Dili korlayanların, görüm, dili lal olsun!

27 İyul 2016 18:45 (UTC+04:00)

Hansısa "söz sərrafı" Xumar Qədimovanı "İnsan, fanisən" deyə mahnı oxumağa sövq edib

Lüzumsuz kəşflər bəzən

Təəccüb gəlmir alimə,

Sözdən xam istifadə

Yayılmaqda aləmə.

Boğazdan keçməyən söz,

Bil, iflasa məruzdur.

"Evrika" demə əbəs,

Xam ifadə "xoruzdur".

Qüsurunu tutmasam,

Ürəyim aram olmaz.

Dediyinə fikir ver,

"Məhəbbət haram" olmaz.

Necə incələsən də,

Samitdən sait olmaz.

Dünyaya məxsus kəlam,

İnsana aid olmaz.

Şüurlu məxluq üçün

Məkan ani dünyadı.

İnsanın sonu ölüm,

Dünya fani dünyadı.

"Fani insan" sözüylə,

Sən qəflətdə yatırsan.

Yeni söz yaratmırsan,

Özünü aldadırsan.

Sözü oynadan sözbaz,

Sıramızda azdımı?

O müdrik Dədə Qorqud,

Səndən savadsızdımı?

Səhv yozmuşdu o düha,

Dilimizdə dörd sözü.

Peşmançılıq çəkmişdi,

Ömrü uzunu özü.

Qurbani hikmətini,

Yığıb düzməsən döşə.

Qənim olacaq sənə,

"Boynubükük bənövşə."

Kobudlaşdıqca dilin,

Artacaq dərdin-qəmin.

Düşdün gözündən elin,

"Məcnun söyüd" qənimin.

Kontöy ifadələri

İşlətmədi babalar.

"Xoruz" buraxma daha,

Qınar ellər-obalar.

Qoy zəhər saçan dilin,

Cilalanıb bal olsun.

Dili korlayanların

Görüm, dili lal olsun!