\"Azərreyl\" \"Çelenc Cup\" turnirində çempion oldu

2 Aprel 2011 19:42 (UTC+04:00)
Qadın voleybolçular arasında \"Çelenc Cup\" tunirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, bu gün həlledici mərhələyə vəsiqə qazanan Bakının \"Azərreyl\" və \"Lokomotiv\" klubları arasında finalın ikinci görüşü baş tutub. Oyunu \"Sərhədçi\" Olimpiya Mərkəzində Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və CEV-in vitse-prezidenti Banu Can Sçurmann da izləyib.

İlk oyunda qələbə qazanan \"Azərreyl\" cavab matçında da rəqibə şans verməyib. Vüqar Əliyevin yetirmələri Draqutin Baltiçin komandası üzərində ilk oyunda olduğu kimi 3:1 hesablı qələbə qazanıb. Bununla da \"Azərreyl \"Çelenc Cup\"un qalibi olub.

"Azərreyl" klubunun kapitanı Natalya Hanıkoğluna kuboku Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. O, həmçinin qalib komandanın voleybolçularını təbrik edib.


Qeyd edək ki, bu mövsüm turnirdə 14 oyun keçirən və heç bir görüşdə məğlub olmayan \"Azərreyl\" \"Çelenc Cup\" turnirinin qalibi olan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Bakı klubu 2002-ci ildə \"Top-Kuboku\"nu qazanıb, 2 il sonra Çempionlar Liqasının \"Dördlər finalı\"na vəsiqə qazanıb.

Çelenc Cup

Final mərhələsi

Cavab oyunu

Azərreyl - Lokomotiv 3:1 (30:28, 22:25, 25:13, 25:17)

Hakimlər: Mixaylo Melnik (Ukrayna), Bayram Dikməntəpə (Türkiyə).

\"Sərhədçi\" Olimpiya Mərkəzi.

İlk oyun - 3:1.