"2013-cü ildə Müsavat Partiyası istənilən halda, istənilən məqbul formatda prezident seçkilərində iştirak etməkdə qərarlı idi.AXCP isə yalnız Rüstəm İmrahimbəyovun müxalifətin geniş koalisiyasının vahid namizədi olduğu halda seçkilərdə iştirakı məqbul sayırdı". SİA xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqlı təmsil etdiyi təşkilatın referendum üzrə təşəbbüs qrupu yaratmasına rəğmən, Milli Şuranı fəaliyyətsiz qalmasına müasibəti fonunda qarşı tərəfin onu ittiham etməsini şərh edərkən deyib. Müsavatyönlü saytda fikirlərini bildirən Sadıqlı bildirib ki, Milli Şura hər zaman Müsavatın əleyhinə kampaniya aparıb. SİTAT: "Məlum olduğu kimi Rüstəm müəllimin (Rüstəm İbrahimbəyov-red.) Rusiya vətəndaşlığının ləğv olumaması üzündən namizədliyi qeydə alınmadı. Və bundan sonra Milli Şuraya daxil olan insanların, əsasən də müsavatçıların və cəbhəçilərin enrjisi, vaxtı digər namizədin irəli sürülüb-sürülməməsinə yönəldi".
Yadigar Sadıqlı belə olan halda alternativ namizəd kimi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini məcburi addım kimi qiymətləndirib: "Faktiki olaraq namizədin müəyyən olunmasının mümkünlüyünün son günlərində iştirak təklifi minimal üstünlüklə qəbul olundu və ertəsi gün Cəmil Həsənlinin namizəd olması qərara alındı. Sonrakı hadisələr göstərdi ki, prosesin daha 1-2 gün gecikməsi halında lazımi sayda imzaları toplamaq mümkün olmayacaqdı..."
Sadıqlı nəticə etibarilə arada yaranan narazılıqdan sonra Müsavat və AXCP-nin bir-biri ilə münasibətində soyuqluğun əmələ gəldiyini bildirib. Onun fikrincə, indi bu partiyalar fərqli qərarlar qəbul edirlər: "Bugün isə Müsavat da, AXCP də daxili mübahisələrə vaxt sərf etmədən qısa müddətdə fərqli taktiki qərarlarını qəbul ediblər. AXCP-nin fəaliyyətinə qiymət vermək üçün bilgim yoxdur, mənim işim də deyil. Amma elan etdikləri kütləvi aksiyalara asudə, mübahisələrə vaxt sərf etmədən hazırlaşa bilərlər. Müsavat isə facebook statusunda yazdığım kimi təşəbbüs qrupunu yaratmaq üçün gərəkən işləri qısa müddətdə yerinə yetirdi".
Müsavatçı funksioner son illərdə ilk dəfədir ki, seytnotla rastlaşmadıqlarını da ifadə edib və bildirib ki, müxalifətin birliyini istəyənləri anlayır, lakin bunun üçün strateji və taktiki baxımdan fikirlər üsr-üstə düşmür. Hazırda Müsavatla AXCP arasında mövcud vəziyyətdir: "Müxalifətin birliyini istəyən vətəndaşlarımızı anlamaq çətin deyil. Lakin siyasət heç də həmişə quru riyaziyyat deyil. Burada 1+1=2 cavabını almaq üçün həmin təşkilatların həm strateji, həm də taktiki baxışlarının üst-üstə düşməsi vacibdir. Əks halda cavab 0 da ola bilər".
Rövşən Nurəddinoğlu