(Yazıçının gündəliyindən birinci yazı)
2016-cı ilin iyun ayında bir neçə qəzetlərdə və saytlarda şair-publisist Tahir Ələkbərlinin "Vətəni öz canından çox sevən insan" adlı yazısı çap olunmuşdu. Bu yazı yüksək vətənpərvər insan olan Əlimusa Musayevə həsr olunmuşdu. Həmin yazıda Əlimusa müəllim bildirirdi ki, "02-04 aprel 2016-cı il tarixlərində cəbhə bölgəsində əsgərlərimizin şücaəti hamı kimi məni də sevindirdi. Baxmayaraq ki, biz tarixlər boyu heç bir millətin torpağına göz dikməmişik və heç bir xalqın torpağını işğal etməmişik, həmişə də sülh tərəfdarı olmuşuq, amma tarixlər boyu bizim torpaqlara göz dikənlər çox olub. Ordumuzun bu rəşadəti sübut elədi ki, Azərbaycan xalqını qoruyan qüdrətli ordusu var. Bundan ruhlanan çoxlu azərbaycanlılar kimi mən də əmək haqqımın 50 faizini Müdafiə Nazirliyinin hesabına köçürürəm. Baxmayaraq təqaüdə çıxmışam. Amma hələ canım suludur. Hərbiyə getmək, ön cəbhədə olmaq istəyirəm. Bu haqda müraciət etsəm də, məni yaş senzinə görə orduya qəbul etmirlər. Müdafiə Nazirliyindən bildirdilər ki, bu gün bizim qüdrətli ordumuz istənilən düşmənə layiqli cavab verməyə hazırdır və ona görə də sizlərə ehtiyyac yoxdur".
Onun bu maraqlı və vətənpərvər sözləri çoxminli oxucularda böyük maraq yaradıb və bununla bağlı qəzetimizə müraciət edib, Əlimusa Musayev haqqında ətraflı yazmağımızı xahiş edirlər. Məhz buna görə də mən onunla həmsöhbət oldum.
Qısa arayış: Əlimusa Əyyub oğlu Musayev 01 iyul 1952-ci ildə Azərbaycanın ən gözəl, dilbər guşələrindən biri olan Lerik rayonunun Qosmalian kəndində anadan olub. Külfətləri böyük olub. O, 8 illik məktəbi Qosmalian kəndində bitirib və Bakıya gəlib. Burada texniki-peşə məktəbinə daxil olub. Həmin məktəbi qırmızı dipolomla qurtarıb. Həm də paralel Bakıda, keçmiş "Sovetski"dəki 64 nömrəli fəhlə-gənclər orta məktəbində təhsil alıb. Sonra orduda xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun axşam şöbəsinə qəbul olub. Gündüz isə tikintidə fəhlə işləyib. Ali təhsili başa vurandan sonra həmin tikinti idarəsində mühasib vəzifəsinə keçirilib. Orada işlədiyi vaxt ona iki otaqlı mənzil də veriblər. Sonra Respublika Həmkarlar Komitəsində büdcə üzrə təlimatçı işləyib. 10 il orada işləyəndən sonra Balıqçılıq idarəsində baş mühasib işləyib. İndi də Səhiyyə Nazirliyinin informatika və statistika idarəsində baş mühasib vəzifəsində çalışır və oradan da təqaüdə çıxıb. Aldığı əmək haqqının da 50 faizini Müdafiə Nazirliyinə köçürür. Söz düşəndə də deyir ki, "Vətənə xidmət edirəm". Belə bir deyim də var ki, əzəmətli dağların qoynunda doğulanlar dağ vüqarlı, saf, təmiz olurlar. Bax, bu cəhətələr Əlimusa Musayevdə də var. Ona görə də o, özünün təmkinli olması, mehribançılığı, səxavəti ilə bütün dostlarından seçilir.
