El ağsaqqalı, mərhum Fərəc Fərəcova
Qəfil, üzüntülü ölüm xəbərin sarsıtdı, incitdi məni. Qurumadı gözlərimin nəmi. Doğma atamı itirdiyim ağrı-acıdan sonra sənin də itgin qəlbimi göynətdi, sızlatdı. Hər dəfə sənin ziyarətinə gələndə xoşhallıqla qarşılardın, "Elə bil ata ocağına gəlirsən... Tez-tez gəl... jurnalist qızım" deyərdin. Mənə olan atalıq qayğısını əsirgəməzdin. Maraqlı söhbətlərinlə vaxtın necə gəlib keçməsini hiss elətdirməzdin. Gözəl avazın var idi. Könlünə düşəndə, ara-sıra zümzümə edirdin. Heyranlıqla qulaq asırdım. Keçmişdə olan hadisələri elə maraqla və həvəslə nəql edirdin ki, dinləməkdən doymurdum. Ömür yolun bir dastana bərabərdi. Haqqında yazmağımı təklif edəndə təvazökarlıq edirdin... Ailəndən Vətənimizə, cəmiyyətimizə ziyalılar yetirdin. Bunu hər dəfə fəxrlə söyləyirdin. Elinin-obanın istəklisi olmaqla yanaşı, həm də ləyaqətli ailə başçısı, qayğıkeş ata, sevimli baba, bir sözlə, dəyanətli, gözəl insan idin. Əsl nəcabətli, zəngin mənəviyyatlı şəxsiyyət kimi sadə və səmimiliyinlə hamının rəğbətini qazanmışdın. Həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxmışdın. Varın, sərvətin hörmət-izzətdi, tutduğun nurlu yol haqq-ədalətdi.
Sonuncu dəfə səni görəndə elə bil ürəyinə dammış kimi, üzünü Leylaya tutub dedin: Jurnalist qızımızı heç vaxt unutma! İndi sənsiz ağlar qaldı dərdli Leyla da.
Allah Təala qüdrətindən sənə yaraşıqlı boy-buxun, qamət vermişdi. Yaşının çoxluğundan ağrılar hiss etsən də, özünü qürurlu göstərirdin. Nurlu baxışların, xoş siman indi də gözlərim önündə canlanır. Sənin yoxluğuna inana bilmirəm. Daima qəlbimizdə yaşayacaqsan! Ürəklərimizdə adın qaldı... Xeyirxah əməllərin unudulmazdı. Əziz və əvəzsiz xatirən qəlbimə əbədi həkk olub. Məkanın behişt, torpağın nur olsun! Qovuş ilahinin rəhmətinə! Səbrlər diləyirəm əzizlərinə!
İlhamə Məhəmmədqızı