Mirça Rednik: "Özümü "Xəzər Lənkəran"da yaxşı hiss edirəm"
27 Aprel 2011 16:41 (UTC+04:00)
Mirça Rednik "Xəzər Lənkəran"dan ayrılmağa hazırlaşır. Siasaport.az saytı xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Rumın jurnalistlərin iddiasına görə, "Xəzər Lənkəran"ın çalışdırıcısı Buxarest "Rapid"nə qayıtmağa hazırlaşır. Məlumatda bildirilir ki, Rednik son dövrlər tez-tez "Rapid"in prezidenti Georgi Koposla danışır və tərəflər arasında danışıqlar davam edir.
Lakin Rednik özü açıqlamasında xəbərləri təkzib edib: "Rapid"lə danışıqlar aparmamışam. Bu kluba qayıtmaram. Çünki orada çalışmaq tam fərqlidir. Bir sıra amillər var ki, bunlar "Dinamo" və "Styaua" kimi köklü komandalarla rəqabət aparmağa imkan vermir. "Rapid"də hər gün belə problemlə üzləşməli olursan. Rumıniyaya qayıtmaq istəmirəm. Ola bilsin ki, bir ildən sonra qayıdım. Amma indi yox. Mən özümü "Xəzər Lənkəran"da yaxşı hiss edirəm. Biz rəhbərliklə əməkdaşlığımızı iki illik artırmağa hazırlaşırıq".