Avqustun 8-də Bakıda baş tutacaq Azərbaycan-Rusiya-İran ilk üçtərəfli görüşü dünya mediasının da diqqət mərkəzindədir. Belə ki, Qərb mediası bu görüşü regionun üç nəhəngi kimi təsvir edib. Düzdür, regionda daha bir əhəmiyyətli güc – Türkiyə bu danışıqlarda yer almasa da qardaş ölkə həlledici variantlarda hər zaman Azərbaycana kifayət qədər etibar etdiyini sərgiləməkdədir. Bu dəfə də belədir. Söz yox ki, Cənubi Qafqaz, hətta bütövlükdə Qafqaz regionunun üç əsas dövlətləri kimi enerji və s. layihələrdə söz sahibi olan Azərbaycan, Rusiya və İran Bakıda ümumi siyasi baxış prizmasından çıxış etməyəcəklər. Belə ki, hər bir mövzunun ayrıca müzakirəsi mütləqdir. O cümlədən, son illər dünyanın sosial-iqtisadi, siyasi və başqa faktorlarını cərəyan edən hadisələrinin regiona da təsir etməsi ehtimalı etiraf olunmalıdır ki, artmaqdadır. Belə olan təqdirdə üç dövlətin ilk dəfə bir araya gələrək, əsaslı danışıqlar prosesində iştirakları həm də zərurətdən doğan bir olaydır.
İran Ermənistana açdığı nəfəsliyi bağlaya bilər
Əlbəttə ki, proqnozlar çoxdur və onlar barədə ayrı-ayrılıqda mülahizələr aparmaq xeyli vaxt aparar. Ona görə də danışıqlar prosesində enerji və nəqliyyat sahəsi ilə yanaşı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiya və İranın iştirakıyla bağlı görüşlərin keçirilməsi ehtimal olunan proqnozlar daxilindədir. Çünki sözügedən münaqişə yaranar-yaranmaz istər Rusiyanın, istərsə də İranın mövqeləri birmənalı olmayıb. Məsələn, qonşu İran Türkiyədən fərqli olaraq Ermənistanla sərhədlərini bağlamayıb və işğalçı ölkə üçün nəfəslik rolunu oynamaqdadır. Amma Azərbaycanın irəli sürdüyü layihələr nə vaxtsa İranın həmin layihələrdə iştirakı üçün Ermənistana açdığı nəfəsliyi bağlamasına səbəb ola bilər.
Rusiyanın da mövqeyində qətiyyətlilik hələ ki, müşahidə olunmayıb. Yalnız məlum aprel müharibəsindən sonra Azərbaycanın ədalətli mövqeyinə Rusiya tərəfindən müəyyən mənada dəstək hiss oludu. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları ilə düşmənin təxribatlarının qarşısını almasından sonra Rusiyanın danışıqlar priosesində yenilik gətirməsi, ölkəmizin isə bu danışıqlarda üstünlük əldə etməsi faktdır. Eləcə də Rusiyanın Azərbaycana ən müasir silah satışını dayandırmaması, erməni tərəfinin səs-küylərinə məhəl qoymaması da bu məcradandır.
O da etiraf olunmalıdır ki, əgər Rusiya ATƏT-in Minsk qrupunun üzvü olaraq yenidən alovlanan münaqişədə atəşkəs təşəbbüskarı kimi çıxış etməsəydi, Qərbin bu istiqamətdə atdığı addımları demək olar ki, nəticəsiz qalacaqdı. Bu səbəbdən, Bakı görüşündə danışıqlar prosesində yeni variantların və təşəbbüslərin də irəli sürülməsi mümkün görünür.
Digər tərəfdən, bu gün qonşu İranın Yaxın və Orta Şərq siyasətində Rusiya ilə maraqları üst-üstə düşür. Biz bunu Suriyada baş verən hadisələr fonunda Fələstin və s. problemlər çərçivəsində də görməkdəyik. Ona görə də Qarabağ probleminin həlli istiqamətində də Azərbaycanın ədalətli mövqeyinə birmənalı dəstəyin hər iki qonşu dövlət rəhbərliyi tərəfindən veriləcəyinə inanmaq istərdik. Avqustun 8-dən sonra dünya və ölkə ictimaiyyəti yəqin ki, siyasi arenada yeni səhifəənin açılışını görə biləcək.
