Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks turnirində yarımfinalçıların adları məlum olub. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarından Araz Gülməmmədov (46 kq), Elnur Şəfizadə (46 kq), Eyvaz Əsgərli (48 kq), Məsud Yusifzadə (48 kq), Mətin İsmayılov (50 kq), Malik Muradov (52 kq), Nadir Haqverdiyev (52 kq), Nurlan Nağıyev (57 kq), Telman Qafarlı (60 kq) və Orxan Fərzəliyev (66 kq) ¼ final mərhələsinin görüşlərini qələbə ilə başa vurublar. Boksçularımızdan Mətin İsmayılov komanda yoldaşı - Orxan Əliyevi böyük üstünlüklə məğlub edib. 60 kq çəki dərəcəsində mübarizə aparan Səbuhi Abbaszadə isə Türkiyə nümayəndəsi Mehmet Atəşin zərbələri qarşısında görüşü sonadək davam etdirə bilməyib. 11 ölkənin dəri əlcək ustalarının mübarizə apardığı yarışda bu gün yarımfinal döyüşləri keçiriləcək. Turnirə mayın 14-də yekun vurulacaq.