Türkdilli xalqların müqəddəs birliyi TURANÇILIQ

12 Avqust 2016 14:05 (UTC+04:00)

Müsahibim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin başqan müavini və Milli QHT Forumu Sumqayıt regional koordinatoru özəl sektorlarla iş mərkəzinin rəhbəri Mübariz Quliyevdir.

- Mübariz müəllim, ilk öncə özünüz haqqında elə özünüzdən eşidək…

- Sumqayıtda böyüyüb, boya-başa çatmışam. Bu şəhər mənim yalnız işlədiyim, iş qurduğum şəhər deyil, könlümün şəhərdir. Sumqayıtda keçən uşaqlığım, "Gənclik şəhəri"ndəki gəncliyim geriqayıtmaz bir gözəllikdir mənimçün… Onu da vurğulayım ki, Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Azərbaycan Texnalogiya Universitetinin yeyinti məhsullarının texnalogiyası fakültəsini bitirmişəm. Və sizə səmimi deyim ki, mən bu gözəl şəhərdən mümkün olduğu qədər uzaqlaşmamağa çalışmışam həmişə.

Sumqayıtdan ən uzunmüddətli ayrılığım 1989-91-ci illərdə oldu. – O da ata-babamın doğulub boya-başa çatdıqları Tovuzun Əlibəyli kəndinin könüllü özünümüdafiə dəstəsinə qoşulub, Ermənistandan hərbi həmlələri dəf edərkən… Bax, məhz o illər mənim həyatıma, sonrakı çalışmalarıma özəl anlam qatdı. Gənclik həyatına yenicə atıldığım o illər öz keçmişimə yeni gözəllik qatdı… Görürsüzmü, bir tərəfdən mənim doğma, gözəl şəhərimdən danışarkən, digər tərəfdən, ön cəbhədən danışarkən ömrümün ən gözəl, anlamlı günlərini keçirdiyimi deyirəm. Bu nəyi ifadə edir? – İlk öncə, anamız, ev-eşiyimiz, sonra məhəlləmiz, məktəbimiz, daha sonra ali məktəb ya iş kollektivimiz… deyərkən, həyat bizi burdan ora, ordan bura atır, insane həyatının maraqlı bir kitab vərəq-vərəq səhifələnir… oxunur, oxutdurur… öyrənir, öyrədirik… Nə gözəl ki, bu dəyişim, bu çevrilmələrdə Vətən vardı, Vətən eşqi vardı və yenə var, gələcəkdə də olacaq. Çuvaş qardaşlarımızın bir yaxşı sözü var, deyir: "Epir pulna! Pul! Pulatpır!" – Yəni, "Vardıq! Varıq! Var olacağıq!"

Bir də, sevdiyim bir mahnıdan iki kəlmə xatırlatmaq istərdim:

"Hər şey gözəldi həyatda,

Özün bir gözəllik yarada bilsən..!"

Mən sizə gələn və hamının dediyi əksəl formatda – bəlli şablonda öz keçmişimi danışmadım. Məncə, quru faktları hər kəs hansısa qaynaqdan əldə edə bilər, əsas olan, estetik dəyərlərə münasibətin ifadəsi, duyğunun təcallasıdır, düşüncənin şəklidir – elə deyilmi?

- Elədi.

-Yəqin elə ona görə də, biz bugün burda – mənim qurduğum, dostlarımla, əməkdaşlarımızla birgə brendə çevirdiyim "TURAN" ailəvi istirahət mərkəzində söhbət edirik. O "TURAN"dakı ki, fəaliyyətimizlə şəhərimizin qonaqlarina və sakinlərinə layiq olduqları yüksək xidməti göstəririk. Elə etməyə çalışırıq ki, damaqları çağ olsun, könülləri şad… Buranı doğma məkan bilsinlər…

Bizim iş dünyası mənsubluğumuzun yanısıra ictimai fəaliyyətimiz də olduğunu bilirsiz. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin başqan müavini və Milli QHT Forumu Sumqayıt regional koordinatoru özəl sektorla iş mərkəzinin rəhbəri olmağım, mənim üzərimə başqa bir məsuliyyət qoyur. Rəhmətlik Hüseyin Nihal Atsız yazırdı ki:

"…Həyat polad əllərlə atılan zər olmalı!

