Zaur Tağızadənin də futbolla vida tədbiri təşkil olunacaq
2 Mart 2011 15:18 (UTC+04:00)
Mayın 19-da Bakıda keçiriləcək "Neftçi"- "Xəzər Lənkəran" qarşılaşmasından əvvəl Zaur Tağızadənin futbolla vida tədbiri təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə "Neftçi"nin rəsmi saytına klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Departament rəisi tədbirdə bir çox planların həyata keçiriləcəyini bildirib: "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov həmişə həyatını idmana həsr edənləri, futbol veteranlarını xüsusi diqqətdə saxlayır və onlara qayğısını hər zaman nümayiş etdirir. Bilirsiniz ki, Zaur Tağızadə həm "Neftçi"də, həm də milli komandada göstərdiyi ustalıqla onminlərlə futbolsevərlərin rəğbətini qazanıb. Klub prezidenti zədəsi səbəbiylə yaşıl meydanlardan uzaqlaşan Zaur Tağızadə ilə görüşərək, onun flaqmanda məşqçi kimi çalışmasını istədi. Məhz həmin görüşdən sonra "Qızıl oğlan" əvəzedicilərimizdən ibarət komandamızda məşqçi kimi yenidən "Neftçi"yə xidmət göstərməyə başladı. Klub rəhbərliyi 19-cu Azərbaycan Premyer Liqasının son turunda baş tutacaq "Neftçi"-"Xəzər Lənkəran" matçında Zaur Tağızadənin futbolla vidalaşma mərasimini təşkil edəcək".