Bakı Turizm Peşə Məktəbində Bilik günü münasibətilə tədbir keçirilib FOTOLAR

15 Sentyabr 2016 16:12 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək planları barədə ətraflı məlumat verib. Bildirib ki, Bakı Turizm Peşə Məktəbi turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Bu il məktəbin 420 məzunu olub. Təhsil müəssisəsinə 500 tələbə qəbul edilib. Direktor mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi, turizm sektorunun tələblərinə uyğun yeni ixtisasların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, ölkəmizin turizm sənayesinin inkişafında onların da öz imzalarının olmasını arzulayıb: "Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır. Bütün təhsil müəssisələrimizin əsas işi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir. Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbi turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur. Ancaq bununla yanaşı, daha yüksək nailiyyətlər əldə etmək üçün tələbələrimizin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın tarixini, mədəniyyətini dünyaya tanıtmaq sizlərin borcudur. Daim öyrənməyə çalışmaqla, savadlı, peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini sevən, məsuliyyətli vətəndaş kimi ölkəmizi layiqincə təbliğ edib tanıtmalısınız".

Nazir vurğulayıb ki, ölkəmizdə turizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı altındadır. Ölkə başçısının müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı kimi təsis edilməsi bu sahəyə olan diqqətin daha bir göstəricisidir.

Son illər əcnəbilərin ölkəmizə marağının artdığını bildirən Əbülfəs Qarayev xüsusilə Körfəz ölkələri və Rusiyadan gələn turistlərin sayında xeyli artım olduğunu diqqətə çatdırıb.

Sonda nazir ötən ilki məzunlara diplomlar və bu il qəbul olunan bir neçə tələbəyə tələbə biletlərini təqdim edib.