Xalq şairinin 110 illiyi qeyd olunub FOTOLAR

14 Sentyabr 2016 17:54 (UTC+04:00)

Sumqayıt Şəhər Mədəniyyət Evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, "Könlümü şeirə vermişəm" adlı ədəbi-bədii gecəyə "Veteran "xalq xorunun dirijoru Türkan Mahmudova və ŞME-nin özfəaliyyət kollektivinin üzvü Əlipaşa Paşayev aparıcılıq edib.

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, "Xəyal" instrumental ansamblın (rəhbər Allahverdi Xəyal, konsertmester Radim Hüseynov) solistləri Vüsalə Hüseynova, Fidan Nağiyeva, Mehdi Yusifzadə, Elşən Quliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Tədbirdə şair Əvəz Mahmud Lələdağın çıxışı, bədii qiraət ustası Gülbəniz Abbasovanın ifasında şairin "Ana və poçtalyon" şeiri böyük maraqla qarşılanıb.

Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən şairin həyat və yaradıcılığını əhatə edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş edilib.