Deputatlar və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib-FOTOSESSİYA

13 May 2011 14:12 (UTC+04:00)

Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində Bakı Futbol Federasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatlarından və KİV nümayəndələrindən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 5:4 hesabı ilə jurnalistlərdən ibarət komandanın xeyrinə başa çatıb. Mətbuat nümayəndələrinin heyətində Nurşən Quliyev (APA) het-trik edib. Hərəyə bir dəfə isə Anar Xanlarov ("Çempion" qəzeti) və Gündüz Abbaszadə (ANS TV) fərqlənib. Deputatlardan Fazil Qəzənfəroğlu dubl edib, digər iki qolu isə Qüdrət Həsənquliyev və Siyavuş Novruzov vurub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə qarşılaşmanın hakimlərinə, eləcə də hər iki komandanın heyətində daha yaxşı oyunu ilə fərqlənənlərə Bakı Futbol Federasiyasının və Mətbuat Şurasının hədiyyələri verilib. Bakı Futbol Federasiyası və Mətbuat Şurası Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində fəal iştirakına görə AFFA tərəfindən xüsusi diplomla təltif olunub. Diplomları AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev müvafiq olaraq BFF-nin vitse-prezidenti Məzahir Süleymanzadəyə və Mətbuat Şurasının sədri Əflatun Amaşova təqdim edib. Hər iki komandanın bütün üzvlərinə AFFA-nın hədiyyələri verilib. Sonda Bakı Futbol Federasiyasının və Mətbuat Şurasının xatirə kubokları komandaların kapitanına təqdim olunub.