Azərbaycan buğda yığımında gürcü fermerlərə köməklik göstərmək üçün Gürcüstana kombaynlar göndərib. "Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, pis hava şəraiti səbəbindən Kaxetiya və Kvemo Kartli regionlarında (Gürcüstanın şərqi) taxıl yığımı eyni vaxtda başlayıb. Məhsul yığımı işlərinə "Mexanizator" MMC-nin 86 kombaynı, həmçinin özəl sektorda olan bir o qədər də texnika biçinə cəlb olunub. Buna baxmayaraq güclü yağışlar səbəbindən məhsul yığımının gecikməsi bəzi rayonlarda texnika qıtlığı yaradıb. Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi maksimum müddəti nəzərə alaraq, məhsul yığımının fasiləsiz təmin olunması məqsədilə ilə Azərbaycandan əlavə texnika gətirib. Gürcüstan və Azərbaycanın kənd təsərrüfatı nazirlikləri arasındakı sazişə əsasən, Azərbaycanın kənd təsərrüfatı texnikası bir ay müddətində məhsul yığımına cəlb olunacaq. Texnikanı "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsində (Gürcüstan-Azərbaycan sərhədi – Kvemo Kartli bölgəsi) Gürcüstanın kənd təsərrüüfatı nazirinin müavini Levan Davitaşvili qarşılayıb.