İngiltərənin iki nəhəng futbol klubu olan "Mançester Yunayted" və "Çelsi" indi də əzəli rəqabətlərini əcnəbi qapıçı transferində ortaya qoyublar. Siasport.az saytı xəbər verir ki, hər iki ingilis klubu İspaniyanın "Atletiko Madrid" futbol klubunun 20 yaşlı qapıçısı De Geanı transfer etmək üçün mübarizə aparırlar. Bir sıra məlumatlarda guya artıq "Mançester Yunayted" klubunun menecerlərinin ispan klubu ilə bu məsələdə razılığa gəldiyi, 5 illik müqavilə şərti ilə qapıçının "qırmızı şeytanlar"a transfer olunduğu və "Atletiko Madrid"in də bundan düz 20 milyon avro qazanc əldə etdiyi deyilirdi. Amma ispan klubunun idarə heyətinin sədri Miguel Angel Gil Marin bütün bunları təkzib edərək bildirib ki, onlar qapıçılarını heç yana buraxmaq istəmirlər və o klubun gələn ilki planlarında da yer alır. Bununla yanaşı o etiraf edib ki 20 yaşlı qapıçının transferində hər iki ingilis klubu maraqlıdır.