Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın təlim səfərindədir. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə Nazirliyin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq Layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.
Səfərin ilk günündə Florensiya şəhərinin Guadagni Strozzi Sacrati sarayında Toskana Regional Hökümətinin vitse prezidenti xanım Monika Barnini, Florensiya merinin müavini xanım Kristina Caki, Toskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə birgə görüş keçirilib. Görüş zamanı ölkələrin əməkdaşlığında son zamanlarda əldə olunan nəticələr, eləcə də bunun bir nümunəsi olan Tvinninq layihəsi müzakirə edilib. Hər iki tərəf öz nitqlərində Tvinninq layihəsinin Azərbaycanın mədəniyyət sektorunun inkişafında böyük potensialı olduğunu qeyd edib.
Daha sonra mədəni irsin idarə edilməsi mövzusunda Toskana Regional Hökümətinin vəzifələrinin və müvafiq qanunvericiliyin təqdimatı keçirilib (Mədəni irs və Regional hüquq məcəlləsi).
Görüşdən sonra Florensiya şəhərinin məşhur "Vecchio" sarayına ziyarət baş tutub. Sarayın "Mus.E" Fondu tərəfindən idarəetmə üsullarının təqdimatı fondun əməkdaşları tərəfindən keçirilib. Qeyd etmək istəyirik ki, saray 2015-ci ildə 600 mindən çox ziyarətçi qəbul edib.
Xatırladaq ki, "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlayıb. Bu təlim səfəri layihənin 1.3. Fəaliyyət mərhələsini təşkil edir.