Onunla həmsöhbət olduq:
- Bayaqkı söhbətimiz vaxtı dediniz ki, böyük külfət olmusunuz və uşaqlıq illəriniz də çox sarsıntılı və acınacaqlı keçib. Həmin illərdən nələr yadınızda qalıb?
- O vaxt atam kənd dəyirmanında işləyirdi və həm də ruhani savadı vardı. Molla olmadığına görə həm də kəndin mollası idi. Ailədə 8 uşaq idik. 10 nəfərlik ailəni dağ kəndi kimi yerdə dolandırmaq çox çətin olduğundan biz də valideyinlərimizə bütün işlərdə və kolxozda işləməklə köməklik edirdik. Mən insanların bir-birinə pislik etdiyini, imkanlı adamların imkansızları adam yerinə qoymadığını, onları hər an təhqir etdiyini, kölə kimi işlətməyini lap kiçik yaşlarımdan görmüşəm və bu da mənə əzab verib. O vaxtlar bizim kənddə bir-iki nəfər imkanlı adam vardı. Bunlar kolxozun sədri, kənd sovetinin sədri, partkom, mühasib və bir neçə nəfər də onların əlaltıları. İnanın onlar kənd camaatına qan uddururdular. Həmin illərlə bağlı bir neçə kitabın mövzusu olan çoxlu acılı-şirinli xatirələrim qalıb.
- Onlardan hansılarınısa danışa bilərsinizmi?
- Belə hadisələr çox olub. Onlardan ikisini danışım. Yadıma gəlir ki, atam mənə 16 nömrəli ov tüfəngi almışdı. O vaxt da 12 yaşım vardı. Bir gün gördüm ki, bir göyərçin gəlib qondu bizim həyətdən bir qədər aralı olan uca çinar ağacına. Mən başa düşdüm ki, bu çöl göyərçinidi. Çünki ev göyərçini ağaca qonmur. Fikirləşdim ki, bunu vurum, anam heç olmasa nə isə hazırlayar və bizim kasıb ailə də içində ət olan nə isə yeyər. Tez gedib evdən tüfəngi götürüb, içinə patron qoyub atdım. Allahdan güllə göyərçinə dəydi və o yerə düşdü. Mən tez bıçağı çıxarıb, göyərçinin üzünü qibləyə tutub kəsdim. Bu vaxt gördüm ki, tüfəngin səsinə bir adam bizim çəpərin yanındakı yoncalıqdan göründü. Bu kənd sovetinin sədri idi. Mənə dedi ki, "nə vurmusan"? Dedim ki, göyərçin. Dedi: "Ay köpək oğlu, kolxozun göyərçinini niyə vurubsan? Tez onu mənə ver!". Dedim ki, bu kolxozun deyil, çöl göyərçinidir. Göynən uçub və gəlib ağaca qonub. O dedi ki, "burada hər şey kolxoza məxsusdur. Tez göyərçini mənə ver". Mən də tərs uşaq idim. O, nə qədər zəhimli olsa da mən ondan qorxmadım.
Gördüm üstümə gəlir tez tüfəngə patron qoyub ona tuşladım və dedim: "Əgər sən göyərçini məndən almaq istəsən səni vuracam!" Mənim ucadan, hirslə və inamla dediyim bu sözlərdən o, həqiqətən də qorxdu. Tez göyərçini də götürüb, evimiz tərəfə qaçdım. Sonra geri baxdım və gördüm ki, o, ardımca gəlmir. İnanın həmin gün evimizdə toy-bayram oldu. Anam həmin göyərçinin ətindən sulu yemək bişirdi. Hamımız doyunca yedik. O dad indi də mənim damağımdadır...
