edərək bildiriblər ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlib.

"Azərbaycan xalqı öz rəhbərinə inanır və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini birmənalı şəkildə dəstəkləyir"- deyə, natiqlər əlavə ediblər.

Göygöl rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabr ayının 26-sı keçiriləcək referendumla əlaqədar Göygöl rayonunda ilk dəfə səsverəcək gənclərlə görüş keçirib. Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı binasının akt zalında keçirilən görüşdə 120 gənc iştirak edib.

Seçicilərlə görüşü YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açıq elan edərək seçicilərə Referendum Aktı layihəsi haqqında geniş məlumat verib. O bütün gəncləri səsvermə günü aktiv olub, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səsverməyə dəvət edib.

Daha sonra söz Milli Məclisin üzvü Rövşən Rzayevə verilib. Millət vəkili gənc seçicilərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini izah edib, yeniliklərin cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün əhəmiyyətini vurğulayıb:"Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Referendum Aktı layihəsi ilk növbədə ölkəmizdə ictimai siyasi sabitliyin təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətandaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsinə xidmət edəcək".

Millət vəkili çıxışının sonunda bütün Göygöl rayon gənclərini referendumda fəal iştirak etməyə səsləyib.

Sonda çıxış üçün söz YAP Göygöl rayon Gənclər birliyinin sədr müavini Aygün Bağırovaya verilib. A.Bağırova öz çıxışında Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar seçkilərdə gənclərimizi fəal olmağa və seçki günü hərkəsi öz seçki hüququndan istifadə edərək, Azərbaycanın inkişafı naminə səs verməyə çağırıb.

Qaradağ rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Qaradağda sentyabrın 26-da keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aydın Hüseynov Kostitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. Səlahiyyətli nümayəndənin sözlərinə görə, ümumilikdə 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulub ki, bunların da hamısı birmənalı olaraq xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların daha effektiv müdafiə olunmasına xidmət edir.

A.Hüseynov əmin olduğunu bildirib ki, Azərbaycanın inkişafında, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclərimiz ölkəmiz üçün kifayət qədər əhəmiyyətli olan bu prosesdə uğurla iştirak edəcək və dövlətimizin daha da inkişafı naminə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

Görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ölkəmizdə həyata keirilən gənclər siyasətinin uğurlarından, YAP-ın gəncliyin inkişafına dəstəyindən geniş bəhs edib. Onun sözlərinə görə, bu gün dövlətin ciddi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında da məlumat verən S.Orucov qeyd edib ki, bu dəyişikliklər bir çox sahəni əhatə etməklə, ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

S.Orucov Qaradağ rayon gənclərini 26 sentyabrda fəal olmağa və Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Xanlar Fətiyev son 13 ildə ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin uğurlarından, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son 13 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib.

X.Fətiyev deyib ki, respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur: "Bunun nəticəsidir ki, son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb". Xanlar Fətiyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə müşahidə olunan inkişaf meyillərinin daha da sürətlənəcəyini, qarşıdakı dövrlərdə Azərbaycanın inkişafının daha geniş vüsət alacağını bildirib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Zəliha Zamanova, bu il ilk dəfə səs verəcək gənclərdən Kamran Əfəndiyev, Vəzifə Əhmədova və digərləri ölkəmizdə gənclərin ictimai və siyasi həyatda fəal iştirakının təmin olunması, gənclərin potensialının artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdıraraq Konstitusiya islahatlarının gənclərin önündə daha geniş imkanlar açacağını bildirib, ümumxalq səsverməsində bu əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini vurğulayıblar.

Nizami rayonu

26 sentyabr tarixində keçiriləcək referendumla əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Nizami rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Görüşdə çıxış edən referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçki hüququndan, referenduma hazırlıq işlərindən danışıb. Bildirilib ki, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib və müəyyənləşdirilib ki, bu il Nizami rayonunda 887 gənc seçkilərdə ilk dəfə iştirak edəcək.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Nizami rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələrini verəcəklər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətin gənclər siyasətindən danışaraq deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Partiyanın da gənclərə xüsusi münasibət bəslədiyini qeyd edən Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz gənclər bunu çox yaxşı dərk edərək ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik".
Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, I Avropa Oyunlarının qızıl medalçısı, Rio-2016 Olimpiadasının gümüşçüsü, bir çox beynəlxalq idman tədbirlərinin qalibi, "Şöhrət" ordenli, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş Rasul Çunayev ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, gənclərin hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.
Türkiyədə təhsil alan, Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlı bildirib ki, seçki prosesində fəal iştirak, eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. İlk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar. Çünki Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət gərgin mübarizələr aparıb və biz artıq beşinci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusən ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər.
İlk dəfə səs verəcək gənclər adından bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Dövlət Unversitetinin Hüquq fakültəsinə daxil olmuş Elvin İsayev, 657 balla BDU-nun Hüquq fakültəsinə daxil olmuş, Qarabağ müharibəsi veteranı ailəsinin nümayəndəsi Aygün Rəhimli, 676 balla Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olmuş, rayonun 70 saylı lisey-məktəbini qızıl medalla bitirmiş, Azərbaycan dili və ədəbiyyatı üzrə respublika olimpiadasının gümüş medalçısı Gülnarə Abbaszadə və başqaları çıxış edərək gənclərə xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının və Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verəcək. Qeyd edilib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.
Tədbirdən sonra deputat Sədaqət Vəliyeva qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələr və onların valideynləri ilə görüşüb.