Günümüzün reallığında fakt odur ki, hər kəs gözəl geyinmək, yaxşı yemək, içmək, gəzmək və ya istirahət etmək istəyir. Amma bəzən gözəl görünən, yaxşı seyr edilənlər əksər hallarda üstü bəzək, altı təzək olur. Bir də görürsən ki, ilk baxışdan səndə xoş ovqat, gözəl hiss yaradan əşya və ya mənzərə dərinliyinə varanda, heç də ümidlərini doğrultmadığını görürsən. Misal üçün, deyilənə görə, heyvanat aləmində ən gözəl göz eşşəkdədir. Ancaq gəl kiməsə, "eşşək gözlüm" de. İnanın, əminliklə demək olar ki, o sözü deyən az vaxt sonra polisdə zərərçəkən qismində tanınacaq. Eləcə də, şou-biznes aləminin bərk gedən mütrifləri kimi tanınan Rəqsanə, Aygün, Xatirə, Röya "Ay mənim eşşək gözlü yarım" deyə zəngulə vursalar, yüz faiz sizləri əmin edirəm ki, bu mütriflər həmən dəqiqə sponsorsuz qalacaqlar, xarici avtomobildən, bərli-bəzəkli villardan məhrum olunacaqlar. Ona görə də bu biçarələr, hər kəs kimi saxtakarlıq edərək, içib hovuza girəndə, "Maral, maral, maral" oxuyub, arada bir "Ay mənim ceyran gözlüm" deyirlər.
Bu mütriflər yalnız klip çəkdirəndə, eşşəkdən istifadə edirlər. O günləri Brilyant Dadaşova basa-basa Türkiyədən gəlib, Gəncədə klip çəkdirir. Rejissor qağanın ssenarisinə əsasən, milli paltar geyinən Brilyant eşşəyin belinə tərsinə minib, özü üçün oxuyur. Bir qardaş da həmin eşşəyin yüyənindən tutub dartır. Eşşək biçarədə, nabələd "adam"la yol yoldaşı olmaq istəmədiyindən, dirəniş göstərir. Bu həngəmədə, seçim etmək məcburiyyətində qalırsan, görəsən, hansı ağllıdır?
Ağıldan söhbət düşmüşkən, o günləri İsmayıllı rayonuna getmişdim. Yol kənarında maraqlı bir hadisənin şahidi oldum. 7-8 yaşında olan bir uşaq eşşəyin belində, meydanda cövlan edirmiş kimi, həngəmə qoparırdı. Eşşəyin belində elə şəstlə, elə məğrur oturmuşdu ki, sanki bu dəqiqə hücum edib, hansısa erməni dığasının başını əzəcək. Uşağın bu özündən razılığı uzun çəkmədi. Gözlənilmədən peyda olan dövrümüzün Kefli İskəndərlərindən birisi, eşşəyin yüyənindən tutub, uşağın əhvali-ruhiyyəsini təlxk etməyə başladı. Uşağa sual verdi ki, "de görüm, atan yaxşıdır, yoxsa mindiyin bu eşşək". Kefi tarı-mar olmuş uşaq, nə cavab verəcəyini bilmədiyindən, sağına-soluna boylanıb, sanki kimdənsə kömək istəyirdi. Balaca qalmışdı iki odun arasında. Kefli İskəndər də qır-saqqız olub, uşaqdan əl çəkmirdi. Onlardan aralanarkən, uşaq "Mürvət əmi, burax gedim də" sözlərini eşitdim. Bu isə, mübahisənin bitmədiyindən, hələ uzun çəkəcəyindən xəbər verirdi.
Nə isə bizdə eşşək o qədər də hörmət - izzət sahibi deyil. Amma... amma ABŞ-da məsələ başqadır. Vaşinqitonda, Kaliforniyada eşşəyi olan amerikanlı mədəni sinyor, ləyaqətli mister hesab olunur. Hətta eşşəyin amekanlar üçün xətri o qədər əzizdir ki, onu Demokralar Partiyasının simvolu olaraq qəbul ediblər. Prezident seçkilərində zirək demokratlar özlərinə "fil" simvolunu seçən respublikaçıları eşşəkləri vasitəsi ilə gözdən salmağa, sıradan çıxartmağa çalışırlar. Əksər hallarda da uğur qazanırlar.
ABŞ-ın siyasi ensiklopediyasında əks olunan yazılı məlumata görə, demokratların eşşəyə olan sevgilərinin tarixi 1828-ci il prezident seçkilərindən qoyulub. Müharibə qəhrəmanı kimi özünə ad çıxarmış prezidentliyə namizəd Andreş Jackson respublikaçılar tərəfindən populizmdə ittiham edilərək, "jackass", yəni eşşək adlandırılmışdır. O zamandan demokratların adları üstlərindədir: "Filan eşşək demokrat", "bəsmənkəs eşşək demokrat".
O gün bir məlumat da eşitdim ki, ABŞ-ın İraqdakı hərbi-dəniz piyadalarının polkovniki Con Folsom aparılan genişmiqyaslı əməliyyat nəticəsində ələ keçirdiyi eşşəyi ABŞ-a gətirmək üçün böyük əziyyət və zəhmət çəkməli olub. Polkovnik deyib ki, İraqın Fəllucə şəhərində eşşəklə birlikdə gəzməyə cıxdığı günlər, onun həyatının ən xoşbəxt və sevincli günləri olub.
Con Folsomun eşşəyə sevgisi o qədər güclü olub ki, ondan ayrılmaq istəməyib. Çoxsaylı sənədlər topladıqdan və 50 min ABŞ dolları xərcə düşdükdən sonra, polkovnik, nəhayət sevimli eşşəyini ABŞ-a gətirə bilib. "Vaşinqiton Post" nəşrinin yazdığına görə, hal-hazırda eşşəklə polkovnik ABŞ-ın Nebraska ştatında xoşbəxt ömür sürürlər. Bu da belə. Bizdə isə deyirlər, "eşşəyə minmək bir ayıb, düşmək bir ayıb".