Başqa bir acı əhvalat da tez-tez yadıma düşür. 8-ci sinfi qurtarana qədər mənə metirka, yəni doğum şəhadətnaməsi almamışdılar. Atam məni götürüb, rayon mərkəzi Lerikə gətirdi. Mən o vaxt Leriki ilk dəfə idi ki, görürdüm. Çox xoşuma gəldi. Atam məni Milis idarəsindəki pasport şöbəsinə gətirdi. Özü bir otağa girdi. Qapı açıq qaldı. Gördüm həmin kişi atamı tanıdı. Çünki o, otağa girəndə həmin kişi ona müraciətlə və dolamaqla belə dedi: "Mollayev xeyir ola bura gəlməkdə?" Atam da dedi ki, "uşağı gətirmişəm, ona metirka almaq istəyirəm". Sonra da atam məni həmin otağa çağırdı. Gördüm həmin adam yekəpər, bazburutlu, qara bir kişidir. Məni görəndə gülümsündü və dedi: "Uşaq budur? Bu ki, yekə kişidir. Niyə bu vaxta qədər ona metirka almamısan?". Atam da dedi ki, "kənd yeridi, heç kim istəməyib almamışam. Həm də bizim kənddən rayon mərkəzinə xeyli yoldur". Gördüm ki, həmin adam mənə metirka vermək istəmir. Dedi ki, "bunun xərci var". Atam cibindən bir dəsmal çıxartdı. Onun belə bir şakəri vardı. Pulları dəsmala bağlayıb cibinə qoyardı. Kağız pulları ayrı və qəpikləri də ayrı. Həmin dəsmalı açıb, içindəki pulları yekəpər kişinin qarşısına qoydu. Gördüm kişinin sifəti dəyişdi və başladı gülümsünməyə. Pulları saydı. Orada 27 manat və nə qədərsə qəpik vardı. Atam günahkarcasına dedi ki, "olan pulum budur". O adam pulların 25 manatını götürüb, stolun siyirməsini açıb və lineyka ilə pulları ora tökdü və yerdə qalan 2 manat və neçə qəpiyi də lineyka ilə atama sarı itələyib dedi: "Kəndə qayıtmağa sizə bəs eləyər". O nainsaf heç 5 manat da vermədi ki, atam heç olmasa kəndə qayıdanda rayon mərkəzindən uşaqlara bir toyuq, yavanlıq ala bilsin. Həmin gün mənə metirka, yəni şahadətnamə yazıb verdilər. Amma şəhadətnaməni alanda mən sevinmədim. Çünki həmin yekəpər kişinin hərəkəti mənə çox pis təsir etmişdi. O kişinin adını yadımda saxladım. İllər boyu onu unutmadım. Bakıda artıq vəzifədə işlədiyim vaxt Lerik rayonundan bir oğlan işlə bağlı mənə müraciət etdi. Soruşdum kimlərdənsən? Dedi həmin kişinin oğluyam. Əvvəlcə ona köməklik etmək istəmədim və atasını tanıdığımı da bildirmədim. Amma fikirləşdim ki, həmin kişinin bizim ailəyə etdiyi pisliyin əvəzini necə çıxım və oğlana dedim: "Sənin işini həll edə bilərəm. Amma bu işin 150 manat xərci var". Oğlan heç nə deməyib 150 manat çıxarıb stolun üstünə qoydu. Mən də tezliklə onun məsələsini həll etdim. O vaxt da həmin 150 manat yekəpər kişinin atamdan aldığı pulun üç misli həcmindən çox idi. Bax o yekəpər kişidən "hayıfımı" beləcə aldım. (Acı-acı gülümsünür.)
- 15 yaşlı bir uşaq Bakı mühitinə düşdü və burada da sizin heç bir qohumunuz yox idi. Texniki-peşə məktəbində və "Sovetski" deyilən yerdə təhsil aldınız. Həmin illəri necə xatırlayırsınız?
- Mən gündüz texniki-peşə məktəbində, axşam isə 64 nömrəli fəhlə-gənclər məktəbində təhsil alırdım. Həm də klassik güləşlə, rəqslə məşğul olurdum. Boş vaxtım demək olar ki, yox idi. Amma dərslərimi yaxşı oxuyurdum. Çünki fikirləşirdim ki, ailəmizə gələcəkdə köməklik etmək üçün mən hökmən yaxşı oxumalıyam. Texniki-peşə məktəbini qımızı diplomla, orta məktəbi də demək olar ki, əla qiymətlərlə bitirmişəm. 64 nömrəli fəhlə-gənclər məktəbi "Sovetski"də idi. Orada da uşaqların oxumağa marağı yox idi. Onlar hamısı bakılı idilər və kənddən olan yeganə uşaq mən idim. Ona görə də məcbur eləyirdilər ki, elə hamının əvəzinə dərsləri hər gün mən danışım. Çünki mən dərsləri danışıb, sinif yoldaşlarımı çətin vəziyyətdən çıxarmasaydım, sonra məni döyə bilərdilər. Mən də istəsəm də, istəməsəm də məcburən dərslərimi yaxşı öyrənirdim. Bax, sinif yoldaşlarım tərəfindən döyülməmək də mənə həyatda çox köməklik etdi. Çünki dərslərimi yaxşı oxuyub, həyatda istədiyim bütün arzularıma çatdım. Öz sənətim sayəsində yaxşı mütəxəssis oldum. Həmin mənimlə oxuyanların çoxu sonralar həbs olundu. Qalanları da həyatda heç nə əldə edə bilmədilər (Gülümsünür).
- Ali məktəb illərini necə xatırlayırsınız? Orada oxuduğunuz illərdən bu günə kimi kiminlə yoldaşlıq, dostluq edirsiniz?
- Ali məktəbi biz axşam şöbəsində oxuyurduq. Gündüz isə hərəmiz bir yerdə işləyirdik. Ona görə də söhbət etməyə, təmasda olmağa vaxtımız az olurdu. Amma onların bəziləri ilə indi də təmasda oluram, amma Tahir Ələkbərovla 40 ildən çoxdur ki, dostluq edirəm. Tahirlə təkcə dostluq etmirik və uzun illər də bir yerdə işləmişik.
- Artıq tikintidə mühasib işləyən Əlimusaya 2 otaqlı mənzil verdilər. Bax bu hadisəni necə xatırlayırsınız?
- Həmin vaxtı ev almaq çətin idi. Baxmayaraq ki, adamlar növbəyə götürülürdü, amma pullu, imkanlı adamları növbədə qabağa çəkib, onlara daha tez ev verirdilər. Mən də çox böyük döyüşlə, haqqımı tələb etməklə mənzil aldım. Ona görə də həımin vaxtı heç vaxt unutmuram. Ümumiyyətlə mən nəyə nail olmuşamsa çox böyük zəhmətin, mübarizliyin nəticəsində nail olmuşam. Mənə elə gəlir ki, hansı insan daha mübarizdirsə, məqsədyönlü hərəkət edirsə o, gec-tez öz istəyinə nail olacaq. Mən bu fikrimi yanımda işləyən gənclərə də deyirəm və istəyirəm ki, onlar həyatda mübariz olsunlar. Onlara deyirəm ki, özünüzdən bədgüman olub deməyin ki, qaraçuxam yatıb, bəxtim gətirmir. Həmişə çalışın ki, bəxtinizi sınamaq, arzularınıza çatmaq üçün ciddi-cəhdlə hərəkət edin. Öz mühakimələrinizi vacib məsələr ətrafında cəmləşdirməyi bacarın. Bunu bacaran insan, çox şeyləri əldə edir.
- Öz mühakimələrini vacib məsələr ətrafinda cəmləşdirən Əlimusa müəllim Respublika Həmkarlar Komitəsində işləməyə dəvət olundu. Əlbəttə, hər mütəxəssisi ora işləməyə dəvət etmirdilər. Necə oldu ki, sizi ora işə dəvət etdilər?
- Mən əvvəldə dedim ki, orta məktəb illərində və texniki-peşə məktəbində yaxşı oxumuşam. Ali məktəbdə də əla qiymətlərlə oxumuşam ki, yaxşı mütəxəssis olum. Ona görə də deyirəm ki, savadlı insan, hökmən yaxşı mütəxəssis olur. Əlbəttə, belə adamları yaxşı işlərə cəlb edirlər. Mən işlədiyim Respublika Həmkarlar Komitəsində Tahir Ələkbərovla birlikdə işləyirdik. Tahir indi özü də burdadır və bizim səhbətimizə qulaq asır. Bizim işlədiyimiz sahə 633 təşkilatı əhatə edirdi. Bu təşkilatlarda da 122 mindən çox insan çalışırdı. Bu təşkilatların içərisində 5 tikinti nazirliyi, 12 Layihə institutları, çoxlu elmi idarə və başqa təşkilatlar da vardı. Bu adamların içərisində nazirlər, elmlər doktorları və başqa peşə sahibləri işləyirdi. Bu iş həm çətin idi və həm də insan belə şəxsiyyətlərin arasında istəsə də, istəməsə də püxtələşirdi. Çünki sənə tez-tez nazirdən, alimdən tutmuş adi işçilərə qədər yüzlərlə adamlar müraciət edir və sən də onların hamısı ilə dil tapmalısan. Onların arzularını, istəklərini müsbət həll etməlisən. Yəqin Tahir müəllim də təsdiq edər ki, orada işlədiyimiz dövr bizim həyatımızda, gələcək işlərimizdə bir təkanverici rol oynadı. Yəni həmkarlar təşkilatının çoxşaxəli olması elə bil ki, bizi həyatda sonralar böyük uğurlar qazanmağa hazırladı. Biz orada 10 il işlədik. Bu 10 il də Tahir müəllimlə mənim dostluğumun bir körpüsü oldu. Bu dostluq da əvvəldə dediyim kimi 40 ildir ki, davam edir.
- Həmin işdən sonra siz daha cavabdehli bir işə gəldiniz. Səhiyyə Nazirliyinin informatika və statistika idarəsinin baş mühasibi. Bəs bu necə oldu?
- Dövlət həmişə gələcək planlarını satatistika üzərində qurur. Bunsuz da mümkün deyil. Prezidentimizin bu yaxınlarda bir sərəncamı oldu və həmin sərəncamda da vurğulandı ki, statistika məlumatını heç kimə vermək olmaz. Statistika çox cavabdehli sahədir. Orada insandan böyük cavabdehlik tələb olunur. Səhiyyə üzrə bütün məlumatlar da bizim idarədən keçir. Buna görə də bizim idarə çox cavabdehli idarədir. Biz də çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk. Ölkəmizə də öz işimizlə layiqincə xidmət edək.
- Əlimusa müəllim 40 ildən çoxdur ki, dövlətə və dövlətçiliyə xidmət edir. Bu haqda nə deyə bilərsiniz?
- Ölkə başçımız İlham Əliyevin apardığı məqsədyönlü siyasəti mən yüksək səviyyədə dəstəkləyirəm. Onun bu siyasətini də hər yerdə təbliğ edirəm. Möhtərəm Prezidentimiz artıq ümumxalq məhəbbəti qazanıb. Ümumxalq məhəbbəti qazanmaq hər prezidentə, hər çəxsiyyətə müyəssər olmur. Çox zaman bu taledən və ciddi cəhddən asılı olur. Birinci əsasını qoyur, ikinci də bu uğuru davam etdirir. İnanıram ki, tezliklə torpaqlarımızı da azad edəcəyik. İnsanlarımız daha da firavan yaşayacaq. Həmin günlər heç də uzaqda deyil. Atalarımız da deyib ki, " səbr eləməyi bacaran insan heç vaxt tələskənliyə yol verməz". Səbr ağacı da elə uca olur ki, hər bağda bitmir. Belə ağacı ərsəyə gətirmək üçün də insana məhz böyük səbr lazımdır. Deməli, biz bir millət olaraq, səbrli olmaqla həyatda daha çox şeylər əldə edə bilərik.

Ağalar İDRİSOĞLU, Əməkdar İncəsənət Xadimi