Xızılılar Referenduma "HƏ" deyir FOTOLAR

8 Sentyabr 2016 13:37 (UTC+04:00)

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Xızı rayonunda seçicilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qazetinin baş redaktoru Bəhruz Quliyev, Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov, Bakı Dövlət Unversitetinin Hüquq fakultəsinin dekanı professor Əmir Əliyev, hüquq elimləri doktoru Əfsər Sadıqov, rayon ziyalıları, gənclər və digərləri iştirak ediblər.

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bu sənədin qəbulu həmçinin vətəndaş-məmur münasibətlərində olan problemləri aradan qaldırmaqla yanaşı, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək. Referendum aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulur. Xızılıları səsvermədə aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyətli nümayəndəsi, "Səs" qazetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, təklif edilən əlavə və dəyişikliklər milli dövlət təhlükəsizliyimizin təminatında, eləcə də sabitliyin qorunmasında böyük əhəmiyyət kəsb edəcək: "Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bütün Seçiciləri sentyabrın 26-da məntəqələrə gəlib, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə səs verməyə dəvət edirəm".

Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov bildirib ki, sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi – Referendumun keçirilməsi zamanın tələbindən irəli gələrək eyni zamanda bir sıra mühüm hüquqi normalara uyğunlaşdırmaq məqsədi daşıyır: "Təklif olunan əlavə və dəyişikliklərlə tanış olduqda məlum olur ki, sənəddə nəzərdə tutulan müddəaların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Bu baxımdan xalqımız öz gələcəyi naminə səsvermədə fəal iştirak edib, sənədi dəstəkləməlidir".

Bakı Dövlət Unversitetinin hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, hüquq elimlər doktoru Əfsər Sadıqov təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını,ümumxalq səsverməsi-Referenduma çıxarılan müddəaların hər biri xalqımızın gələcəkdə daha da yaxşı yaşamasına xidmət edəcəyini qeyd ediblər.

Görüşdə çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini dilə gətiriblər.