Mütəllim Rəhimli: “Vəziyyətdən çıxış yolu yoxdur” MÜSAHİBƏ

15 Avqust 2016 18:45 (UTC+04:00)

SİA Mütəllim Rəhimlinin müsahibəsini təqdim edir:

- Mütəllim bəy, ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə müxalifət liderlərini ittiham edərək, onları şizofrenik xəstə adlandırıb. Konkret ad çəkməsədə bu çox ciddi ittiham olduğunu demək olarmı?

- Hər hansı bir ölkədə siyasilərin bir-birlərini hədəfə alması normal bir şeydir. Amma təəssüflər olsun ki, Azərbaycanda bu kimi məslələrdə ifrata gedilir. Özünü müxalifət cəbhəsində hesab edən siyasi partiya funksinerləri düşərgədaxili acınacaqlı vəziyyətə görə, məhsuliyyəti bir-birlərinin üzərinə qoyurlar. Bu isə problemin həllindən daha çox ictimaiyyətin diqqətinə gəlmək və gündəmdə qalmağa xidmət edir. Bu baxımdan ADP sədri Sərdar Cəlaloğlunun mövqeyi başa düşüləndir.

- Sizcə, nəyə görə müxalifət liderləri birliyə can atmaqdansa mövcud barışığı, birliyi pozmağa daha çox meyil göstərirlər?

- Əslində bu Azərbaycan siyasi səhnəsində təəssüf doğuran bir haldır. Məsələ bundadır ki, adətən siyasi partiyalar ideoloji, siyasi platforma və ideya üzərində yaradılır. Amma təəssüflər olsun ki, Azərbaycanda belə deyil. Yəni siyasi partiyalar ideologiya ətrafında deyil, liderlər ətrafında formalaşmağa başladı. Məhz bu amildə onların birləşməsinə mane olur. Ümumiyyətlə, bəzən ölkədə bu cür də olur ki, siyasi partiya yaratmaq siyasi mübarizə üçün deyil, şəxsi mənafeylərini təmin etmək və maddi stabilliyini qorumaq, inkişaf etdirmək üçündür yaradılır. Bu isə yolverilməzdir.

- Artıq fakt budur ki, müxalifətin yalnız mətbuatda mövcudluğu var. Sizcə, müxalifətin birliyinə və bir olmasına mane olan səbəblər nədir və kimlərdir?

- Müxalifətin gündəmdə olması məhz onların gördükləri əməllərlə bağlıdır. Yəni müxalifət mətbuatda daha çox gördükləri işlərlə bağlı yox, bir-birlərinə atmacalı sözlərlə gündəmə gəlməyə çalışırlar. Buna görə də, müxalifət dağılır, qopmalarla üzləşir. Vəziyyətdən çıxış yolu isə yoxdur. Çünki, didşən tərəflər bir-birinə güzəştə getmək istmirlər. Hər biri özünü aparıcı lider hesab edir, nufuzlu partiya sədri kimi təqdim etməyə çalışır. Düşünürəm ki, problemlər həll olunmasa, müxalifətin birliyi heç zaman alınmayacaq.

Gülyanə Ağakərimova