Prezidenti cənab İlham Əliyev bu məsələdə kifayət qədər əsaslı siyasi gedişlər edib, dünyanın diqqətini ölkəmizə tərəf istiqamətləndirməyə nail olub
Təbii ki, regionda bu kimi əhəmiyyətli görüşün əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev bu məsələdə kifayət qədər əsaslı siyasi gedişlər edib, dünyanın diqqətini ölkəmizə tərəf istiqamətləndirməyə nail olub. Rusiya və İran kimi mümüh region dövlətlərinin ilk dəfə olaraq Azərbaycanda bir araya gəlib üçtərəfli görü keçirmələri də bu zəmini ehtiva etməkdədir. İstər Putin, istərsə də Ruhani İlham Əliyev faktorunun daim yenilikçi, avanqard ideyalar irəli sürdüyünü, bütün bunların isə yalnız müsbət nəticə verdiyini yaxşı anlayırlar. Ona görə də Bakı görüşündən çox əhəmiyyətli qərarlar gözləməyə dəyər.
Qərb siyasi dairələri bütün diqqətlərini həmin görüş üzərinə kökləyiblər
Ancaq sözügedən proseslər fonunda Ermənistanın hansı vəziyyətdə qalması istər-istəməz belə bir sual yaradır – işğalçı ölkə rəhbərliyi nəyə ümid edir?
Artıq məlumdur ki, Ermənistanın prezidenti Serj Sarkisyanın avqustun 10-da Moskvaya rəsmi səfəri gözlənilir. Bu səfərin vaxtını Rusiya müəyyən edib. Çünki dəvət ölkə prezidenti Vladimir Putn tərəfindən edilib. Özü də Yerevanda baş verən məlum qanlı olaylardan sonra. Demək belə bir amillər üzərində dayanmaq mümkündür:
1. Sarkisyan Putinə Yerevanda tökdüyü qanların hesabatını verməyə gedir. Çünki ona Kremldən belə bir tapşırıq verilmişdi ki, əgər qiyamçılara qarşı sərt tədbirlər görülməsə, Rusiya alternativ plandan istifadə edərək, Sarkisyanı devirib, digər öz adamını prezident edə bilərdi.
2. Sarksiyanın Rusiyadan başqa güvənəcəyi yer yoxdur və ona görə də postunu qorumaq və sədaqətini göstərməkdən ötrü xalqını qırğına verib. Sabah Ermənistanda anti-Rusiya etirazları baş qaldırarsa, Sarkisyanın qələmi qırılmalı olacaq. Bunun üçün isə yeni təlimatlar almağın tam zamanıdır. Xüsusilə, Bakı görüşündən iki gün sonra...
3. İran isə Ermənistana nəfəslik rolunu oynayır. Qaz satır, bəzi kiçik layihələrdə yer ayırır və bundan artıq addıma getməyəcək. Sarkisyan Putinə İranın Ermənistanı daha böyük layihələrə qoşması üçün yalvarmağa gedir. Yenə də Bakı görüşündən sonra...
4. Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü müəyyən mənada Sarkisyana da sərf edir. O, bunu özünə fürsət bilib, çətin vəziyyətdən çıxması üçün Rusiyadan sonra İrana səfər edə bilər.
Beləliklə, Ermənistanın acınacaqlı vəziyyəti fonunda Azərbaycanda baş tutacaq üçtərəfli görüşün bəzi təfərrüatları bəllidir. Hətta Qərb siyasi dairələri bütün diqqətlərini həmin görüş üzərinə kökləyiblər. Çünki indi onlar Azərbaycandan asılı vəziyyətə düşməyə başlayıblar. Ölkə rəhbərliyimizin verdiyi istənilən qərarla razılaşmaqdan başqa isə onların heç bir yolunun qalmadığını düşünmək mümkündür. Fakt göz önündədir.