AFFA qalmaqalda
27 Aprel 2011 12:53 (UTC+04:00)
Türkiyə Futbol Federasiyası (TFF) FİFA-nın 202 ölkəyə göndərdiyi 15 sualın sınaq öncəsi oğurlandığını müəyyənləşdirib. Siasport.az saytı supersport.az-a istinadən xəbər verir ki, TFF 15 suala 5-ni əlavə edərək 118 nəfəri sınağa çəkib və onlardan 38-i FİFA menecerlik lisenziyası alıb. Ancaq imtahandan sonra ortaya şok iddialar çıxıb. Türkiyə futbol qurumu araşdırma nəticəsində müəyyən edib ki, imtahan sualları bəzi ölkələrdən gizli yolla əldə edilib. Buna görə də 31 martda menecerlik imtahanının nəticəsinin ləğv olunmasına qərar verilib və FİFA-ya müraciət edib. TFF bununla bağlı bəyanat yayıb: 10 günlük araşdırma nəticəsində 15 sualın imtahanın bəzi iştirakçıları tərəfindən öncə əldə olunduğu müəyyən edilib. Bəziləri eyni doğru və yanlış cavabları işarələyib, hesablama tələb edən suallarla əlaqədar imtahan vərəqində heç bir hesablama aparılmadığını və sonra etiraz ərizələrinin də eyni olduğunu görən TFF imtahanın ləğv olunmasının vacibliyini FİFA-ya çatdırıb. Türkiyə futbol qurumu tərəfindən hazırlanan 5 sual da analiz edilib, ancaq sualların oğurlanması ilə bağlı hər hansı bir sübut tapılmayıb.
TFF İdarə Heyətinin üzvü Yunus Egemenoğlu bildirib ki, imthanın ləğvi labüddür: "Milli federasiya imtahana 5 sual da əlavə etmişdi. Araşdırma zamanı TFF-nin deyil FİFA-nın suallarının ələ keçirildiyi məlum olub. O suallar da 202 ölkəyə göndərilir. Məlum səbəbdən imtahanları ləğv etməyə qərar verildi. Bu məsələdə geri addım ata bilməzdik. Əminəm ki, imtahana hazır olanlar yenə də sınaqdan keçməyi bacaracaqlar". Qurum rəsmisinin sözlərinə görə, artıq 7 nəfərin saxtakarlıq etdiyi aşkarlanıb: Ola bilər ki, bu rəqəm daha da çox olsun. Bu vəziyyəti göz önünə alaraq, imtahanı ləğv etmək vacib idi.
Qeyd edək ki, FİFA-ya aid sualların bir türk menecer tərəfindən Azərbaycan və Rumıniyadan alındığı iddia edilir. Suallar isə AFFA-ya göndərilir.