Rahat yataqda ölmək, əcəb olmazmı çilə?"

Məncə, bu bizim müharibə veteranlarının ovqatını yaxşı izah edir. Biz şahidlər şəhidlərimizin yarımçıq qalan işlərini də hökmən davam və inkişaf etdirməliyik: ön cəbhədə, əmək cəbhəsində, ictimai fikirdə və s…

Sizin bu müsahibəni də ictimai fikrimizin qidalanması baxımından faydalı hesab edir, öncədən təşəkkürlərimi yetirirəm.

- Bir halda, biz "TURAN"da söhbət edirik, siz ATSIZı xatırlayırsız, gəlin, Turançılığın tarixi və bu ülkünün dünyada yayılması ilə bağlı fikirlərinizi eşidək… Çünki bir əsrdən çoxdur ki, ulularımız Turançılığı təbliğ etməyə və bu müqəddəs ideyanı yaymağa çalışsalar da bu, onlara çox vaxt nəsib olmayıb…

- Turançılıq, bütün Ural-Altay qövümlərinin birliyini müdafiə edən siyasi-ideoloji görüş kimi də, bir böyük etnosun öz keçmişinə sayğısının ifadəsi, "Ortaq keçmişdən ortaq gələcəyə" çağırış kimi də, bir etnoqrafik landşaft hadisəsi, türkoloji hadisə olaraq da izah edilə bilər – əslində, hər üçü də "ekvivalentdir" deyə bilərik.

Hələ çar Rusiyasında 1905-ci il devrimindən öncəki günlərdə Azərbaycan və Tatar aydınları tərəfindən ortaya atılmış Turançılıq ideyası, 1908-ci ildə II Məşrutiyətin elanından sonra Osmanlıda da geniş əks səda bulmuşdur. Osmanlıda, İttihad və Tərəqqi yönətimi içində Ziya Göyalpın bayraqdarlıq etdiyi Turançı görüşlər. həmin vaxtı hakim mövqe qazanmışdı.

Ziya Göyalpın bir mənzuməsində istifadə etdiyi beyit, Turançı düşüncənin qısa özəti sayıla bilər:

Vətən nə Türkiyədir türklərə, nə Türkistan;

Vatan büyük ve müebbet bir ölkədir: Turan!..

Ziya Göyalp özünün ünlü "Türkçülüyün əsasları" adlı əsərini məhz bu mövzuya həsr etmişdir. Ruhu şad olsun! Öndan çox öncələr – XI yüzildə yaşayıb-yaratmış Qaşqarlı Mahmud babamız "Divani Lüğəti-it-Türk" əsərini yazmışdı. Qaşqarlı babamızdan Göyalpadək, Göyalpdan günümüzədək bu qutsal yolda olanlar, qutsal yolçuları anladan başqa aydınlarımız da olub, əlbəttə. Elə günü bugün bu müqəddəs yolda çalışan neçə parlaq yeni nəsil türkoloqumuzun da adını çəkə bilərik.

Bu yerdə, I Türkoloji Qurultayın Bakıda keçirildiyini, həmin Qurultayın 80 illik, həm də, bu ilki 90 illik yubileyinin dövlət başçımızın uyğun Sərəncamı əsasında yüksək səviyyədə münasibət görməsini də şükranlıqla qeyd etməliyəm. Hesab edirəm, bu ilki elmi konfranslar, görkəmli türkoloq və gənc araşdırmaçıların ölkəmizə gəlməsi yadda qalan iş olacaq.

Mən söhbətimizi təsadüfən tarixin o üzündən bugünümüzə gətirmədim. – Bugün turançılıq, türkçülük Qarabağdan, Azərbaycanın ərazi bütövlüyündən keçir, başqa sözlə, türkçülük, turançılıq düşüncəsi sahibləri Şuşalı Qarabağ, Qarabağlı Azərbaycan, Azərbaycanlı Qafqaz, Qafqazlı Türk Dünyası, Türk Dünyalı Dünya..! ardıcıllığını mütləq qəbul etməlidir, deyə düşünürəm.

- Yeri gəlmişkən bugünlərdə Macarıstanda VI Turan Qurultayı keçirilir. Siz 2 il öncə, V Qurultayda nümayəndə olmusuz. Bu böyük hadisə barədə fikirləriniz çoxminli oxucularımız üçün də maraqlı olardı.

