Aprel döyüşlərindən sonra nəinki Ermənistan Müdafiə Nazirliyində, o cümlədən Nazirlər Kabinetinin strukturuna daxil oln bütün qurumlarda dəyişiklik aparılması gündəmə gəlib. Ermənistan prezidenti Serj Sarkisyan məğlubiyyətdə, yüzlərlə erməni əsgərinin ölümündə günahı olan hər kəsin vəzifəsini itirəcəyi anonsunu vermişdi. Amma köhnə dostlarından ayrılmağın hansı fəsadlar törədə biləcəyini proqnozlaşdıran Sarkisyan bunun alternativi olmayan bir yolunu düşünüb tapdı. Baş nazir bütün komandası ilə istefaya göndərildi. Amma...
Erməni ekspert Aqasi Yenokyan məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu dəyişiklik bir çox naziri, ələlxüsus müdafiə naziri Seyran Ohanyanı razı salmayıb. Hətta Ohanyanın guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)baş katib gətiriləcəyi xəbəri də artıq sabiq müdafiə nazirinin əsəblərini soyuda bilməyib. Ohanyan açıqlamasında bildirib ki, "belə bir təyinat barədə mənə heç kim tərəfindən təklif gəlməyib. Ona görə də bu xəbəri Sarkisyanın yaxın ətrafı tərəfindən mediaya sızdırılmış yalan, aldadıcı, əsasən kəşfiyyat xarakterli məlumat adlandırıram".
Bundan sonra Ohanyan mətbuat vasitəsilə bəyan edib ki, öz vəzifəsində qalmaq üçün bütün imkanlarından istifadə edəcək. A.Yenokyan qeyd edib ki, əslində Ohanyan bununla Sarkisyana ultimatum göndərib. O, aprel döyüşlərindəki məğlubiyyətdə təkcə özünü günahkar bilmədiyini, bütün günahkarların, satqınların adını media vasitəsilə ictimaiyyətə çatdıracağını deyib.