"Qarabağ"dan kimlər gedəcək?
25 Aprel 2011 13:08 (UTC+04:00)
Mövsüm başa çatandan sonra "Qarabağ"ı tərk edəcək futbolçuların adlarına aydınlıq gəlib. Siasport.az saytı fanat.az-a istinadən xəbər verir ki, Ağdam klubunun 4 futbolçu ilə yollarını ayırması artıq dəqiqləşib.
Bunlardan biri Aslan Kərimovdur. "Qarabağ"ın kapitanı bir müddət əvvəl karyerasını bitirəcəyi ilə bağlı qərarını açıqlayıb.
Mövsümün sonunda Ayxan Abbasov və Sahil Kərimovun komanda ilə müqaviləsi başa çatacaq. Bu futbolçularla müqavilə uzadılmayacaq və onlar özlərinə yeni klub tapmalı olacaqlar.
Komandanı tərk edəcək futbolçulardan biri də Devran Ayhandı. Yayda "Xəzər Lənkəran"dan "Qarabağ"a keçən türk futbolçu heç cür yeni klubunda möhkəmlənə bilmədi. Bir müddət zədəli olan Devranla da yollar ayrılacaq.
Emin İmaməliyev də komandanı tərk edə bilər. Heyətə düşə bilməyən təcrübəli yarımmüdafiəçi böyük ehtimalla "Qarabağ"dan gedəcək. Amma Emin hələki bununla bağlı qərarını verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Andreys Rubinsin yayda "Qarabağ"dan göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Amma bununla bağlı hələ yekun qərar verilməyib. Komanda ilə bir illik anlaşması olan futbolçunun müqaviləsindəki böyük məbləğdə təzminat məsələsi "Qarabağ" rəhbərliyini düşünməyə məcbur edir.