Bu təkrarsız, əvəzolunmaz böyük düha haqqında silsilə xatirə yazmaq mənim üçün həm çox məsuliyyətli, həm də ən şərəfli, müqəddəs bir yaddaş salnaməsidir. Mən bu xatirələrimdə çalışmışam ki, heç bir artıq əlavəyə yol verməyim. Çünki mənim bu yazımda adları çəkilən insanların, demək olar ki, əksəriyyəti sağdır və onlar Ulu Öndərlə mənim görüşlərimin şahidi olublar. Hələ ölməz Prezidentimizin mənim haqqımda elə sözləri, fikirləri olubdur ki, mən təvazökarlıq edib onları bu yazıma əlavə etməmişəm.
İLK GÖRÜŞ
1961-ci il idi. Mən Teatr İnstitutunda oxuyurdum. Atam Muxtar Nağıyev Bakıya ezamiyyətə gəlmişdi. O vaxt atam Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi idi. Mənə dedi ki, axşam səni qohumumuz Leyla xanımgilə aparacağam. Mən ondan soruşdum ki, Leyla xanım kimdir? Dedi ki, əsli-kökü irəvanlıdır. Onun atası mənim atamın həm dostu idi, həm də kirvə qohumluğumuz var idi. Axşamüstü atam Leyla xanım üçün Naxçıvandan gətirdiyi kişmişi üzümü götürüb köhnə "İnturist"dən birbaşa Zevin küçəsi- 4 ünvanında yaşayan Leyla xanımgilə gəldik. Bu ünvan mənə tanış idi. Çünki o vaxt "Ədəbiyyat və İncəsənət" qəzeti bu ünvanda yerləşirdi. Leyla xanım qapını açıb atamı görcək çox sevindi. "Ay mənim Əfşan xalamın yadigarı" deyib atamı qucaqlayıb öpdü. Biz otağa girəndə, yan otaqdan Gülarə xanım Əliyeva çıxdı və atamla mehribancasına görüşdü.
- İndi Heydər də gələcək, biz irəvanlıların paxlalı plovunu çox xoşlayır.
Az sonra Heydər Əliyev gəldi. Atamla çox mehriban görüşdülər. Biz süfrə arxasında Leyla xanımın Naxçıvan qovurması ilə paxlalı plovunu yedik. Leyla xanım atamın qardaş-bacılarının necə mehriban olduqlarından ürəkdolusu danışır, uşaqlıq və gənclik illərini vərəqləyirdi.
O vaxt Heydər Əliyevin rütbəsi polkovnik idi. Atam mənim Teatr İnstitutunda oxumağımdan, rejissor olmaq həvəsimdən söz açdı. Görkəmli rejissor Tofiq Kazımovun təşəbbüsü ilə Akademik Dram Teatrında səhnə fəhləsi kimi işə düzəlməyimdən danışdı. Mənim bu addımımı Heydər Əliyev razılıqla qarşıladı. Çünki o özü də hələ uşaq yaşlarından Naxçıvan şəhər Pioner və Məktəblilər Evində görkəmli rejissor və aktyor Miribrahim Həmzəyevin rəhbərlik etdiyi dram dərnəyində baş rollarda çıxış etmişdi. Xüsusilə, "Ağlar və qaralar" tamaşasına görə xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.
Leyla xanım atamın gəlişinə o qədər sevinirdi ki, tez-tez "Ay mənim Əfşan xalamın yadigarı" deyirdi. Sonra çay süfrəsində Heydər Əliyev anamla orta məktəbdə birgə oxumaqlarından, Pedaqoji Texnikumu əla qiymətlərlə bitirmələrindən, voleybol komandasının üzvləri kimi məşqçi İbrahimxəlil Axundovun rəhbərliyi ilə 1937-ci ildə birgə Spartakiadaya getmələrindən söhbət açdı. Heydər Əliyev atama və mənə məlum olmayan bir əhvalatı danışdı. Dedi ki, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunun buraxılış məzunlarının venetkası hazırlanan vaxt texnikumun direktoru Kazım Talıbova töhmət verilmişdi. Ona görə ki, venetkada Pakizə Abbasovanın şəkli ən yuxarıda vurulmuşdu. Pakizə xanım isə mülkədarın qızı olduğu üçün Kazım Talıbovu siyasi sayıqlığını itirməkdə günahlandırmışdılar. O isə demişdi ki, "Pakizə Abbasova həm dərs əlaçısıdır, həm də qızların içində ən gözəlidir". Bu sözdən sonra atam dönüb mənə baxdı və dedi: evimizdə olan venetkada Heydər Əliyevin şəklini sənə göstərərəm".
İndi o venetka Heydər Əliyev Fondunda nümayiş etdirilir.
İKİNCİ GÖRÜŞ
1940-1950-ci illərdə Heydər Əliyev Naxçıvanda "KQB"-də işləyən zaman onun ən yaxın dostlarından biri də İsa Məmmədov idi. O, Naxçıvan şəhər İnternat Məktəbinin direktoru, sonralar isə Naxçıvan MSSR-in mədəniyyət naziri olmuşdur.
Mən həmişə Bakıya gələndə İsa müəllim mütləq Heydər Əliyevə Naxçıvanın matahları sayılan Şahtaxtı qovunu, Nehrəm pendiri, Ordubadın gül və qoz mürəbbələrini və kişmişi üzüm göndərərdi. Mən dəfələrlə Heydər Əliyevin yaşadığı "Cənub" mehmanxanasının yanındakı evə bu pay-puşu gətirərdim. 1964-cü ilin fevral ayında mən qatardan düşüb Heydər Əliyevgilə gəldim. İstirahəi günü idi. Zəngi çaldım. Özü qapını açdı və diqqətlə mənə baxdı. "Mənə tanış gəlirsən, sən kimsən?" - dedi. Dedim Heydər müəllim, mən Muxtar Nağıyevin oğluyam, siz məni Leyla xanımgildə görmüsüz. Mən Muxtar Nağıyevin oğlu olduğumu deyəndə - "Hə, hə yadıma düşdün. Keç içəri," - dedi.
- Ay Zərifə, mən sənə bir hadisə danışmışdım ha, o xanımın oğludu - dedi.
Səhər süfrəsinə oturduq. Heydər Əliyev 1947-ci ildə anamın doğuş vaxtı vəfat etdiyini və atamın dəfn mərasimində "Pakizə, sən mənim birinci və sonuncu məhəbbətim oldun" deməyini xatırlatdı. Sonra o, İrəvanda Leyla xanımla atamgilin yaxın ailə olmaqlarından danışdı.
ÜÇÜNCÜ GÖRÜŞ
1964-cü ildə Naxçıvan MSSR-in yaranmasının 40 illiyi münasibətilə böyük hazırlıq işləri gedirdi. Çünki yubiley tədbirinə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov başda olmaqla bütün büro üzvləri və dəvət olunmuş qonaqlar Naxçıvana gələcəkdi. O vaxt Naxçıvan şəhəri ilə dəmiryol vağzalı arasındakı magistral çox bərbad vəziyyətdə idi. Ona görə də təcili olaraq yeni yol salınmalı idi. Bu yolun salınmasını Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimov atama həvalə etmişdi. O vaxt atam Muxtar Nağıyev Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi idi. Yaxşı yadımdadı. Bu işi yubiley tədbirlərinə qədər çatdırmaq üçün Ordubad rayonunun çaylarından maşınlar gecə-gündüz çınqıl daşıyırdı. Gecə projektorlar altında dayanmadan iş gedirdi. Nəhayət, yubileyə qədər yeni yol inşa olundu. Bu gün də həmin yol öz gözəlliyini və abadlığını saxlayıb. Gələn qonaqlar dəmiryol vağzalında orkestr və gül-çiçəklə qarşılandı və təzə yolla şəhərə gəldilər. Yubiley tədbiri N.Nərimanov adına şəhər stadionunda keçirildi. Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimov öz çıxışında atamın az müddət ərzində ərsəyə gələn bu yolun inşaasında çəkdiyi zəhməti yüksək qiymətləndirdi və ona Naxçıvan MSSR-in Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanının verilməsi münasibətilə təbrik etdi. Mən həmin tədbirdə atamın yanında oturmuşdum. Əslində, mənim oturduğum yer atamın baş mühəndisi Həsən Salahovun yeri idi. Onu anası ağır xəstə olduğundan, mən əvəz etdim. Sonra Naxçıvan şəhər İnternat Məktəbində böyük qonaqlıq oldu. Həmin qonaqlıqda Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Hacıbaba Əfəndiyev gəlib atamla görüşdü və atamı Vəli Axundova təqdim etdi.
- Vəli Yusifoviç, bu Muxtar Nağıyevlə mən Nəriman Nərimanov adına Tikinti Texnikumunu birgə oxumuşuq. Mənim həyatda ən əziz və vəfalı dostumdur.
Vəli Axundov atamla görüşdü və yeni yolun çəkilişi münasibətilə atama təşəkkür etdi. Atam Vəli Axundovdan bacanağı Ələkbər İsmayılovu və onun həyat yoldaşı Sürəyya xanımı soruşdu. Onlara öz salamını yetirməyi xahiş etdi. Ələkbər İsmayılov vaxtilə Naxçıvanda səhiyyə naziri işləmişdi və xanımı da gözəl həkim idi. Bizim ailə ilə çox mehriban dostluq əlaqələri var idi. Oğlu Nazimlə tez-tez Bakıda görüşüb, evlərinə qonaq gedərdim.
Həmin banketdə Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov muxtar respublikamızın yetirməsi, o vaxt Azərbaycan "KQB"-nin sədr müavini işləyən Heydər Əliyevə general-mayor rütbəsi verilməsini elan etdi. Hamı bu xoş xəbəri gurultulu alqışlarla qarşıladı. Atam Muxtar Nağıyev o vaxtın ziyalıları Kazım Kazımov, Qasım Rəcəbli, Təvəkkül Heydərov, Ənvər Vəzirov və başqaları gəlib Heydər Əliyevi təbrik edib onunla xatirə şəkli çəkdirdilər. Həmin gecəni Azərbaycan KP MK-nın katibi Hacıbaba Əfəndiyev axşam qonaq evində yox, bizdə qaldı və atamla səhərə qədər söhbət etdilər.
