Əli Əhmədov: "Jurnalistlər peşəkar olmasalar da oyunları ilə kifayət qədər yaxşı voleybolçu olduqlarını sübut etdilər"

5 May 2011 14:03 (UTC+04:00)
"Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası bir sıra tədbirlər keçirir və bunlar içərisində bir neçə idman tədbirləri də öz əksini tapıb". Bu sözləri siasport.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib.

O bildirib ki, keçirilən bütün tədbirlərlə, o cümlədən də bu gün şahidi olduğumuz voleybol turnirində iştirak edən gənc və həvəskar voleybolçular bu yarışla ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan dərin hörmətlərini ifadə ediblər.. Onun sözlərinə görə, keçirilən turnirlər bütövlükdə Azərbaycanda idmanın kütləviləşməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, ölkəmizdə idmanın inkişafında və hər bir Azərbaycan vətəndaşının idman yarışlarında iştirak etməsində böyük rol oynayır.
"Hesab edirəm ki, keçirilən bu turnir, şahid olduğumuz final yarışı "Yeni Azərbaycan" qəzeti, "Səs" İnformasiya Agentliyi və "Azərtac" Xəbər Agentliyinin kollektivinin peşəkar fəaliyyəti ilə yanaşı, həm də idmanla həvəskar səviyyəsində məşğul olduqlarını, sərbəst vaxtlarını idmanla keçirdiklərini göstərdi. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, keçirilən final oyunu kifayət qədər maraqlı idi. Jurnalistlər peşəkar olmasalar da oyunları ilə kifayət qədər yaxşı voleybolçu olduqlarını sübut etdilər. Mən bütün iştirakçıları, o cümlədən yarışın qaliblərini təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyası bundan sonra da ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yüksək tutaraq müxtəlif tədbirlərini davam etdirəcək",- deyə YAP-ın icra katibi qeyd edib.