- Bəli, 2 il öncə, Macarstanın Buğacı bölgəsində V Turan Qurultayında nümayəndə olmuşam. İlk dəfə Macar Turan Fondu tərəfindən keçirilən Hun-Türk Qurultayları öz ardıcıllığını qoruyur, ilbəil böyüyür və iki ildən bir, daha səviyyəli şəkildə keçirilir. Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan, o cümlədən, avarlar, başqırdlar, çuvaşlar, qaqauzlar, qaraqalpaqlar, qızıldərililər, tatarlar, tuvalar, saxa-yakutlar, noğaylar, moğollar, uyğurlar və b. türk xalqları coşğulu, eşqli, ümidli gənclərlə, alimlərlə, sənətçilərlə təmsil olunurdu. – Uzun sözün qısası, V Qurultaya, üst-üstə 27 dövlətdən nümayəndə heyəti gəlmişdi.

V Qurultayda olduğu kimi, indiki – VI Qurultayda da respublikamız mötəbər şəkildə təmsil olunur. Millət vəkilləri, sənət xadimləri, alimlər, QHT və KİV təmsilçiləri, gənc nəslin nümayəndələri olmaqla, böyük və sanballı nümayəndə heyətimiz artıq Macarıstandadır.

V TURAN (Hun-Türk) Qurultayını fərqləndirən əsas özəlliklərdən biri Qurultay keçirilən ərazidə böyük Atilla "Yurt"unun ("Atilla Çadırı"nın) qurulması idi - qara rəngdə qurulan "yurt" tarixə, o vaxtadək qurulan ən böyük çadır olaraq keçdi… Qədim hun döyüşçülərinin zirehli geyimləri ilə təpədən-dirnağa silahlanmış atlıların "yurt"un ətrafında rəmzi keşik çəkməsi, iki gün ərzində 10 minlərlə insanın ziyarət etdiyi "yurt"un içərisində hunların Altaylardan Karpat hövzəsinə gəlişini əks etdirən əsl tarixin canlandırılması… oxatma, at sürmə, qızınc qurşama və başqa yarışların keçirilməsi yaddaşoyadan hadisələrdi. Yəqin bu il də yeniliklər olacaq.

Ayrıca, nümayəndə heyətlərinin Macarıstan parlamentində qəbul edilməsi, Qurultayın gedişində Macarıstanın bir sıra rəsmi şəxslərinin də iştirak və çıxış etməsi şükranlıqla qeyd olunmalıdır. Bütün bunlar nəyi bildirir? – Avropanın ortasında qardaşlarımızın olmasını! Böyük Əli Bəy Hüseynzadə demiş, "İncil" ilə "Quran"ın bizi ayıra bilməməsini..! –

"Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan!..

Bir dindəyiz biz, həpimiz hak-pərəstan;

Mümkünmü ayırsın bizi "İncil" ilə "Quran"?

Çingizləri titrətdi bu afaqı sərasər,

Teymurları hökm etdi şahənşahlara yeksər.

Fatehlərinə keçdi bütün kişvəri-qeysər!"

Bu yerdə bir haşiyə çıxaq. Baxmayaraq ki, bizim soyun bir etnos kimi yaşı min illərlə ölçülür, ancaq türkçülük bir elm kimi XIX yüzilin sonu, XX yüzilin əvvəllərində formalaşmağa başlayıb. Əsası, bir qədər öncə adını çəkdiyimiz Ziya Göyalp, Əli Bəy Hüseynzadə, eləcə də, Əhməd Bəy Ağaoğlu, İsmayıl Bəy Qaspirali, Yusif Akçura, Zəki Vəlidi Toğan, Çulpan, Mağjan Jumabay və başqaları tərəfindən qoyulub, tiranlanıb. Sonralar bu xətt yalnız Türkiyə Cümhuriyyətində davam etdirilə bildi, bizim aydınlar da öz enerjilərini qardaş cümhuriyyətdə gerçəkləşdirə bildilər, digər türk dövlətləri isə sovet işğalı altında olduğuna görə bu maraqlı proses alayarımçıq qaldı...