DÖRDÜNCÜ GÖRÜŞ
1971-ci ildə mən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyirdim. İlk işim Xanımana Əlibəylinin "Dovşanın ad günü" pyesi oldu. Həmin tamaşa çox uğurlu alındı və Bakıdan gələn Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi tərəfindən bəyənildi. Bu yaxşı quruluşa görə məni Soçiyə "İzvestiya" Sanatoriyasına istirahətə göndərdilər. Sanatoriyadan qayıdıb Bakıya gələndə atamla bibim qızıgildə görüşdüm. Atam mənə dedi ki, mən bu gün Naxçıvana qayıtmalı idim, lakin Leyla xanım qoymadı. Dedi ki, bu gün nəvəmin ad günüdür, səni də özümlə aparacağam. Axşamüstü atam hədiyyə aldı və mənimlə birlikdə Leyla xanımgilə gəldik. Leyla xanım çoxlu şirniyyat bişirmişdi. Biz hər üçümüz birlikdə maşına əyləşib Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun yanında yerləşən Heydər Əliyevin bacanağı Fərrux əminin yaşadığı evə gəldik. Biz evə yaxınlaşanda, bu vaxt Zərifə xanım və övladları maşından düşdülər. Gözlənilmədən maşının arxa qapısından Heydər Əliyev düşüb atamla qucaqlaşıb görüşdü və dedi: "Bu şair-rejissor oğlundur da?" Atam dedi bəli, teatrda işləyir.
- Mənim tədbirim olduğu üçün ad günündə iştirak edə bilməyəcəyəm. Sabah axşam tərəfi Mərkəzi Komitəyə gəl, səninlə söhbətim var.
Ad günü çox maraqlı keçdi. Belə ki, Heydər Əliyevin bacanaqları Fərrux Məmmədov, həkim Ağalı Babayev, qaynı həkim Tamerlan Əliyev atamla köhnə dostlar kimi görüşdülər. O vaxt Heydər Əliyevin kiçik qaynı Cəmil Əliyev xəstəxanada müalicə olunurdu. O, hazırda Respublika Ankoloji Xəstəxanasının baş həkimidir. Məclisin şirin yerində Amerika Birləşmiş Ştatlarından zəng gəldi. Danışan Heydər Əliyevin bacanağı böyük kimyaçı-alim Edison idi. O, ilk növbədə, Cəmilin səhhətini soruşdu. Leyla xanım isə Zərifə xanımın, Tamerlan həkimin bu gün yanında olduqlarından və Cəmilin səhhətinin çox yaxşı olmasını bildirdilər. Məclis qurtaranda mən atamdan Amerikadan zəng edən Edisonun kim olduğunu soruşdum. Atam dedi ki, o, əslən ordubadlıdır və mənim mühasibim Əlimərdanovun qardaşı oğludur. Amerikada elmi təcrübədədir.
Sabahısı gün atam Mərkəzi Komitəyə Heydər Əliyevin görüşünə getdi və istirahət günü Zuğulbada qaldılar.
BEŞİNCİ GÖRÜŞ
1971-ci ilin sentyabr ayı idi. Teatr mövsümü təzə başlamışdı. Mən Bəxtiyar Vahabzadənin "İkinci səs" pyesini tamaşaya hazırlamalıydım. Bu vaxt teatrın baş rejissoru Nəsir Sadıqzadə məni kabinetinə çağırıb dedi:
- Ramiq, tamaşanı hazırlamaqdan imtina et.
Dedim:
- Nəsir müəllim, nə üçün?
Dedi teatrın direktoru Adil Salmanov ixtisasca kitabxanaçıdır. Onu işdən çıxartdırıb xalq artisti Miribrahim Həmzəyevi yenidən teatra direktor gətirməliyik. Mən də tamaşa hazırlamayacağam. Sabahsı gün teatrın direktoru məni çağırdı və əmr etdi ki, sabahdan məşqə başla. Beləliklə, mən ortada qaldım. Vəziyyət çox gərginləşdi. Mən məcburiyyət qarşısında qalıb Naxçıvan MSSR mədəniyyət naziri, xalq yazıçısı Hüseyn İbrahimovun yanına gəldim. Ona vəziyyəti olduğu kimi danışdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsin. O, əvvəl narazılığını bildirdi. Lakin mənim qəti inadımı görüb dedi:
- Şahbuz rayon musiqi məktəbinin direktoru yeri boşdu, bəlkə ora gedəsən.
Mən dərhal razı oldum və sabahısı gün əmrimi aldım. Cəmi 10 gün idi ki, Şahbuzda işləyirdim. Bu vaxt orta yaşlı bir nəfər musiqi məktəbinə gəldi və özünü təqdim etdi: mən kənd məktəbində işləyirəm, adım da Valeh müəllimdir. Tanış olduq və gəlişinin məqsədini soruşdum. O, bacısı oğlu Şamilin şərlənib 8 il iş aldığını və dəfələrlə Heydər Əliyevə məktub yazıb, heç bir cavab ala bilmədiyini söylədi. Dedim Valeh müəllim, məktubu haradan göndərmisiz? Dedi Şahbuz rayon poçt şöbəsindən. Mən güldüm və dedim ki, o məktublar Şahbuzdan o yana çıxmayıb. Sən hadisəni olduğu kimi Heydər Əliyevin adına yaz, mən göndərərəm. O, sabahısı gün Heydər Əliyevə ünvanladığı məktubu gətirib mənə verdi. Mən məktubu oxudum və Valeh müəllimə dedim ki, narahat olmayın, mən Naxçıvandan yola salacağam. Lakin mən məktubu yola salmamış Şahbuzun ziyalıları ilə Şamil Qəhrəmanov haqqında söhbət etdim və bu hadisədə onun cinayəti olub-olmadığını soruşdum. Şahbuzun sabiq birinci katibi Mənaf Xudiyev, keçmiş rayon İcraiyyə Komitəsinin sədri Əsəd Quliyev, ziyalılardan Bayram Qurbanov, Bahadur İbrahimov mənə dedilər ki, o, cinayəti törədən rəhbər vəzifədə işləyən bir şəxsin yaxın qohumudur.
Hadisə belə olub. Dağ kəndindən "Q" adlı qız (ad şərtidir) Şahbuz rayonuna 3 aylıq satıcılıq kursuna gəlib. Həmin qız Şahbuzda qohumu olan Məhəmməd kişinin evində qalırmış. Qıza dərs keçən "D" (ad şərtidir) bu qızı yoldan çıxarır və qız hamilə olur. Rayon camaatı bilməsin deyə qızı Naxçıvan doğum evinə gətirir və təcili 20 yaşlı Şamili həbs etdirir. Hakim Şamilə şərt qoyur, ya qızla evlən ya da 8 il iş alırsan. Şamil isə bu cinayətdən xəbərsiz olduğunu söyləyir və 8 il iş almağa etiraz etmir.
Beləliklə, hakim Şamilə iş kəsib Bakı həbsxanasına göndərir. Qızı doğduğu uşaqla xəstəxanadan çıxaran həmin cinayətkar yolda uşağı çayın qırağına atıb rayona qayıdır. Bir gündən sonra çobanlar uşağı ölmüş vəziyyətdə görüb milisə xəbər verirlər.
Mən Valeh müəllimin Ulu Öndərə ünvanladığı məktubu götürüb Naxçıvana gəldim və Leyla xanıma kiçik bir məktub yazdım:
"Çox hörmətli Leyla xanım!
Salamlar. Sizə bu məktubu yazan qohumun irəvanlı Muxtar kişinin oğludur. Sizdən xahiş edirəm, siz Cəmilin canı, bu məktubu Heydər Əliyevə çatdırın. Bu kasıb oğlan günahsız həbs olunubdur".
Bu məktubdan 20 gün keçmişdi, bir də xəbər yayıldı ki, Şamili İliç rayonuna gətiriblər. Zəng ediblər ki, gəlin oğlunuzu aparın. Şamil Şahbuza qayıtdı və dedi:
- Məni Bakı həbsxanasından çıxarıb Bakı-İrəvan qatarına mindirdilər. Araz boyu yola baxırdım. Fikirləşdim ki, yəqin məni Naxçıvan həbsxanasına aparırlar. Lakin qatar tərpənəndə ürəyimə elə gəldi ki, məni İrəvan həbsxanasına aparırlar. Düzü yaman qorxdum. Sonra İliç (Şərur) rayonunda vağzalda məni düşürüb, milis idarəsinə gətirdilər və dedilər ki, evinizin telefon nömrəsini de, gəlib səni aparsınlar. Həyəcandan evimizin telefon nömrəsini yadıma sala bilmədim. Onlar Şahbuz milis idarəsinə zəng vurdular ki, qardaşlarım gəlib məni aparsınlar.
Şamilin atası Məhəmməd kişi hərbi komissarlıqda gözətçi işləyirdi. Üzündən nur tökülürdü. Çoxlu uşaqları vardı. Bütün rayon camaatının bu kişiyə böyük rəğbəti vardı. Demək olar ki, bir ay onların həyətində qonaqlıq oldu. Hər kəs öz quzusunu, çəpişini, hinduşkasını gətirib gözaydınlığı verirdi. Bir gün Naxçıvan MSSR "KQB"-nin əməkdaşı Nadir Əfəndiyev Şahbuza gəldi. O, "KQB"-nin Şahbuz rayonu üzrə kuratoru idi. Həm də bizim Naxçıvanda Sarvanlar məhəlləsində gözəl ailə başçısı olan Cəfər Həsənəliyevin qızı Lətifə ilə evlənmişdi. O, bic-bic mənə baxıb güldü:
- Deyirsən bəs elə məktub yazmağınla Şamili həbsdən azad etdilər? Heydər Əliyevin göstərişi ilə Bakıdan Şahbuza gələn "KQB" işçisi üç gün Şahbuzda mehmanxanada qalıb, camaatla söhbət edib. Həmin "KQB" işçisi guya işlə əlaqədar Şahbuz avto-təmir zavoduna ezam olunmuşdu. Mən heyrətlə Nadir Əfəndiyevə baxdım. O dedi:
- Mənimlə olan bu söhbəti yadından çıxart. Hazırlaş, sabah səninlə Bakıya gedəcəyik. Mən gəlib mədəniyət naziri Hüseyn İbrahimova əhvalatı danışdım, o, mənə ezamiyyət vərəqəsi yazdı. Mən Nadir Əfəndiyevlə Bakıya yola düşdüm.
Mən səhərisi gün onunla düz köhnə "İnturist"ə gəldik. Yer alıb səhər yeməyini yeyəndən sonra düz "KQB"-yə gəldik. "KQB"-də məni və Nadir Əfəndiyevi sədrin müavini yaşlı bir kişi qəbul etdi. Çox söhbətdən sonra hiss etdim ki, həmin cinayəti törədən adamın kim olduğunu dəqiqləşdirmək istəyir. Çünki Şahbuza ezam olunan "KQB" əməkdaşı heç bir kimsənin dilindən həmin adamın adını öyrənə bilməmişdi. Elə Şamilə şər atılıb demişdilər. Çünki hamının güman etdiyi adam vəzifəli şəxsin yaxın qohumu idi.
Mən səhərisi günü bəstəkar dostum Nəriman Məmmədovla Leyla xanımgilə getdim. Leyla xanımgildə Heydər Əliyevin İncəsənət İnstitutunda prorektor işləyən bacanağı Adil Adilovu gördüm. O, həmin Adil müəllim idi ki, pianoçu-bəstəkar Gülarə xanımın həyat yoldaşı idi. O, mənimlə çox soyuq görüşdü. Çünki sabiq rektorumuz Rahib Hüseynova mənim haqqımda xoşagəlməz sözlər demişdi.
Bu vaxt telefon zəng çaldı. Leyla xanım yan otağa keçdi. Danışığından hiss etdim ki, Heydər Əliyev nahara bura gəlir. Adil müəllim tez ayağa qalxıb, getmək istədiyini bildirdi. Adil müəllim gedən kimi mən də, Nəriman müəllim də ayağa qalxıb getmək istədik. Leyla xanım qoymadı, Heydərə demişəm ki, Muxtar kişinin oğlu Nəriman Məmmədovla bizdədir. Dedi, onlara de getməsinlər, mənim söhbətim olacaq. Mən Heydər Əliyev gələnə qədər gənc oğlan Şamilin həbsdən azad olunmasında böyük rolu olan Leyla xanıma onların ailəsi adından və öz adımdan minnətdarlığımı bildirdim.
Heydər Əliyev nahara gəldi. Nərimanı görcək mehribanlıqla görüşdü. Mənimlə görüşəndə "böyük qəhrəmanlıq eləmisən" dedi və Nərimandan o vaxt gənclikdə dostluq etdikləri Şulan Ələkbərovu, "Poka Mamed"i, Mirzə Tapdığı soruşdu. Nəriman müəllim Şulanın Gəncə Musiqi Texnikumunda işlədiyini söylədi. "Poka Memed"lə Mirzə Tapdığın Naxçıvanda sağ-salamat olduqlarını dedi.
- Muxtar Abbasoviç necədir? Yenə yol işinə baxır? Çox gözəl insan, gözəl mütəxəssisdir. Heyif Pakizədən, onun həyatını məhv elədi. Sənin anan nümunəvi xanım idi.
Sonra Heydər Əliyev mənim KQB-yə çağırılmağımdan xəbərdar olduğunu bildirdi və dedi:
- Baxmayaraq ki, heç kim o naqis adamın adını çəkmir, ancaq mənə onun kim olduğunu deyiblər. Kürəkəni vəzifə sahibidir, həm də böyük ümidverici, perspektivli ziyalıdır, getsin qurban olsun ona. Bir də ki, bu, xoşagəlməz hadisədir, respublikamızın adına ləkə gətirə bilər. Ona görə də göstəriş vermişəm, onu işdən qovub cəzalandırsınlar.
Mən Qəhrəmanov ailəsini sevindirən Heydər Əliyevə bütün Şahbuz camaatı adından minnətdarlığımı bildirdim.
ALTINCI GÖRÜŞ
1976-cı ilin iyul ayı idi. Mən dama üzrə xatirə turnirində Bakıda yarışa qatılmışdım. Məqsədim SSRİ idman ustası normasını ödəmək idi. Yarışın qurtarmasına bir gün qalmış "Bakı" mehmanxanasında atamla rastlaşdım.
- Xeyir ola, Bakıya gəlməyin - deyə soruşdum.
- Heydər Əliyev çağırıb, bilmirəm nə məsələdi? Sabah səni də aparacağam Leyla xanımgilə, orada görüşcəyik.
Axşam atam Səhiyyə işçilərinin mədəniyyət evinə gəldi. Mən son oyunumu Panamarovla keçirib, qalib gəldim və SSRİ idman ustası normasını ödədim. Köhnə "İnturist"də atam dostları Lütvəli Abdullayev, Fərrux Məmmədov, Ağaəli həkim və Novruz Kazımova gözəl qonaqlıq verdi.
Sabahısı gün günortaya yaxın biz Heydər Əliyevin qaynanası Leyla xanımgilə (o, böyük ictimai xadim Əziz Əliyevin həyat yoldaşıydı) gəldik. Leyla xanım sanki itmiş qardaşını gördü.
- Ay Muxtar, nə yaxşı ki, gəldin, görüşdük. Bir də gələndə, artıq mən olmayacağam.
Atam ona ürək-dirək verdi. Leyla xanımın evində iki qadın qonağı vardı. Onların biri Kövsər xanım Tarverdiyeva idi. Pedaqoji İnstitutda ədəbiyyat üzrə alim idi. Atamla görüşüb öpüşdü. İkinci xanım yazıçı-dramaturq Sabit Rəhmanın həyat yoldaşı İsmət xanım idi. Əslən irəvanlı idi, həm də atamgilə qohum idi. Rəhmətlik Emin Sabitoğlunun anasıydı.
Söhbət saat 6-ya qədər uzandı. Zəng oldu ki, Heydər Əliyev saat 7-də gələcək. Leyla xanımın qonaqları getdilər. Az sonra Heydər Əliyev gəldi. Atamla mehribanlıqla görüşdü. Məni görcək üzünü atama tutub dedi:
- Bildin ki, oğlun Şahbuz aşıqlarını yuxarı kürsüyə qaldırmaqla böyük qalmaqal yaradıb. Yaxşı ki, Mədəniyyət Nazirliyi bu işə qarışdı, sakitləşdilər. Bu vaxt oğlun Bakıda nə edir?
Atam dedi:
- Heydər Əliyeviç, oğlum Ramiqi təbrik elə, dünən rus daması üzrə SSRİ idman ustası normasını ödəyib.
Heydər Əliyev təəccüblə soruşdu:
- Naxçıvan hara, rus daması hara? Adətən, bu oyuna başqa millətlərin nümayəndələri maraq göstərir. Naxçıvanda məşqçin kim olub?
Dedim:
- Heydər Əliyeviç, mənim məşqçim Kuperman və Kaplanın dama üzrə nəzəriyyə kitabı olub.
Heydər Əliyev məni təbrik etdi və dedi:
- Oktyabr ayında mən SSRİ nümayəndə heyətinin rəhbəri kimi Yuqosloviyaya rəsmi görüşə gedəcəyəm. İosip Broz Tito ilə görüşüm olmalıdır. Azərbaycanın fəal gənclərindən bir qrup da o vaxt orada olmalıdır. Sabah get komsomolun Mərkəzi Komitəsinə, sənədlərin hazırlansın. Bu da idman ustası adı almağına mənim hədiyyəm olsun. Orda səni gözləyəcəklər.
Sonra atama dedi ki, Muxtar Abasoviç, artıq təqaüdə çıxmısan. Bizim istirahət mərkəzimiz var. Həm ora rəhbərlik edərsən, həm də dincələrsən. Atam minnətdarlığını bildirdi və dedi:
- Heydər Əliyeviç, siz 1969-cu ildə birinci katib seçiləndə də, məni Bakıya işləməyə dəvət etdiniz. Mən hər cümə axşamı qəbir üstünə çıxıram. Mən Naxçıvansız bir gün də qala bilmərəm. Çox sağ ol.
Sonra Heydər Əliyev xalam Mənsurə müəlliməni soruşdu və ondan incik olduğunu duydum. Qızına elçiliyə gedib. Zərifə xanım, Şəfiqə bacım yaş fərqini ortaya atıb, razılıq verməyib. Hiss etdim ki, atam bu işdən xəbərsizdir. Amma mən bilirdim ki, xalam qızı 6-cı mikrorayonda yaşayan vaxtı Zərifə xanım, Şəfiqə xanım və bu gün xalqımıza rəhbərlik edən Prezidentimiz uşaq olsa da, anası və bibisi ilə birlikdə elçiliyə gəlmişdilər.
Nə isə mən səhərisi gün komsomolun Mərkəzi Komitəsinə getdim. Məni çox hörmətlə qarşıladılar və bəzi sənədləri Naxçıvandan göndərməyi xahiş etdilər.
Oktyabr ayında biz Azərbaycanın fəal gəncləri qatarla Moskvaya yola düşdük. Qrupun rəhbəri Mərkəzi Komitənin əməkdaşı, həm də gözəl şairimiz Ramiz Məmmədzadə idi. O, həm də gözəl şairdi.
Mən o vaxt Şahbuz rayon musiqi məktəbinin direktoru idim. Bütün bakılı gənclər məni "KQB"-nin əməkdaşı olduğumu düşünürdülər. Hətta siyasi rəhbər kimi gedən polis kapitanı Alik Ramazanov da məndən əsas rəhbər kimi çəkinirdi. Biz on beş gün Yuqoslaviyada qaldıq. Heydər Əliyevin adaya gedib İosip Broz Tito ilə görüşməyini televizorda seyr edirdik.
Səhəri gün mən Naxçıvana evə zəng vurdum. Yoldaşım dedi ki, atan Bakıdadır. Leyla xanım rəhmətə gedib. Mən Bakıya gələndə, bəstəkar Nəriman Məmmədov mənə dedi ki, yasın ağsaqqalı Muxtar əmi idi. Atan məclisdə Leyla xanımın oğlu Tamerlan və Cəmillə birgə oturmuşdular. Gələnləri qarşılayıb yola salırdılar.
YEDDİNCİ GÖRÜŞ
1978-ci ildə mən artıq Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı Evinin direktoru vəzifəsində çalışırdım. Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Vahid Bağırov mənə zəng vurdu ki, saat 6-da yanımda ol. Mən saat 6-da Vahid Bağırovun yanında oldum. Heç bir söz demədən məni Vilayət Partiya Komitəsinin birinci katibi Kamran Rəhimovun yanına apardı. Mən kabinetə girəndə gördüm ki, Fikrət Əhmədov da buradadı. Mənimlə görüşdü və aşıqların qalmaqalını Kamran müəllimə danışdı. Kamran müəllim üzünü mənə tutub dedi:
- Nağıyev, səni istəyirik Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri təyin edək. Bunu katib Vahid Bağırov təklif edir. Həm də deyir sən SSRİ idman ustasısan. Bu işin öhdəsindən gələ bilərsənmi?
Mən bir az fikrə getdim. Bu vaxt Fikrət Əhmədov dilləndi. Ramiq, bizi narahat edən "Araz" futbol komandasıdır. Heydər Əliyev yoldaş deyir ki, elə bir adam tapıb qoyun ki, "Araz" komandasını bir-iki pillə yuxarı qaldırsın, lap aşağıda olmasın. Doğrudan da 21 komanda içərisində "Araz" komandası həmişə sonuncu yerdə olurdu və hər mövsüm 15-ə qədər top vurub, 100-dən artıq qol buraxırdı. Mən bir az fikrə getdim. Fikrət Əhmədov məni bir az da həvəsləndirdi.
- Aşıqları birinci yerə çıxaran adam bunun da öhdəsindən gələr, razılıq ver. 1976-cı ilin yazında Bakıda özfəaliyyəi kollektivlərinin müsabiqəsində Şahbuz rayon aşıqları Tovuz, Salyan və Qazax aşıqlarını geridə qoyub, birinci yeri tutmuşdular. Bu işdə bəstəkar dostlarım mənə üzgörənlik etmişdilər.
- Kamram müəllim, əgər mənim iki təklifimlə razılaşsanız, mən söz verirəm ki, "Araz" futbol komandasını üzümüzə gələn mövsümdə orta sıralara qaldıra bilərəm.
- Nədir iki təklifin? - deyə Kamran Rəhimov soruşdu:
- Birinci, muxtar respublikada Futbol Federasiyası yaradılsın, sədr isə ya respublikanın baş prokuroru general Həbib Rzayev olsun, ya da ki, daxili işlər naziri Sadıq Sadıqov.
Elə bu söz ağzımdan çıxan kimi Kamran müəllim telefon dəstəyini götürüb baş prokurora zəng çaldı.
- Yoldaş general, sizi təbrik edirəm, bu gündən oldun muxtar respublikanın Futbol Federasiyasının sədri. Ramiq Nağıyev adlı bir yoldaşı Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinə sədr təyin edirik. Sabah gəlib sizinlə söhbət edər.
- İkinci təklifin nədir?
- İkinci təklifim, mənim yaxın dostum Əhməd Ələsgərovu Odessadan Naxçıvana gətirməkdir. Bu təklifə Fikrət Əhmədov tez müdaxilə etdi.
- Bilirsən Nağıyev, Əhməd Ələsgərovu Heydər Əliyev yoldaş Azərbaycandan qovub, bu təklifi mən onunla razılaşmalıyam. Sabah mən Bakıdan zəng edib yoldaş Kamran Rəhimova bu təklifin nəticəsini bildirərəm. Sabahısı gün ideoloji katib Vahid Bağırov mənə zəng vurub Heydər Əliyev yoldaşın razılıq verdiyini söylədi. Bir neçə gündən sonra məni təsdiq üçün Bakıya çağırdılar. Mən Mərkəzi Komitədə Fikrət Əhmədovun müavininin (adı xatırımda deyil, ancaq onu bilirəm ki, həmin yoldaş sonralar səhiyyə naziri oldu), kabinetində oturdum. Fikrət Əhmədov bir neçə dəqiqədən sonra məni Heydər Əliyevin yanına apardı. Kabinetində büro üzvləri əyləşmişdi. Əlavə o vaxt Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləyən Gennadi Rzayev də iştirak edirdi. Heydər Əliyev üzünü büro üzvlərinə tutaraq, rus dilində dedi:
- Yoldaşlar, bu gün Naxçıvan Muxtar Respublikamızın Bədən Tərbiyəsi və İdman Komitəsinə təsdiq edəcəyimiz Ramiq Muxtar oğlu Nağıyevi mən çox yaxşı tanıyıram. Onun atası tikinti mütəxəssisi kimi həmişə rəhbər vəzifələrdə işləyib, anası ilə mən həm orta məktəbdə, həm də Pedaqoji Texnikumda birgə oxumuşuq. Ramiq Nağıyev İncəsənət İnstitutunu bitirsə də, həm də dama üzrə SSRİ İdman ustasıdır. İki il bundan qabaq o idman ustası normasını ödədiyinə görə, Azərbaycanın Yuqoslaviyaya gedən fəal gənclərdən ibarət qrupunun tərkibinə onun adını da saldırmışdım.
Mən inanıram ki, o, bu işin öhdəsindən gələcək.
Büro üzvləri razılıqlarını bildirib kabineti tərk etdilər. Məni, Gennadi Rzayevi, Fikrət Əhmədovu Heydər Əliyev kabinetində saxladı və onlara mənə yaxından kömək etməyi, idman avadanlıqları ilə müntəzəm təchiz etməyi, özünün hər kvartal Naxçıvana getməyini tapşırdı. Mən həmin görüşdə hiss etdim ki, Heydər Əliyev yoldaşın Gennadi Rzayevə xüsusi hörməti var. Çünki üzünü Fikrət Əhmədova tutub dedi:
- Siz də Fikrət Həmidoviç, təklif edirəm, Gennadi Rzayevə münasibətlərinizdə mehribançılıq yaradın.
Həmin günün axşamı Gennadi Rzayev məni və müavini Həsən Ələkbərovu şam yeməyinə apardı. İlk badəni mənim sağlığıma içdi və işdə mənə uğurlar dilədi. Sonra Rzayev mənə dedi ki, yoldaş Heydər Əliyev sonda Fikrət Əhmədova nə dedisə onu söylə, qoy Həsən Ələkbərov da eşitsin. Mən dedim yoldaş Rzayev mənim ixtiyarım yoxdur kabinetdə olan söhbəti danışam. Bu söz Rzayevə çox xoş gəldi və özü dedi: Yoldaş Heydər Əliyeviç Fikrət Əhmədov yoldaşa dedi ki, Gennadi Rzayevlə münasibətinizi bərpa edin.
Sonralar Gennadi Rzayev mənə dedi ki, Fikrət Əhmədovun ona qarşı soyuq münasibəti vardı. Mən onları Moskvada Mərkəzi Komitədə bədən tərbiyəsi və idmanın inkişafına həsr olunmuş plenumda daha da mehribanlaşdırdım. Həmin plenuma Mərkəzi Komitənin katibi Kolitonov yoldaş sədrlik edirdi.
SƏKKİZİNCİ GÖRÜŞ
1979-cu ilin iyul ayı idi. Bu vaxt Azərbaycan KP Mərkəzi Komitəsindən hökumət teleqramı aldım. Teleqramda yazılmışdı ki, Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri kimi mən və "Araz" futbol komandasının baş məşqçisi Əhməd Ələsgərov 3 gündən sonra Mərkəzi Komitənin bürosunda olun. Həmin vaxt Əhməd Ələsgərov komanda ilə Orenburq şəhərində səfərdə idi. Çox çətinliklə onunla əlaqə saxladım və dedim təcili uç Bakıya, Mərkəzi Komitədə olmalıyıq. Mən Əhməd Ələsgərovdan 1 saat qabaq Mərkzi Komitəyə gəldim və Fikrət Əhmədov yoldaşla görüşdüm. O mənə dəvət olunmağımın məqsədini açıqladı: "Neftçi" komandasının baş məşqçisi İqor Netto komandanı tərk eləyib çıxıb gedib Moskvaya. İndi komanda pis vəziyyətdə qalıbdır. "A" qrupundan çıxmaq qorxusu yaranıbdır. Ona görə belə qərara gəldik ki, Əhməd Ələsgərovu "Neftçi"yə gətirək, bu təhlükə sovuşsun.
- Fikrət Həmidoviç birinci dövrəni birinci yerdə başa vurmuşuq. İkinci yerdə gedən Lanxuxinin "Quriya" komandasından 7 xal artıq toplamışıq, ikinci dövrdə ilk oyununda Lənkəranın "Xəzər" komandası ilə keçirib 9 xal toplaya bilərik.
- Niyə mənim zəhmətimi yerə vurursuz?
Dedim başqa çıxış yolu yoxdur. Əhməd Ələsgərov gəldi mən vəziyyəti ona danışdım. O, çox pərt halda Fikrət Əhmədova dedi ki, qoyun bu mövsümü bitirək gələn ildən mən "Neftçi"yə rəhbərlik edərəm. Fikrət Əhmədov dedi ki, "Neftçi" qrupdan çıxır, bilməzsən Heydər Əliyevin yanında belə sözlər danışarsan.
Fikrət Əhmədov mənim pis vəziyyətə düşdüyümü görüb, məsləhət gördü ki, mən büroya qatılmayım. Büroda Heydər Əliyev yoldaş Fikrət Əhmədovdan məni soruşub ki, bəs komitənin sədri Nağıyev niyə gəlməyib? O, isə mənim pis vəziyyətə düşdüyümü və kabinetdə oturduğumu söyləyib. Heydər Əliyev Fikrət Əhmədova deyib ki, Nağıyevə deyin ağlamasın, respublikamıza "Araz"dan qabaq "Neftçi" lazımdır.
Mən kor-peşman durub getmək istəyən vaxtı Fikrət Əhmədovun telefonu səsləndi. Danışan Heydər Əliyev idi. O, kabinetdə olduğumu biləndə
Mən Fikrət Əhmədovla kabinetə gedərkən bu sözləri deməyi mənə məsləhət gördü. "Əlbəttə, yoldaş Əliyev siz düzgün çıxış yolu tapmısız. "Araz" komandasından öncə bizə "Neftçi" komandası lazımdır. Axı "Neftçi" komandası Ümumittifaq Birinciliyində Azərbaycanı təmsil edir". Düzü Heydər Əliyevin kabinetinə daxil olanda həmin sözləri sanki unutdum. Sakitcə oturub Heydər Əliyevi dinlədim.
- Sənin birillik faəaliyyətindən çox razıyıq. Hiss olundu ki, səndə gözəl təşkilatçılıq qabiliyyəti var. Kamran Rəhimov da sənin işindən çox razıdı. Mənə dedi ki, Culfa şəhərindən onu deputatlığa namizəd irəli sürmüşük. Ancaq vəziyyət elə gətirdi ki, "Neftçi"nin məşqçisi İqor Netto qaçıb getməklə komandanı pis vəziyyətə saldı. Ağlamağa dəyməz, elə etməliyik "Neftçi" komandası yüksək liqadan çıxmasın.
Mən sakitcə, lal-dinməz oturmuşdum. Fikrət Əhmədov məni danışdırmaq məqsədilə Heydər Əliyev yoldaşa müraciət etdi:
- Nağıyevin də ürək sözlərini eşitsək pis olmaz.
Fikrət Əhmədov istəyirdi ki, bir az əvvəl mənə öyrətdiyi sözləri mənim dilimdən Heydər Əliyev eşitsin.
- Fikrət müəllim, mən deyəcəyim sözləri yoldaş Əliyev çox qısa, məzmunlu dedi. Sizin mənə öyrətdiyiniz sözləri kabinetə daxil olanda unutdum.
Bu sözdən Heydər Əliyev güldü və atam Muxtar Abbasoviçin səhhətini soruşub ona salam çatdırmağımı bildirdi.
Beləliklə, Əhməd Ələsgərov ikinci dövrə başlayan vaxt "Neftçi" komandasına gəldi və "Araz" komandasının əsas oyunçuları olan Sapojnikov, Pavlenko, Maşallah Əhmədov, Vaqif Sadıqov, Oleq Axanov, Oqtay Abdullayev və bir neçə xatirimdən çıxmış oyunçularımı apardı. Beləliklə, onu Ruslan Abdullayev əvəz etdi. "Neftçi"dən bir neçə yaşlı oyunçuları "Araz" komandasına göndərdilər. Öz gözəl oyunu ilə tamaşaçıları heyran qoyan "Araz" komandası uduza-uduza mövsümü 6-cı yerdə başa vurdu. Xoşbəxtlikdən isə Əhməd Ələsgərov "Neftçi"ni yüksək liqada saxlaya bildi.
ONUNCU GÖRÜŞ
1991-ci ilin mart ayında M.Maqomayev adına Filarmoniyada Azərbaycan Yazıçılar İttifaqının növbəti qurultayı keçirilirdi. Bu vaxt Heydər Əliyev, Xəlil Rza və Rəfiq Zəka Xəndan salona daxil oldular. Xəlil Rza məni görcək gəlib qabağımda boş olan yerlərdə oturdular. Birdən qurultay başlanan kimi şair Məmməd Aslan ayağa qalxıb Anar müəllimə müraciət etdi:
- Anar müəllim bu gün bizim qurultayda ədəbiyyatımızın, incəsənətimizin ən yaxın dostu, hörmətli Heydər Əliyev iştirak edir. Xahiş edirəm o da rəyasət heyətində otursun. Salonda 300-ə yaxın adam vardı. Əksəriyyət bu təklifi alqışladı. Lakin Heydər Əliyev ayağa qalxdı, alqışlara görə öz minnətdarlığını bildirdi və dedi: "Mən rəyasət heyətində çox oturmuşam, indi icazə verin görüm o rəyasət kürsüsü salondan necə görünür. Camaat gülüşdü və alqışladı. Düzü Heydər Əliyev ayağa qalxanda mənə elə gəldi ki, o rəyasət kürsüsünə gedə bilər. Ona görə arxadan qulağına pıçıldadım ki, Heydər Əliyeviç getməyin. Əlbəttə, bu mənim cavan düşüncəm idi. O, bu təklifi, o qədər obrazlı qiymətləndirdi ki, mənim qulaq pıçıltım öz dəyərini itirdi. Və Heydər Əliyev arxaya dönüb, siz kimsiz, tanıya bilmədim. Dedim Muxtar Abasoviçin oğluyam, Ramiq Muxtaram. Məmnun qaldı və dedi ki, fasilədə sənlə çoxlu söhbətim olacaq.
Qurultayın fasiləsində onun əhatəsinə Mirzə İbrahimov, Balaş Azəroğlu, Cavad Heyət, İlyas Tapdıq, Xəlil Rza, Rəfiq Zəka, Zeynal Vəfa, Nəriman Həsənzadə, Vilayət Rüstəmzadə və mən var idim. Heydər Əliyev bizim ailə haqqında çox gözəl sözlər dedi. Atam Muxtar Nağıyevin respublikadakı böyük xidmətlərdən, anamla orta məktəbdə, Pedaqoji Texnikumda oxumaqlarından və hər ikisinin əlaçı olmaqlarından söz açdı. Və yumurtanın sarısı, lilə və sair qarışıq rənglərlə anamın şəklini çəkməyi söylədi. Bu sözdən zarafatından qalmayan Rəfiq Zəka qaş-gözünü oynatdı ki, yəni o söz... Mən tərəddüd keçirmədən tez soruşdum:
- Heydər Əliyeviç anamla aranızda sevgi macərası olmayıb ki?
- Yox, sənin anan 1922-ci ildən idi. Əxlaqlı qızıydı. Həm də mülkədar qızıydı, dərs əlaçısıydı. Məndən bir yaş da böyük idi.
Dedim Heydər Əliyeviç bu sözü siz elə adamların yanında dediniz ki, sabah onlar şaiyə yayacaqlar ki, mən də sizin oğlunuzam. O, qəh-qəhə çəkib güldü və dedi:
- Ə, sən nə şurbaz oğlansan.
Sonra şair dostum İlyas Tapdıq Heydər Əliyevə müraciət etdi ki, Heydər Əliyeviç siz 1987-ci ildə Kreml xəstəxanasında xəstə yatan vaxtı Ramiq Muxtar sizin səhhətinizdən çox narahat idi və o vaxtkı SSR Ali Soveti Rəyasət Heyətinin katibi Mentalaşviliyə üç dəfə teleqram vurmuşdu. Mentalaşvili isə teleqramı aldığını və sizin Kreml xəstəxanasında müalicə olunduğunuzu yazmışdı. Ramiq bilmək istəyir o teleqramları sizə çatdırmışdılar, ya yox?
- Birincisi, mən Ramiq Muxtara öz minnətdarlığımı bildirirəm ki, o bir azərbaycanlı kimi mənim qayğıma qalıb. İkincisi, o vaxt mən nəzarətdə idim. Mentalaşvili mənə teleqramı çatdıra bilməzdi.
Sonra Heydər Əliyevlə söhbətimiz çox uzandı. Bizim bu söhbətimizi şair İlyas Tapdıq "Azərbaycan" qəzetinin 1 və 2-ci səhifəsində "Olduğu kimi görünən insan" adlı geniş məqaləsində dərc etdirdi.
ONUNCU GÖRÜŞ
1992-ci ilin dekabr ayının 30-da Gənc Tamaşaçılar Teatrı mənim 50 illik yubileyimi keçirirdi. Həmin gecəni rəhmətlik şair dostum Xəlil Rza aparmalı idi. Artıq afişalarda kimlərin iştirak eməyi göstərilirdi. Qəflətən Xəlil Rza xəstələndi və onu Türkiyəyə apardılar. Məclisi respublikanın xalq artisti Taryel Qasımov aparmalı oldu. Səhnədə mənim yanımda Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli, bəstəkar dostlarım Nəriman Məmmədov və Ramiz Mustafayev oturmuşdu. Zalda Azərbaycanın böyük sənət adamları əyləşmişdilər. Gecədə həmçinin, Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva, "Lalə" qızlar ansamblı, Rəhilə Bəndəliyeva, Əliabbas Qədirov, Nazir Əliyev, Yasin Qarayev, Naibə Allahverdiyeva və başqaları çıxış etdilər. Bu vaxt Türkiyədən Xəlil Rzanın təbrik teleqramı gəldi. Məclisin ortasında mənə tamaşaçı Məmmədhüseyn Mahmudov adlı bir yolaşdan kiçik məktub gəldi. O, məktubda deyilirdi ki, hörmətli yubilyar xahiş edirəm Heydər Əliyev yoldaşa öz münasibətinizi bildirəsiniz. Düzü xalq cəbhəsinin vaxtı olduğundan və zalda onların nümayəndələrinin əyləşməsini nəzərə alıb reaksiya vermədim.
Bir az sonra ikinci dəfə mənə yenidən müraciət olundu ki, Heydər Əliyev yoldaşa öz münasibətimi bildirim. Mən həmin kiçik məktubu götürüb mikrofona yaxınlaşdım və dedim:
- Bu yoldaş Mahmudov mənə ikinci dəfə müraciət edir ki, Heydər Əliyev yoldaşa öz münasibətimi bildirim. Birincisi, kiçik balıqların nəhənglər haqqında söz, fikir söyləməyinin əleyhinəyəm. Heydər Əliyev böyük şəxsiyyətdir. Onun yüksək savadı, həyat təcrübəsi, beynəlxalq aləmdə görkəmli bir siyasətçi kimi tanınması bir daha onun böyük şəxsiyyət olmasını təsdiqləyir. Allah mənim ömrümdən kəsib ona versin ki, bəlkə gəlib Azərbaycanı bu bəladan qurtara.
Mənim bu sözümdən əsəbləşən bir neçə cəbhəçi nümayişkaranə salonu tərk etdilər. Sonra mən 1993-cü ilin may ayının 10-da Naxçıvana Heydər Əliyevin yubileyinə getməli oldum. Təyyarə saat 18.00-da uçmalı idi. Biz sərnişinləri təyyarəyə mindirməyib 3 saat uçuşumuzu ləngitdilər. Beləliklə də, gecə saat 10-nun yarısında Naxçıvana çatdım. Düşündüm ki, artıq gecdir, sabah gedib təbrik edərəm. Səhərisi gün Milli Məclisə gələndə gördüm o qədər qonaq var ki, Heydər Əliyevlə görüşə bilməyəcəyəm. Mən də qonaqlara qoşulub Türkiyəyə getdim.
Bir həftədən sonra Türkiyədən qayıdıb Heydər Əliyevin köməkçisi Ramiz müəllimə zəng vurdum və xahiş etdim ki, onunla görüşmək istəyirəm. Ramiz müəllim gedib Heydər Əliyevə mənim məqsədimi çatdırandan sonra mənə dedi ki, Heydər Əliyev deyir axşam saat 23.00-da gəlsin görüşək. Mən axşam saat 23-da Milli Məclisə gəldim. Qəbulda o vaxtın maliyyə naziri işləyən Əlövsət Baxşıyev və şəhər milis şöbəsinin rəisi Sahib Mirzəyev oturmuşdular. Ramiz müəllim Heydər Əliyevin kabinetindən çıxıb dedi: "Əlövsət müəllim, Sahib müəllim Heydər Əliyev dedi ki, onlara deyin gedib sabah gəlsinlər. Mənim Ramiq Muxtarla söhbətim uzun çəkəcək. Mən Heydər Əliyevin kabinetinə girəndə məni mehribanlıqla qarşıladı və ilk sözü bu oldu.
- Sən bəs mənim yubileyimə niyə gəlmədin?
Dedim Heydər Əliyeviç mən mayın 10-da gəlmişdim. Ancaq təxribat ucbatından qəsdən təyyarənin uçuşunu yubatdılar ki, gələn qonaqlar tədbirdə iştirak etməsin. Mən çıxarıb təyyarə biletimi ona göstərdim. O, eynəyi qoyub biletə baxdı və dedi:
- Görürsən də, necə naqis insanlar var. Mən sənin 10 mayda gəlişini alqışlayıram. Mən 30 dekabr 1992-ci ildə 50 illik yubileyimin kasetini ona verdim və onun haqqında dediyim sözləri eşitməyi xahiş etdim. Bizim söhbətimiz uzun çəkdi. Mən Heydər Əliyevə dedim ki, Həmid Cəfərovla mən yaxın dostam. Hər görüşəndə sizin sağlığınıza badə qaldırırıq.
Düzü mənim bu söhbətim ona inandırıcı gəlmədi.
- O İsgəndər Həmidovun qoltuğuna sığınan Həmid Cəfərovu deyirsən. Mənim haqqım çoxlarını tutacaq.
Lakin mən düz demişdim. Həmid Cəfərov Daxili İşlər Nazirliyində idarə rəisi işləyəndə cəbhənin dövründə Heydər Əliyevin şəkili onun kabinetinin masasının üstündə idi. Bir dəfə mən dedim ki, İsgəndər Həmidov qoşun göndərir Naxçıvana Heydər Əliyevin üstünə. Sən isə şəklini qoymusan gözünün qabağına.
Birdən nazir kabinetə gələr, şəkili görüb səni işdən çıxarar. Həmid müəllim isə mənə dedi:
- Çıxarar çıxartsın, Heydər Əliyev həmişə mənim qəlbimdədir.
Üstəlik o pencəyinin kiçik cibindəki Heydər Əliyevin şəklini göstərdi. Bu gün də o şəkil Həmid Cəfərovun cibindədir.
Mən kabinetdən çıxanda gördüm ki, Əlövsət müəllimlə Sahib Mirzəyev qəbul otağında oturublar. Dedim, axı Heydər Əliyev dedi ki, gedib sabah gəlsinlər. Niyə getmədiniz. Əlövsət Baxşıyev dedi ki, elə vacib məsələdir ki, bu gün Əliyev bilməlidir.
Mən onlarla xudahafizləşib ayrıldım.
ON BİRİNCİ GÖRÜŞ
Xalq şairi dostum Xəlil Rzanın vəfatının ildönümü bu gün Heydər Əliyevin adını daşıyan sarayda keçirilməsi ilə əlaqədar bir aydan artıq hazırlıq məşqləri gedirdi. Həmin tədbirə Prezident aparatından Fatma xanım Abdullazadə və mədəniyyət naziri Polad Bülbüloğlu rəhbərlik edirdi.
Şairlərdən Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Ramiz Duyğun, Əhməd Elburus və mən Ramiq Muxtar Xəlil Rzaya həsr etdiyimiz şeirləri oxumalı idik. Fatma xanımla Polad müəllim belə qərara gəldilər ki, ən sonda mənim çıxışımla pərdə bağlansın. Tədbir olan günü səhər saat 11-də baxış keçirildi və iştirakçılara deyildi ki, axşamüstü saat 17.00-da təmiz, səliqəli halda hamı sarayda olsunlar. Ramiq Muxtar isə gəlsin zala. Mən zala yendim. Fatma xanım və Polad müəllim gözəl şeir üçün məni təbrik etdilər.
Polad müəllim dedi:
- Ramiq müəllim, Fatma xanımın şeirinizə bir iradı var. Siz şeirdə Karl Marksın adını çəkib onu iblis adlandırırsız, bu axı yaxşı səslənmir, o sətirləri şeirdən çıxarsanız yaxşı olar.
- Nə üçün Polad müəllim? - deyə soruşdum.
- Karl Marks böyük nəzəriyyəçi filosof olub. Onu ələ salmaq, lağa qoymaq tamaşaçılara xoş gəlməz.
- Polad müəllim doğrudan da Karl Marks böyük nəzəriyyəçi şəxsiyyət olubdur.
Bu vaxt Fatma xanım mənə dedi: Ramiq müəllim Siz institutda oxumamısız, Marksın kim olduğunu bilmirsiz?
- Fatma xanım, əgər doğrudan da Karl Marks böyük şəxsiyyət idisə niyə onun milyona başa gələn heykəlini parça-parça edib yerə atdınız.
Fatma xanım bu işdə tələsiyə yol verildiyini dedi.
- Fatma xanım, mən əgər şeirimi deyəcəyəmsə, olduğu kimi söyləyəcəyəm. Lakin çıxış yolu da vardı. Mən indi gedirəm Yazıçılar Birliyinin poliklinikasına bülleten çıxarıb axşam tədbirə gəlməyəcəyəm.
- Siz nə danışırsız Ramiq müəllim, tədbirin proqramı prezidentin masasının üstündədir. Hələ mənə dedi ki, şair dostları Ramiq Muxtara qısqanmayıblar ki, niyə o ən sonda çıxış edir.
Dedim:
- Cənab prezident, Ramiq Muxtarın şeiri o biri şeirlərdən daha yaxşı olduğuna görə sona saxladıq. Mən onlarla sağollaşıb evə gəldim. Üstündən yarım saat keçməmiş ev telefonu səsləndi. Danışan Fatma xanımın şöbəsində işləyən (gərək ki, Həsənov adlı şəxs idi) şəxs dedi:
- Ramiq müəllim Fatma xanım deyir ki, bizim aramızda heç bir söhbət olmayıbdı, şeiri olduğu kimi söyləsin. Bilməz-gəlməz biz pis vəziyyətdə qalarıq.
Mən hazırlaşıb saraya gəldim. Başda prezidentim Heydər Əliyev olmaqla bütün dövlət, hökumət adamları öz yerlərini tutmuşdular. Tədbir başlandı. Gecə o qədər gözəl təşkil olunmuşdu ki, əsl Xəlil Rzaya layiq gecə idi. Mən sonda şeirimi oxudum. Şeir Heydər Əliyevə çox xoş gəldi. O, ürəkdən əl çalırdı. Mən prezidentə Heydər Əliyevə yox, Fatma xanıma, Polad Bülbüloğluna baxırdım. Onlar hər ikisi məni ürəkdən alqışlayırdı. Elə pərdə bağlanan kimi bir nəfər pərdənin arxasına gəldi, gözəl şeir üçün məni prezidentin adından təbrik etdi və dedi ki, sabah saat 11.00-da prezidentin yanında ol.
Bu şəxs Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyev idi.
Səhərisi gün mən Prezident Aparatına gəldim. Səlahəddin Quliyevlə görüşdük. O, mənə dedi ki, prezident səni Müdafiə Nazirliyinə Mətbuat xidmətinin rəisi göndərir, get nazir müavini Mehman Səlimovun yanına. Podpolkovnik kimi işə başlayıb. 6 aydan sonra polkovnik rütbəsin daşıyarsan. Dedim Səlahəddin müəllim, mən heç əsgərlikdə olmamışam. Dedi o posta prezident ən etibar etdiyi adamı göndərir. Mən Müdafiə Nazirliyinə gəldim. Səlimovla görüşdüm. O mənim işləyəcəyim kabineti açdı. Ən azı 20 telefon vardı və yüksək əmək haqqı alacağımı, xüsusi xidmət maşınımın olduğunu bildirdi.
- Cənab polkovnik, iş saat neçədə başlayır.
- Səhər saat 9.00-da.
- Çox yaxşı. Bəs neçədə qurtarır? Bu sözdən bir az pauza yarandı və dedi:
- Ramiq müəllim müharibə gedən ölkədir. Nazir nə qədər kabinetdədir, gərək siz də işdə olasız.
- Polkovnik, nazirin istirahət otağı da var?
- Əlbəttə, elə günlər olur ki, evinə getmir, kabinetində qalır.
- Yəqin televizoru, soyuducusu olmamış olmaz?
- Ay şair sən narahat olma, soyuducuda hər şey var.
- Polkovnik, nazir rusdillidir. Yəqin ki, o, Rusiya kanallarına baxır. Hardan mən yadına düşəcəyəm ki, desin yan otaqda qara bir kişi ac-suz oturub, ona deyin durub getsin evinə. Bura teatr, filarmoniya olsaydı yenə qadınların pudra, ətir iyinə məcbur olub oturmaq olardı. Partinka iyindən burada dayanmaq olmur, həm də gəl gecənin yarısına qədər otur burada. Məni bağışlayın, mən getdim. Bu iş mənlik deyil! Polkovnik çox təkid etdi ki, siz prezidentə yaxın adamsız, sizin üçün pis olmayacaq. Konkret fikrimi bildirdim. Gəldim Prezident Aparatına. Prezidentin köməkçisi mənə bildirdi ki, otur gözlə. Bir azdan prezident məni qəbul etdi. İlk sözü bu oldu:
- Xəlilə yazdığın şeir çox xoşuma gəldi. Elə Fatma xanım haqlı olaraq səni sona saxlayıbmış. Mən Əli Nağıyevlə sənə cifariş göndərmişdim ki, Ramiqin övladlarından Prezident Aparatına işə götürək. O, mənə dedi ki, qızı müəllimə olmaq istəyir, oğlu da hərbiçidir.
- Elədir dedim. Sizə çox minnətdaram.
- Səni göndərirəm Müdafiə Nazirliyinə mətbuat xidmətinə rəhbər, çox məsuliyyətli işdi. Orada mənim inandığım adam işləməlidir.
- Cənab prezident, mən elə Müdafiə Nazirliyindən gəlirəm. Orada iş qrafiki çox mürəkkəbdir. Mən yaradıcı adamam, bir az sərbəst olmaq istəyirəm.
ON İKİNCİ GÖRÜŞ
1995-ci il idi. Mən istəyirdim ki, böyük Xalq şairimiz Rəsul Rzanın anadan olmasının 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirəm. Bunu Anara görə yox, dünya şöhrətli şairimiz mənim az-çox şair-dramaturq olmağımda böyük rolu olmuşdu. Həm də "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Gənc yazarlara məsləhətim" yazısında Ramiq Naxçıvanlının da ümidverici olduğunu göstərmişdi. Həm də Yazıçılar İttifaqına üzv qəbul olunanda xəstə vəziyyətdə gəlib iclasda iştirak etmişdi.
Anar mənə dedi ki, Ramiq Muxtar bu təklifinə görə sənə çox minnətdaram, lakin Fikrət Qocanın 60 yaşı tamam olur, mən onun üzünə baxa bilmərəm. Rəsul müəllimin tədbirini saxla sonraya, Fikrət Qocanın yubileyini keçirək. Mən Fikrət Qocanı lap gənclikdən tanıyırdım. Hər ikimiz Sabir kitabxanasında ləzgi şairi Kələntər Kələntərlinin ədəbiyyat dərnəyinə gəlirdik. Onda çox çirkin idi, inqilabdan qabaq neft quyularında işləyən fəhlələrə oxşayırdı. Sonralar, yubileyindən sonra həm bir az gözəlləşdi, həm də səsi bərpa olundu.
Mən dünya şöhrətli Anar müəllimə söz verib fəaliyyətə başladım. Birinci yaxın qohumum olan nehrəmli Tağı İbrahimova fikrimi bildirdim. İkinci yaxın dostum olan Məmmədəli müəllimə müraciət etdim. O, Xətai mədəniyyət evinin direktoru idi. Hər ikisi can-başla razılıq verdilər. Müslüm Maqomayev adına Filarmoniyanı kirayə etdim, qiraət ustalarını və incəsənət xadimlərini dəvət etdim. Gözəl hazırlıq işləri aparırdım. Öz adımdan dəvətnamə yazıb birini də hörmətli prezidentimiz Heydər Əliyevə göndərdim. Yubileyin başlanmasına 3 saat qalmış mənə xəbər gəldi ki, dünya şöhrətli yazıçımız Anar səni yaman axtarır. Mən Yazıçılar Birliyinə gəldim, onunla görüşdüm.
- Ramiq, Heydər Əliyev haradan bilir ki, bu gün Fikrət Qocaya tədbir keçiriləcək?
- Anar müəllim, mən prezidentimizə dəvətnamə göndərmişəm.
- Bilirsən, mənə zəng edib dedilər ki, prezident iştirak edəcək, hazırlıq nə vəziyyətdədir?
- Narahat olmayın, hər şey yüksək səviyyədədir.
Beləliklə Heydər Əliyev yubileyə gəldi və həm də Fikrət Qocanı "Şöhrət" ordeni ilə təltif edib təbrik etdi. Bu Azərbaycan tarixində bir daha təkrarolunmaz bir hadisə kimi tarixdə qaldı. Birinci, Ramiq Muxtar kimdir ki, öz adından dəvətnamə göndərir. İkinci, prezident kimə "Şöhrət" ordeni verirsə, ona təbrik məktubu göndərib sərəncam imzalayır. Bu prezidentin şəxsən mən Ramiq Muxtara böyük hörməti və sevgisinin təzahürü idi. Fasilədə rəyasət kürsüsündə oturanlar, o cümlədən prezident Heydər Əliyev Filarmoniyanın direktorunun kabinetinə daxil oldular. Mən isə kabinetə girmədim. Səbəb o idi ki, mənim tələbə dostum, hal-hazırda general atası, millət vəkili Elxan Süleymanovun qayınatası Sosialist Əməyi Qəhrəmanı Yusif İsmayılovla prezidenti görüşdürmək istəyirdim. Ona görə general Vaqif Axundovdan prezidentlə görüşməsi üçün kabinetin yanında dayanmağı xahiş etdim. Kabinetdə söhbət zamanı yazıçı Anar söylədi ki, cənab prezident bütün bu yubileyin təşkilatçısı Ramiq Muxtardı. O dəqiqə prezident dedi ki, bəs özü niyə yoxdur. Kabinetdəkilər bir-birinin üzünə baxdılar. Bilmədilər ki, Yusif İsmayılovun xatirinə mən kabinetə girmədim. Mən ordakı söhbətləri axşam xəbərlərə baxanda eşitdim. Heydər Əliyev kabinetdən çıxan kimi Yusif İsmayılovu görüb gəlib onu qucaqladı. Mənə:
- Niyə içəridə yox idin? - dedi.
- Dostumuzu sizinlə görüşdürmək istəyirdim cənab prezident.
- Sabah Yusif Prezident Aparatına yanıma gələrsən.
General Vaqif Axundov bu mənzərəni görəndən sonra mənə başı ilə fikrini bildirdi.
Prezident üzünü Anar müəllimə tutub dedi:
- Anar bu Məhəmməd Hadi niyə yadımıza düşmür?
Bu sözdən mən çox təəccübləndim. Çünki o vaxtkı rejimin Məhəmməd Hadini millətçi, türkçü kimi əsərlərinin çapına belə icazə vermirdi. Birdən-birə uzun müddət KQB orqanında işləmiş bir dövlət xadiminin dilindən eşitmək mənə çox gözəl təsir bağışladı. Demək, peşəkar KQB işçisi Heydər Əliyevin də qəlbində Məhəmməd Hadi ulduzu yanırmış. Mən bu sözü eşidəndən sonra təcili evdə Məhəmməd Hadinin xatirə gecəsi üçün ssenari hazırladım və bir aydan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində izdihamlı bir gecə oldu. Düzdür o gecədə Heydər Əliyev iştirak edə bilmədi. Ancaq Fatma xanım Abdullazadə mənə dedi ki, prezident göstəriş verib çəkiliş aparılsın, sonra özü baxacaq. Həmin dəvətnamədə ustad şair Məhəmməd Hadinin məşhur şeiri olan "Yox, millətimin xətti bu imzalar içində" şeirinə də bir nəzirə yazıb dəvətnamədə çap elədim. O nəzirədə yazılmışdı:
"Aç gözlərini, ey ustad
Var millətinin xətti bu imzalar içində.
Bayrağımız dalğalanır nur tək, bayraqlar içində,
Tanrı bizə bir xilaskar yetirib Heydər Ata.
O da seçilir cəmi prezidentlər içində".
Mən bir neçə dəvətnamə götürüb Yzıçılar Birliyinə gəldim. Dəvətnamədən birini də şair dostum Qabilə verdim. O şüşəbəndin qabağına gəlib gözünü qıyıb dəvətnaməni oxudu və məni yanına çağırdı.
- Ramiq bu Yazıçılar Birliyində səni hamıdan çox kim istəyir?
- Əlbəttə siz Qabil müəllim.
- Onda get bu dəvətnaməni təzədən çap elətdir.
- Nə üçün Qabil müəllim?
- Bu nəzirəndən hiss olunur ki, sən prezidentə yaltaqlanırsan?
- Düz deyirsiz, elə o məqsəd üçün yazmışam Qabil müəllim, bu peşəkar yaltaqlar nə vaxta tək imkan verməyəcəklər biz həvəskar yaltaqların da yolu açılsın.
Bu sözdən Qabil müəllim güldü və yaxşı qoy qalsın dedi.
Xatirə gecəsi üçün bəstəkar dostlarım Nəriman Məmmədov, Ramiz Mustafayev Məhəmməd Hadinin sözlərinə iki gözəl mahnı da yazdılar.
Qiraət ustaları Əminə Yusifqızı, Ağalar Bayramov, Məleykə Əsədova, Səidə Quliyeva şairin ölməz şeirlərini söylədilər. Sonra Fatma xanım mənə dedi ki, gecənin videosuna Heydər Əliyev şəxsən özü baxıb.
ON ÜÇÜNCÜ GÖRÜŞ
1996-cı il idi. Xalq şairi Qabilin 70 yaşı tamam olurdu. Lakin Anarın xəstəsi olduğundan o Moskvada idi. Buna görə Qabil müəllim çox təlaş keçirirdi. Dedim Qabil müəllim narahat olmayın, mən sizə elə yubiley keçirəcəyəm ki, lap tarixə düşəcək. Oturub ssenari hazırladım. Qabil müəllimin dörd şeirinə də bəstəkarlar Nəriman Məmmədovla Emin Sabitoğlu mahnılar bəstələdilər. Gözəl ifaçılar Mələkxanım Əyyubova ilə Gülyanaq Məmmədova ifa etdilər. Yubiley gecəsi Opera və Balet Teatrında keçirildi. Mən Qabil müəllimə yazdığım şeiri oxudum. Həmin şeirdə "Nə yaxşı ki, siyasətdən uzaqsan" misram prezidentimizin xoşuna gəlməmişdi.
