\"Qəbələ\" \"Muğan\"ı məğlub etdi
17 Mart 2011 16:26 (UTC+04:00)
Bu gün Azərbaycan Premyer Liqasının XXIV turuna \"Muğan\" - \"Qəbələ\" matçı ilə start verilib. Siasport.az saytı xəbər verir ki, turun ilk oyun günündə cəmi 1 qarşılaşma keçirilib. Digər matçlar isə ikinci oyun günündə baş tutacaq. Turun açılış matçında \"Muğan\" doğma meydanda ikinci altılığın hazırki lideri \"Qəbələ\"ni qəbul edib. \"Qəbələ\" məhz Salyan təmsilçilərinə məğlub olduğu üçün ilk \"altılıq\"dan kənarda qalmışdı. Toni Adamsın yetirmələrinin bu qarşılaşmada qisaslarını aldılar. \"Muğan\" bu görüşdə qələbə qazandığı təqdirdə, ikinci \"altılıq\"da liderliyi ələ keçirəcəkdi. Lakin \"Qəbələ\" buna imkan verməyib. Matçda hesabı 14-cü dəqiqədə Salyan təmsilçiləri açıb. Lakin meydan sahiblərinin sevinci uzun çəkməyib. Bu qoldan 6 dəqiqə sonra Milan Antiç hesaba tarazlıq gətirib-1:1. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə daha gərgin mübarizə gedib. Matçın 80-ci dəqiqəsində qonaqlar daha bir qol vurub. Bu dəfə \"Qəbələ\"nin heyətindən Murad Hüseynov fərqlənib. Bu qoldan 3 dəqiqə sonra Nodar Məmmədov qırmızı vərəqə alaraq meydandan qovulub. \"Qəbələ\" azlıqda qalsa da matç bu hesabla başa çatıb - 1:2.