Beləliklə, bizlər məhz bu ruha – birləşdirici, ümid, güvənverici ruha köklənməli, qan yaddaşımızın fərqində olmalı, böyük gələcəyimizə inanmalı və onun uğrunda çalışmalı, özümüzü balaca görməməliyik! Çox şadam ki, dövlət başçımız da, türk birliyi ideyasına, o cümlədən tarixi Azərbaycan torpaqlarına, haqlı olaraq, İrəvana, Zəngəzura, Göyçəyə və başqa mahallarımıza münasibətdə inamlı fikirlərə sahibdir və bu da vətəndaşlarımıza qol-qanad verir.

Biz, əlbəttə, hər şeydən öncə Qarabağımızı geri qaytarmaqla, türk birliyinə ən böyük töhfəmizi vermiş olacağıq! Ali Baş Komandanımızın başçılığı ilə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə… üçrəngli qutsal bayrağımız dalğalandıqdan sonra, daha böyük düşüncələrlə, daha böyük üfüqlərə boylanacağıq!

Unutmayaq ki, tarix boyu türkün ən üstün tərəfi savaşçı olması deyil… yaxud yalnız bu deyil. Türkün ən üstün tərəfi dövlət yönətimində, toplumda dinindən, cinsindən, sosial statusundan və sairədən asılı olmayaraq hər kəsin haqqını tanıması olub..! Türkün tarixdə yeni sözü olacaq və o söz dünyanın bugün çox ehtiyacı olan ədalətlə səslənəcəkdir!

- Türkdilli xalqların ortaq türk dili yaratmasının turançılığa xeyri barədə nə düşünürsüz?

- Açığı, mən türkdilli yerinə türksoylu sözünü işlətməyin tərəfdarıyam. Bu birincisi. İkincisi, ortaq dil, ortaq əlifba məsələsini güncəl hesab edənlərdən, lakin tələsməməyi seçənlərdənəm.

Ortaq türkcə ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20-30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçib. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii sonucu, təcallası olaraq meydana gəlib. Tarixə nəzər salsaq, XIX yüzilliyin rus qaynaqlarında cağatay türkcəsi Kazan tatarlarının, noğayların, qırğızların, Krım tatarlarının, Türküstanın və sairə türkdilli xalqların danışdığı ortaq dil kimi təsvir edilirdi.

Türk soyları arasında ortaq әdәbi dilin zәruriliyi ideyasi ilk dәfә XIX yüzilin 80-ci illәrindә İsmayıl Qaspıralı tәrәfindәn irәli sürülüb.

Biz, bugün – XXI yüzilin 16-cı ilinin 8-ci ayında, sizinlə Sumqayıtda Azərbaycan dilində söhbət edirik. – Yaxşı, bəs qloballaşan dünyada Azərbaycan türkcəsinin qorunması təşəbbüsləri ilə yanaşı başqa bir zəruri prosesin - ortaq türk dilinin yaradılması prosesi necə gedəcək yaxud necə getməlidir? – Biz geopolitik olaraq da, kültür varisi olaraq da bu proseslərin içində, mərkəzindəyik. Odur ki, bu iki prosesi necəsə uzlaşdırmalı, bir arada tutmalıyıq – elə deyilmi?

Elə başa düşürəm ki, "Azərbaycan türkcəsinin gərəyincə öz əsl kökləri üstündə qorunması elə ortaq türkcəyə xidmətdir" deyənlər doğru düşünür. Ortaq türk dili, ortaq türk əlifbası zamanla gerçəklik olacaq – türk xalqları eyni əlifbada yazacaq, türksoylu dövlətlər eyni əlifbaya keçəcək, eyni dili paylaşacaqlar, anlaşacaqlar... Bu, əlbəttə, çətin prosesdi, ancaq qarşısıalınmaz prosesdi (inşallah)! Son illər yaradılan – türk birliyinə xidmət edən qurum və quruluşlar, yapılanmalar, habelə İKT-nin dilçiliyə tətbiqi, yeni çevirmə proqramlarının yaradılması və sairə prosesin geridönüşsüz olmasının göstəricisidir.

