Elman Rüstəmov: "Yığma komadalarımızın potensialına uyğun nəticə gözləyirik"

31 Avqust 2016 14:21 (UTC+04:00)

"Kişi şahmatçılardan ibarət milli komandamız 2 dəfə Avropa çempionu olub. Qadın komandamızın da nailiyyətləri var. Ümid edirik ki, komandalarımız Bakı Şahmat Olimpiadasında da yüksək nəticələr qazanacaqlar". SİA-nın məlumatına görə, bunu 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

O qeyd edib ki, şahmatçılarımıza doğma divarlar arasında çıxış etmək əlavə stimul verəcək. Bildirib ki, yığma komandalarımız olimpiadaya yüksək səviyyədə hazırlıq keçiriblər: "Təlim-məşq toplanışlarına xaricdən əcnəbi mütəxəssislər dəvət olunub. Komandalarımız üçün bütün lazimi şərait yaradılıb. Bunlarla yanaşı, idmançıların məişət problemləri də həll olunub. Şahmatda reytinq, fərdi ustalıq vacibdir. Ancaq komanda ruhu da mühüm əhəmiyyət kəsb edir. Yığma komadalarımızın potensialına uyğun nəticə gözləyirik".