Səttar Əliyev: "Futboldan doya bilmirəm"-MÜSAHİBƏ

30 Mart 2011 12:12 (UTC+04:00)

Siasport.az saytı "Abşeron" FK-nın məşqçilər korpusunda yer alan təcrübəli mütəxəssis Səttar Əliyevin müsahibəsini təqdim edir:

- Səttar müəllim, bütün futbolçu karyeranızı Ağdamın "Qarabağ" klubunda keçirmisiniz. Bəs daha iddialı klublarda çıxış etmək ürəyinizdən keçməyib?

- Niyə ki, hər bir futbolçunun arzusu böyük klublarda çıxış etmək olub . Lakin mənim "Qarabağ"a sədaqətimin ən ümdə qayəsi Vətən məhəbbəti və vətən sevgisidir. Mən doğulub, boya başa çatdığım Ağdamı başqa kluba dəyişməyi ağlıma belə gətirə bilməzdim. Komandayla birgə yüksək zirvələr də fəth etmişəm. Ağır, məşəqqətli qaçqın həyatı da yaşamışam. Lakin sonadək komandaya sədaqətli qalmışam.

- Futbola gəlişinizi necə xatırlayırsınız?

- Futbolçu karyeramı Ağdamın "Şəfəq" komandasında mərhum Ramiz Şahməmmədovun rəhbərliyi altında başlamışam. 20 illik (1984-2004) futbolçu karyeramı bütövlükdə Qarabağa həsr etmişəm. Sovet dönəmində Azərbaycan birinciliyində Ağdamı təmsil edən "Şəfəq", "Koperator"da forma geymişəm. 1988-ci ildə mənfur qonşularımız xalqımıza qarşı ərazi iddialarıyla çıxış etməyə başlayanda Ağdamın "Qarabağ" komandası respublika çempionu adını qazanaraq, Azərbaycanı SSRİ birinciliyinin 2-ci liqasının 9-cu zonasında təmsil etmək hüququ qazandı. Bu, o dövrlər üçün böyük uğur idi. İki mövsüm ərzində futbolumuzu ittifaq miqyasında layiqincə təmsil etdik. Kifayət qədər təcrübəli rəqiblərdən çəkinməyərək, onların üzərində unudulmaz qələbələr qazandıq.

- Unutmayaq ki, bu qələbələr bölgədəki olduqca ağır ictimai-siyasi vəziyyətdə əldə olunurdu. Belə bir şəraitdə matçlara köklənmək necə baş verirdi?

- Bilirsiniz durum həqiqətən də, acınacaqlı idi. Hər gün münaqişə zonasından həyəcanlı xəbərlər gəlirdi. Ağdam igid oğullarını şəhid verirdi. Belə bir vəziyyətdə biz yalnız öz gözəl oyunumuzla, yaşıl meydandakı qələbələrimizlə xalqa bir anlığa da olsa, qəm-kədəri unudturmağa çalışırdıq. Meydana ikiqat-üçqat enerjiylə çıxırdıq. Ən ümidsiz halda belə mübarizəni sonadək aparırdıq.

- Sovet İttifaqının süqutundan sonra bölgədə vəziyyət daha da, ağırlaşdı. Münaqişə artıq böyük müharibəyə çevrilmişdi. Lakin Ağdamın ətrafında qanlı döyüşlərin getməsinə baxmayaraq, "Qarabağ"ın futbolçuları öz pərəstişkarlarını sevindiriməkdə davam edirdi. Buna necə nail olurdunuz?

- 1992-ci ildən ilk Milli çempionatımız başlanandan "Qarabağ" çempionluğa iddialı olub. Ümumiyyətlə, "Qarabağ" bütün çempionatlarda iştirak edən 3 ("Qarabağ", "Neftçi" və "Turan") komandadan biridir. Cəbhə xətti daraldıqca bizdə daha da sərt mübarizə aparmaq gücü artırdı. Biz sanki xalqa nümayiş etdirirdik ki, əgər biz mərmilər altında futbol oynayırıqsa, demək Ağdam yaşayır. Belə bir vəziyyət 1993-cü ilin mayınadək - "Turan"la ölkə kubokunun ½ final oyununadək davam etdi. Bu matç "İmarət"də oynadığımız son oyunumuz oldu. Düşmən artileriyasının mərmiləri artıq stadionun ətrafında partlayırdı. Bu matçdan bir müddət sonra Ağdam işğal olundu və "Qarabağ"ın qaçqın həyatı başladı.

- Lakin buna baxmayaraq, klub 1993-cü ildə həm çempionluq, həm də, kubokun qalibi sevincini yaşadı...