Nəhayət, konkret olsaq, hər kəs heç olmazsa öz nitqini, yazısını, başçılıq etdiyi kollektivdəki "dil mühiti"ni qaydaya salmağa çalışsa, bu özü də dilimizə, dil ailəmizə bir xidmət olardı... Anadolulu qardaşlarımız demiş, "Ən vətənpərvər kişi öz işini yaxşı görən kişidir"..!

- Bəs ortaq Turan Ordusu haqqında nə düşünürsüz?

- Açığı, mən bu kimi mövzulara həssaslıqla, ehtiyatla yanaşmanın tərəfdarıyam. Belə bir deyim var, "…"Edirəm" demək yox, etmək lazımdır"; yaxud "İş var – deyərlər, etməzlər; iş var – edərlər, deməzlər"... Turan ordusu hər bir türk dövlətinin güclü ordusu olmasıdır, ilk növbədə… Hər bir qardaşımız, öz coğrafiyasında güclü olsun, söz sahibi olsun gərək. Güclü ordu quruculuğu güclü iqtisadiyyat hesabına daha tez, daha keyfiyyətli gerçəkliyə çevrilə bilir, təbii. Uzağa getməyək, respublikamızın iqtisaiyyatı gücləndikcə Silahlı Qüvvələrimizə büdcədən ayırmaların nə qədər artdığı misalında bunu görə bilərik. Ulu Öndərimiz demiş, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!"

Bununla belə, sosial şəbəkədə axtarış versəz, "Turan Ordusu quruldu!" deyə xəbərlərə də rast gələ bilərsiz. Bəlli olacaq ki, bu "Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı"nı nəzərdə tutan informasiyadır. – Burada, 25 yanvar 2013-cü ildə Bakıda qurulmuş uluslararası rəsmi bir qurumdan, əlbəttə, gərəkli bir qurumdan söhbət gedir. Heç bir ölkəyə qarşı yaradılmamış, sadəcə, barışa xidmət etməyi, vətəndaşlara çağdaş hüquq-mühafizə xidməti verməyi hədəfləmiş TAQM- a, Avrasiya bölgəsində, qarşılıqlı işbirliyini inkişaf etdirmək istəyən digər ölkələrin hərbi statuslu hüquq-mühafizə qüvvələri (və Daxili Qoşunları) da üzv ola bilər.

Türkiyə, Azərbaycan, Qırgız Respublikası və Monqolustanın qurucu-üzv olduğu, qısaltma adı TAQM olaraq dörd ölkə adının baş hərflərindən formalaşan təşkilatın təməlləri 2011-ci ildə Ankarada atılmışdır; TAQM-ın baş qərargahı da Ankaradadır. Quruluş məqsədi, "Hərbi statuslu hüquq-mühafizə qüvvələri arasındakı işbirliyi və həmrəyliyi inkişaf etdirmək" olaraq açıqlanmışdır. Təəsüf ki, 2014-cü ilin martında Monqolustanı TAQM-da təmsil edən hüquq-mühafizə qurumun, hərbi statusunu itirməsini gərəkçə göstərməsi ilə, imzalanan anlaşma keçərsiz olmuşdur… Tam da bu sırada, daha öncələr, təşkilatındakı struktur dəyişikliyini (və iç proseduru) yetişdirə bilmədiyi üçün müvafiq sənədi imzalamamış Qazaxıstan yenidən müraciət edincə, TAQM-ın Türkiyə, Azərbaycan, Qırğız Respublikası və Qazaxıstan arasında (yenidən) formalaşdırılması planlaşdırılmışdır. Bildiyim qədəri ilə bu əsnadakı çalışmalar davam etməkdədir.

Göründüyü kimi, TAQM təqdirəlayiq hadisədir, lakin xəyal etdiyimiz deyil..! Bununla belə, uzunvadili yola çıxanlar, addımlamağı, maneələri keçməyi, üfüqə yetməyi bacarmalıdır. Mustafa Kamal Paşa Atatürk deyirdi, "Yüksəl, türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur! Üfüqə yetmək azdır, üfüqötəsini görmək lazım!"

- Mübariz müəllim, maraqlı fikirlər üçün sizə təşəkkür edirəm. Qoy, Atatürkdən gətirdiyiniz bu bu müdrik çağırış, bizim bugünkü söhbətimizin də yekunu olsun. Uğurlar!

- Sağ olun!

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi