Azərbaycanın Olimpiya Hərəkatına qoşulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan olimpiya hərakatını şərti olaraq üç dövrə bölmək mümkündür: SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak (1952-1992), Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Olimpiya Oyunlarında iştirak (1992), Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Hərakatına qoşulması (1992-ci ildən sonrakı dövr).
Azərbaycanın olimpiya hərəkatına qoşulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəliblər. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev onları qəbul edib. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir.
Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Ulu Öndər Heydər Əliyevin böyük əməyi olub. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verib. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olunub, bir gümüş medal qazanılıb.
Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirib. İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçilib. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb
Azərbaycan demək olar ki, Olimpiya ölkəsinə çevrilib. Ötən dövrə nəzər salanda Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunur. Milli Olimpiya Komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, Komitəyə 1997-ci ildən İlham Əliyev Prezident seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı sürətli şəkildə inkişaf etməyə başlayıb. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Ölkəmizin bütün rayon və şəhərlərində yeni və müasir idman kompleksləri tikilib, idmançıların istifadəsinə verilib.
1998-ci ildə Respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatılıb. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında ölkəmiz 5 nəfər idmançı ilə 4 yarışda təmsil olunub.
2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü olub.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı olub. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak ediblər.
2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında idman tariximizdə ilk dəfə olaraq 5 medal qazanmışıq. Bütün bunlar dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.
Azərbaycan 2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Yay Olimpiya Oyunlarında 37 idmançı ilə 10 idman növündə təmsil olunub. Yığmamız bu olimpiadada 1 qızıl və 4 bürünc medal qazanıb.
2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında isə ölkəmiz 44 idmançı ilə 10 idman növündə təmsil olunub. İdmançılarımız Pekindən 1 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdıblar.
2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Yay Olimpiya Oyunlarında yığma komandamız 53 idmançı ilə 15 idman növündə mübarizə aparıb. Komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq akademik avarçəkmə, idman gimnastikası, kanoe-sprint, qılıncoynatma və şosse velosipedi idman növlərində təmsil olunub.
"Rio-2016"da Azərbaycan özünün 10 müxtəlif rekordunu yeniləyib
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycanın 56 idmançısı 17 idman növündə yarışıb. Yığmamız olimpiadada 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), həmçinin kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırıb.
XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan komandası medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutub.
Bu Olimpiya Oyunları Azərbaycanın Olimpiya tarixində yeni səhifə açıb. Belə ki, Azərbaycan məhz bu yarışlarda, tarixi ərzində ən çox medal qazanıb (18 medal). Həmçinin güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran idmançılar olaraq tarixə düşüblər. Ümumi yekunda Azərbaycan Rio-de-Janeyro Olimpiadasında özünün 10 müxtəlif rekordunu yeniləyib.
1991-ci ildə müstəqillik qazanan Azərbaycan üçün Rio-de-Janeyro Olimpiadası sayca yeddinci Yay Olimpiya Oyunları olub. Azərbaycan Olimpiya Oyunları tarixində birinci dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunub. Buna qədər ölkəmizin rekord göstəricisi London Olimpiadasında qeydə alınıb - 53 idmançı. Azərbaycan Rio-de-Janeyro Olimpiadasında, həmçinin birinci dəfə olaraq kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon idman növlərində təmsil olunub.
Həmçinin Rio-de-Janeyro Olimpiadasında Azərbaycanın idman şərəfini qoruyan 56 idmançının təxminən 60 faizi, yəni 34 nəfəri milliləşdirilmiş legionerlərdir və Ukrayna, (14), Rusiya (8), İran (3), Bolqarıstan (2), Belarus (1), Efiopiya (1), Gürcüstan (1), Keniya (1), Kuba (1), Qazaxıstan (1) və Sloveniyanın (1) yetişdirdiyi idmançılardır.
Azərbaycan komandasının ən gənc idmançısı 14 yaşlı üzgüçü Fatimə Alkərəmova, ən yaşlı idmançısı isə 33 yaşlı kanoeçi İnna Osipenko-Radomskadır. Həmçinin Azərbaycanın 56 idmançısından 33 nəfəri birinci dəfə Olimpiya Oyunlarına qatılıb.
Ölkəmizi Rio-de-Janeyro Olimpiadasında idmançılarla yanaşı üç hakim də təmsil edib - Aydın Ağaəliyev (gimnastika), Hicran Şərifov (güləş), Zaur Abdullayev (boks).