Uşaq futboluna bu qayğı qarşılıqsiz qala bilməz. Bu uşaqların içində yetişən futbolçular üçün qapılar açılır. Onlara verilən şansdan yararlanıb, Avropaya getmək, ildən ilə daha asan olacaq. Bu həm klub, həm də milli komandalar səviyyəsində baş tutacaq. Göstərin özünüzü, əziz uşaqlar!
Bu şansı qaçırmayın.
Sadəlik...
Mən oynadığım komandada perspektiv vəd edən, iki baş digərlərini üstələyən uşaqların çoxu axırda futbolçu ola bilmədilər. Səbəb isə özündən razılıqdır. Kim ki çox vaxt kölgədə qalır, çalışırsa, sonda bunun "mükafatını" alır.
Sadə olmaq lazımdır. Bu nədən xəbər verir? Qeyri-adi səslənsə də, əsas heyətə düşməyən, zədələnərək kənarda qalan uşaqlara demək istəyirəm ki, ruhdan düşməyin, çalışın. Sizin vaxtınız çatacaq. Gözləmədiyiniz anda məşqçi sizi çağırıb, ümüdini sizə yönəldəcək.
Hər şey öz əlinizdədir. Bu gün əsas heyətdə oynayan yoldaşına təslim olma, rəqabət apar. Öz üzərində yorulmadan işləsən onu üstələyə bilərsən.
Şərəf tribunası...
Milli komanda mənim üçün bir şərəf tribunasıdır. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş ölkəsini təmsil edirsə, o, bu xalqın simasına çevrilir. Birinci bunu dərk etmək lazımdır. 2003-cü ildə evdə Hollandiyanı udduq. 2006-cı ildə səfərdə İtaliya ilə əla oynadıq. 2:1 uduzsaq da, qol ötürməsi verdim. Marçello Lippi bizi yaman tərifləmişdi.