Xain FETÖ planının faş olmasında ...

19 İyul 2016 13:43 (UTC+04:00)

15 və 16 iyul tarixlərində Fətullah Gülənin terror təşkilatı kimi bilinən FETÖ (türkçə abbreviaturanın açılımı Fetullah Gülenin Terör Örgütü-R.N.) qiyamçılarının Türkiyədə həbrbi xunta yaratmaq arzularının reallaşmaması istiqamətində aparıcı rollardan biri də qardaş ölkənin media qurumlarının üzərinə düşmüşdü. Belə bir ağır məqamda, yəni FETÖ-yə gizli şəkildə sədaqət andı içmiş yüksək rütbəli zabitlərin ölkənin strateji obyektlərini qısa zamanda ələ keçirdiyi bir vaxtda Türkiyə mediasının aparıcı instansiyaları vəziyyəti onların əksinə yönəltməyi bacardı.

Hande Fıratın "demokratiyanın qurtarıcısı" adlı mobil telefonu...

İlk öncə buraya CNN TÜRK TV kanalının Ankara bürosunun aparıcısı Hande Fıratın şəxsi mobil telefonu vasitəsilə baş nazir Binəli Yıldırımın açıqlamasını yaymasını və baş verənlər ətrafında xalqa əsl həqiqəti çatdırmasını, ardınca isə prezident Rəcəb Tayyib Ərdoğanın görüntülü bağlantısıyla xalqa etdiyi çağırışını aid etmək olar. Məhz bu faktor xalqın qiyam zamanı müəyyən müddət hadisələri susqun və anlaşılmaz şəkildə seyr etməsinə son qoymuş oldu. Hətta bu gün yarı zarafat-yarı geçrək Hande Fıratın telefinuna "demokratiyanın qurtarıcısı" adını da veriblər. Xalq küçələrə axışdı və ölkəsinin demokratik dəyərlərini, dövlətçilik maraqlarını canı-qanı bahasına qorudu. Ona görə də belə qənaətə gəlmək olar ki, 15 və 16 iyul günləri Türkiyə üçün siyasi tarixinə yazılan, əbədiləşən günlərdən oldu.

FETÖ-çülərin qarşısını alan əsas faktorlardan biri

Ümumiyyətlə, nəzərə alsaq ki, Türkiyə xalqı artıq bir neçə dəfə öz tarixində hərbi çevrilişlər yaşayıb, onda xalqın nəyə görə küçlərə axışaraq dövlətçilik maraqlarını qorumasınn səbəblərini, ondan yaranan suallara cavabı növbəti dəfə vermiş olarıq. FETÖ hərbi xuntası üzərində qalibiyyət ilk öncə türk millətinin sarsılmaz iradəsinin bariz nəticəsi idi. Çünki türk milləti tarixən hərbi çevrilişlərdən heç vaxt müsbət nəticə görməyib. Türk milləti onu da yaxşı bilir ki, istənilən dövlət çevrilişinin arxasında xarici qüvvələrin maraqları dayanır. Belə bir məqamda xalq Ərdoğan iqtidarını üstün tutaraq, doğru seçim etdi. O cümlədən, zaman-zaman Ərdoğan iqtidarına qarşı ən radikal mövqe sərgiləyən müxalifət partiyalarının, xüsusilə CHP və MHP-nin dövlətçiliyin yanında dayanması xalqa daha böyük ruh, xuntaçılara qarşı daha barışmaz mövqe göstərməyə imkan yaratdı və onlar bu qətiyyətlə FETÖ-çülərin qarşısını almağa nail oldular.

Ancaq mediabu xüsusda kifayət qədər əvəzsiz xidmətlərini göstərdi. Daha dəqiq desək, sadalanan hər bir fikrin xalqa çox qısa müddətdə, hətta bir neçə dəqiqədə aşılanmasında türk mətbuatının rolu qiymətsiz oldu. Hətta deyərdik ki, bu Türkiyə mətbuatı üçün bir sınaq imtahanı idi. Sübut olundu ki, inqilablar, çevrilişlər, üsyan və qiyamların yaranmasına səbəb olam media, sosial şəbəkələr tamamilə bunun əksini də - dövlətçiliyin qorunmasını tərənnüm edə bilər.

Mən bura sizinlə bir yerdə ölməyə gəldim, Tijen xanım..!

Əlbəttə ki, buraya TRT ətrafında baş verənləri də əlavə etmək olar. Çünki qiyamçıların ilkin məqsədi məhz dövlət kanalını tutmaq idi. Hətta buna nail olundu da. Məslən, xatırlatmaq yerinə düşərdi ki, qiyamçılar TRT-ni işğal etməklə xalqı təşvişə salacaqların hesab edirdilər, o cümlədən, FETÖ-çülər internet medianın onların məğlubiyyətində əsas rol alması reallığından da xəbərsiziydilər. Belə ki, TRT-nin xuntaçılar tərəfindən zəbt olunduğu ilk olaraq sosial mediada yayıldı və xalq Ərdoğanın bu barədəki çağırışdan sonra yumruq kimi birləşib meydanlara çıxdı.

Diqqət çəkən məqamlardan biri də jurnalistlərin hadisələr ərəfəsindəki şücaətləri oldu. İstər küçələrdə, istərsə də efirdə türk jurnalisti ən yüksək peşəkarlıq nümayiş etdirdi. Xuntaçılar tərəfindən məcburən efirə çıxarılan və onların bəyanatını avtomatlarının kürəyinə dayanması şəraitində səsləndirən teleaparıcı Tijen Karaşa xalqın sahib çıxması, bir neçə dəqiqə ərzində minlərlə insanın TRT-nin mərkəzi binası önünə toplaşması isə bu məsələdə kulminasiya nöqtəsi kimi dəyərləndirilə bilər. Vətəndaşlardan biri TRT-nin məşhur xanım aparıcısına bu cür müraciət etdi.SİTAT: "Mən bura sizinlə bir yerdə ölməyə gəldim, Tijen xanım. Efirdə sizi izləyərkən nələr hiss etdiyinizi gördüm və bu səbəbdən bura gəldim..!" Məhz bu amil siravi insanların da nə qədər dövlətə və dövlətçiliyə bağlı olduğunun danılmaz sübutuydu.

Nəticə olaraq, biz burada növbəti dəfə türk millətinin iradəsi ilə yanaşı, bu iradəni qoruyub-saxlayan, təbliğ edən Türkiyə jurnslitikasının qəhrəmanlığını gördük. Bu, eyni zamanda dünya jurnalistikasına göstəriləcək bir örnək oldu...

P.S. Yeri gəlmişkən, qeyd etmək olar ki, Türkiyədə bir çox müxalifətyönlü televiziya kanalları fəliyyət göstərir. Buraya Doğan şirkətlər qrupunu və sairələrini əlavə etmək olar. Əgər bu telekanallar Ərdoğanın çağırışından sonra əks-təbliğat aparsaydılar onda hadisələrin hansı məcraya doğru dəyişəcəyini, necə qan-qadalara səbəb olacağını təsəvvürə belə gətirmək qorxunc olardı. Bu səbəbdən, 15-16 iyul tarixləri türk millətinin dövlətçiliklə vəhdətinin günü kimi ölkənin şanlı səhifəsinə yazılmış oldu.