Gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

3 May 2011 14:55 (UTC+04:00)

Mayın 7-dən 8-dək Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcəklər. 1991-1993-cü il təvəllüdlü idmançıların iştirak edəcəyi turnirdə 8 çəki dərəcəsində (50, 55, 60, 66, 74, 84, 96 və 120 kq) güclülər müəyyən ediləcək. Turnirin proqramına əsasən, mayın 7-də qrup görüşləri, mayın 8-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. İlk üç yeri tutan komandalara Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı veriləcək.