Aliyə Qarayeva “Moskva-Qran Pri-2011”-i 1 medalla başa vurdu

28 Fevral 2011 14:02 (UTC+04:00)
Rusiya Federasiyasının paytaxtında "Moskva-Qran Pri-2011" yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığma komandasının lideri Aliyə Qarayeva sonuncu final çıxışlarında - lentlə hərəkətlərdə mükafatçılar üçlüyünə daxil ola bilməyib və beşinci yeri tutub.

Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Marianna Vasilyeva bildirib ki, ümumilikdə yetirmələrindən çox razıdır. O deyib: "Biz Moskvada öz qüvvəmizi və rəqiblərimizin vəziyyətini qiymətləndirə bildik. Mövsümün ilk yarışlarında idmançılarımız yeni proqramlarını təqdim etdilər və bu da peşəkarlar tərəfindən yüksək qiymətləndirildi". Marianna Vasilyeva gənc gimnastlarımızın əldə etdikləri uğurları xüsusi qeyd edərək vurğulayıb ki, onların çıxışları mütəxəssislərin xoşuna gəlib: "Qrup şəklində çıxış edən gimnastlarımız son nəticədə 4 gümüş medal əldə ediblər. Bu, qarşıdakı Avropa çempionatı üçün yaxşı başlanğıcdır". Azərbaycan yığmasının lideri Aliyə Qarayevanın və digər gimnastların çıxışlarına toxunan Marianna Vasilyeva qeyd edib ki, Aliyə Qarayevanın halqa ilə hərəkətlərdə qazandığı bürünc medal hələ son hədd deyil: "Ümid edirik ki, gimnastımız növbəti yarışlarda daha yaxşı çıxış edəcək, çoxnövçülükdə və ayrı-ayrı hərəkətlərdə əldə edəcəyi mükafatlarla bizi sevindirəcək.