- Əslində heç bir sevinc hissi yox idi. Məndə şəkil var. Kubokun finalından sonra mükafatlandırma mərasimində kapitan kimi mənə fəxri mükafat verilir. Mən isə ümidsizliyə qapılmış kimi hadisələrin mahiyyətinə varmıram. Qəmgin baxışlarım yerə dikilib, mərasimin tezliklə bitməsini gözləyirəm.

- Lakin ən ağır, ən çətin dövrlərə baxmayaraq, sizin kapitanı olduğunuz "Qarabağ" futbolumuzun tarixində şanlı səhifələr yazmağa nail oldu...

- Bəli, biz Azərbaycan futbolu tarixində qitəmiqyaslı turnirdə ilk dəfə səfərdə qələbə qazanan klub olduq. Qitəmiqyaslı kubok turniri uğrunda yarışda da ilk dəfə mərhələ keçən komanda məhz "Qarabağ"dır. "İntertoto" kubokunda İsrailin "Makkabi" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ" ilk dəfə olaraq "böyük beşlik" ölkələrindən olan Fransanın "Monpelye" klubunu Bakıya gətirdi (Yeri gəlmişkən "Qarabağ" ötən il Dortmund "Borrusiya"sını Bakıya gətirməklə uzun müddətli rekorda imza atdı ).

- Futbolçu karyeranızı nə zaman başa vurdunuz?

- 2004-cü ildə 20 illik futbolçu karyeramı başa vurdum. Sağ olsun "Qarabağ" rəhbərliyi mənim üçün vida mərasımı düzənlədi. Məşqçilik fəaliyyətimə də doğma klubda başladım. 2010-cu ilədək "Qarabağ"ın məşqçilər korpusunda daimi yer aldım.

- Belə çıxır ki, "Abşeron" sizin futbol karyeranızda "Qarabağ"dan sonra ilk klubdur. "Abşeron"a gəlişiniz necə baş verdi?

- Uzun illər bir yerdə çıxış etdiyim, bizi möhkəm dostluq telleri birləşdirən Mirbağır İsayev ötən ilin yayında birgə işləmək təklifiylə çıxış etdi. Mən də, məmnuniyyətlə bu təklifi qəbul etdim.

- Klubla tanışlıqdan sonra hansı təəssüratlar meydana gəldi?

- İlk növbədə baş məşqçi M.İsayev tərəfindən komanda qarşısına qoyulan vəzifələr barədə məlumatlandırıldım və əmin oldum ki, həqiqətən də, futbolumuza yeni nəfəs gətirmək gücündə olan bir kollektivə düşmüşəm. Sonrakı prosseslər bu əminliyimi daha da artırdı. Klubun prezidenti Yaşar Rüstəmovun futbol sevgisi, futbola peşəkar baxışı mübariz komanda formalaşdırılması üçün gözəl zəmin yaratdı.

- Komandanın məşqçi korpusu barədə nə deyə bilərsiniz?

- Baş məşqçimiz Mirbağır İsayev həqiqətən gözəl məşqçi korpusu formalaşdırıb. Məşqçi Fuad Cəfərov və qapıçılarla işləyən Etibar Tanrıverdiyev öz işlərinə peşəkar münasibətləriylə futbolçulara nümunədirlər. Komandanın tibb personalına Azərbaycanın tanınmış mütəxəssislərdən Rəhim Məhərrəmov başçılıq edir. İnzibatçımız Emin Seyfullayevlə, massajçı Namiq Hüseynovun xidmətlərini də xüsusi qeyd etmək istərdim.

- "Abşeron" 1-ci Divizionda mümkün olan bütün rekordlara imza atır. Sizcə komanda nəyin sayəsində buna nail olur?

- Şübhəsiz ki, yüksək oyun nizam-intizamı, işə peşəkar yanaşma və klub rəhbərliyinin böyük dəstəyi sayəsində. "Abşeron" bu gün futbolumuzda öz dəst-xəttinə malik olan bir komandaya çevrilib. Xüsusən də, NBC Bank Azərbaycan kuboku uğrunda oyunlardan sonra "Abşeron"un ünvanına söylənilən xoş sözlər komandanın düzgün yolda olduğunu bir daha sübut edir.

- Səttar müəllimin hər bir futbolçunun bu ecazkar oyuna xüsusi yanaşma tərzi var. Bəs sizin üçün futbol nə deməkdir?

- Uzun illərdir futboldayam və ondan doya bilmirəm. Ona görə də hesab edirəm ki, futbolçu kimi doğulmaq özü bir xoşbəxtlikdir.