Çünki mənə irad tutub dedi: "şairlər siyasət aləmində həmişə öndə getməlidirlər".
ON DÖRDÜNCÜ GÖRÜŞ
1997-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçılarının növbəti qurultayı keçirilirdi. Prezidentimiz Heydər Əliyev də birinci sırada oturmuşdu. Qurultayın sonunda Yazıçılar Birliyinin sədri Anar dedi ki, son sözü Ramiq Muxtara verirəm, bununla da çıxışlar bağlanır. Mən səhnəyə qalxdım və bu sözlərlə çıxışıma başladım.
- Cənab prezident, adətən belə gözəl ali məclislərdə hər şair və yazıçı istər ki, öz kitabını prezidentə bağışlasın. Lakin mən bu gün həyatda olmayan, lakin öz şeir və qoşmalarında sizi vəsf edən ölməz sənətkarımız Aşıq Şəmşirin "Zərli tac kamallı başa yaraşır" kitabını gətirmişəm. İcazə verin kitabı sizə təqdim edim.
- Heydər Əliyev ayağa qalxdı, mənimlə görüşdü və birlikdə şəkil çəkdirdi. "Zərli tac kamallı başa yaraşır" şeiri cənab prezidentimizə ikinci qızıl ulduz, Sosialist Əməyi Qəhrəmanı mükafatı veriləndə 87 yaşlı ustad sənətkarımız Dədə Şəmşir yazmışdı.
Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Sonra mən "Zərli tac kamallı başa yaraşır" kitabının içindəki şeirlərə bəstəkarlar tərəfindən 10-dan artıq mahnı yazdırdım və mahnılar radionun Qızıl Fondundadı. Bu gün də tez-tez səslənir. Bu tədbirdə maraqlı bir hadisə oldu. Tədbirin keçiriləcəyi gün Fatma xanım Abdullazadə ilə görüşdük. Soruşdu ki, gecəyə baxış saat neçədə olacaq? Dedim nə baxış?
- Prezidentə həsr olunmuş mahnıların baxışını deyirəm.
- Fatma xanım, heç bir baxışa ehtiyac yoxdur. Mən səhnədə oturub məclisi aparacağam. Zalda gözümə dəyən və xüsusilə cənab prezidentlə ünsiyyəti olan adamlara söz verəcəyəm. Ara-sıra yeni yazılmış mahnılar səslənəcək.
Elə də oldu. Tədbir o qədər bədii, maraqlı, axarınca keçdi ki, Fatma xanımda şübhə yarandı, tədbirə mütləq baxış, "prosmotr" olub. Lakin mən bu günədək çox saysız-hesabsız tədbirlər, gecələr, yubileylər keçirmişəm. Heç birində "prosmotr" söhbəti olmayıb. Bunu bütün sənət dostlarım bilir.
2001-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində mənim yaradıcılıq gecəm keçirilirdi. Gecədə ancaq ziyalı təbəqənin nümayəndələri iştirak edirdilər. Tamaşaçı axını o qədər idi ki, mərkəzin lojalarında camaat ayaq üstə dayanmışdılar. Mən ulu öndərimiz cənab Heydər Əliyevə də dəvətnamə göndərmişdim.
Tədbir başlayana yaxın Fatma xanım Abdullazadə şöbəsinin işçisi ilə direktorun kabinetinə daxil oldular. Böyük bir gül çələngi gətirmişdilər. Fatma xanım Abdullazadənin dedikləri:
- Ramiq müəllim, prezidentimiz sizi niyə belə çox istəyir?
- Fatma xanım bunun dərin kökləri var.
- Prezident dünən məni yanına çağırıb dedi:
- Fatma xanım, sabah saat 18.00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Ramiq Muxtarın yaradıcılıq gecəsi keçiriləcəkdir. Xarici güllərdən gözəl bir çələng hazırlayın, mənim adımdan da çıxış et, təqdim elə.
- Oldu cənab prezident.
Bu gün səhər-səhər bir də mənə zəng edib dedi:
- Fatma xanım bu gün hara gedəsisiniz?
- Düzü mən gecəni nəzərdə tutmadım. Dedim cənab prezident, necə bəyəm?
- Bu gün saat 18.00-da harda olmalısınız?
- Ramiq Muxtarın yaradıcılıq gecəsində cənab prezident.
- Gül çələngi hazırlatmaq yadınızdan çıxmayıb ki?
- Xeyr, cənab prezident, artıq güllərimiz hazırdı.
Mən də tədbir başlayan kimi prezidentimizə minnətdarlığımı bildirdim və ilk sözü Fatma xanım Abdullazadəyə verdim.
- Ramiq müəllim, mən hələ bu gecədə hansı maraqlı hadisələrin olacağını bilmirəm. Ancaq bu qədər insan axınının buraya toplaşması sizin yaradıcılığınıza verilən böyük qiymətdir. Mən indiyədək çox tədbirlərdə, böyük sənətkarların yubileylərində olmuşam. Ancaq 12-13 sıradan sonra həmişə seyrəklik görmüşəm. Siz tədbir başlamamış qalibsiniz.
Fatma xanımın getməsi çox uzandı, çünki bir-birindən maraqlı çıxışlar, ifalar onun gedişinə mane oldu.
ON BEŞİNCİ GÖRÜŞ
1999-cu ilin payız fəsli idi. Mən şair dostum Qabilgildən evə gəldim. Axşam saat 23.00-da ev telefonu səsləndi. Danışan prezidentin köməkçisi idi.
- Ramiq müəllim, prezident sizi təcili gözləyir.
- Mən ad günündən gəlmişəm, bəlkə sabah gəlim. - dedim.
- Yox, eyb etməz, mütləq gəlin. Mən ağzımı limonlu su ilə yuyub gəldim Prezident Aparatına. Kabinetə daxil oldum, prezidentlə görüşüb ondan 5 metr aralıda oturdum. Prezident gülümsədi:
- Yaxın otur, gecdir olar.
- Cənab prezident nəvəmin ad günündən gəlirəm. Halbuki mən, şair dostum Qabil müəllimgildə yaxşıca yeyib-içmişdik. Yalan danışdığıma görə mən ulu öndərin ruhundan üzr istəyirəm.
- Ramiq Muxtar mən səni həm ciddi, həm də ən şərəfli bir iş üçün çağırmışam. Bir həftədən sonra Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçiriləcək. Əlbəttə, mənim təşəbbüsümlə. Həmin qurultaya birlik mahnısı yazılmalıdır. Sənin mahnı mətnlərindən çox xoşum gəlir. O, Yalçın oxuyur e... "Qara bulud çəkil get, yanar günəş mənimdir" çox gözəldir.
- Cənab prezident həmin mahnını bəstəkar Nəriman Məmmədov bəstələyib.
Mahnı prezidentə nə qədər xoş gəlmişdisə, Lənkərana, Qəbələyə gedəndə xalq artisti Yalçın Rzazadə də onunla gedib həmin mahnını oxuyurdu. Mahnının adı "Müstəqildir Vətənim"dir.
Qoymaram Vətənimi
Bölünməyə bir daha.
Bu yolda şəhid ollam,
Yalvararam Allaha.
Haqq yoludur yolumuz,
Qoy bilsin yaxın-uzaq,
Bizimkidir əzəldən
Ana yurdum Qarabağ.
Elinə, obasına
Heydər Ata dayaqdır.
Açılan sabahlara
O bir nurdur, mayakdır.
Qara bulud, çəkil get,
Yanar günəş mənimdir.
Azərbaycan ürəyim
Müstəqil Vətənimdir.
- Cənab prezident, mənə qarşı bu etimada görə sizə minnətdarlığımı bildirirəm. Lakin Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri yazsa daha samballı olar.
- Yox, sənə həvalə edirəm.
- Nə vaxt hazır olar?
- Sabah, cənab prezident.
Onda sabah bu vaxtlarda gələrsən.
Mən evə qayıtdım. Həm sevincdən, həm də qorxu xofundan səhərə qədər yatmadım. Şeiri iki variantda yazıb səhərisi gün gecə saat 11-də Prezident Aparatına gəldim.
Əvvəlcə birinci variantı verdim, gördüm oxuduqca razılığını bildirir. Sonra qələmi götürüb nəyinsə üstünə xətt çəkdi və mənə qaytardı.
- Yaxşıdı, xoşum gəldi.
Daha mən ikinci variantı vermədim.
- Nərimana deyin, prezident deyir çox əzəmətli, gurultulu olsun. "Respublika" qəzetinin redaktoru Teymur müəllimə göstəriş veriləcək, qurultaya bir gün qalmış mahnı notu ilə bərabər qəzet də çap olunub gələn qonaqlara paylanacaq.
Mən kabinetdən çıxan kimi tez mətnə baxdım, gördüm prezident öz adının üstündən xətt çəkib.
Şeirin həmin sətri belədir.
"Dağ oynadan güc varmış
Heydər Ata qollarında".
Mahnı hazır oldu. Mən şeirlə notu hörmətli akademik Teymur Əhmədova təqdim etdim. Teymur müəllim soruşdu ki, niyə "Heydər Ata" sözünün üstündən xətt çəkib. Dedim, cənab prezident təvazökarlıq etdi, ancaq mən müəllif kimi xahiş edirəm, olduğu kimi çap olunsun.
Teymur müəllimin mənə xüsusi hörməti var. Dedi:
- Ramiq Muxtar sonra başımız ağrımaz ki?
- Teymur müəllim, mən həqiqəti yazmışam. Cənab prezidentin gəlişi bir az da yubansaydı indi nə müstəqilliyimiz, nə də Azərbaycanımız vardı.
- Əgər söz-söhbət qalxsa, deyəcəyəm şair özü gəlib mətbəədə düzəliş edib.
Qurultay günü qəzet oturacaqlara qoyulmuşdu və gələn qonaqlar özləri ilə qəzetləri yaşadığı ölkələrə apardılar.
Bu əhvalatdan bir az müddət keçirdi. Xatırlaya bilmirəm hansı tədbir idi. Cənab prezident Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri ilə söhbət edirdilər. Mən kənarda şair dostum Məmməd Aslanla söhbət edirdim. Birdən prezident məni görcək səsləndi.
- Ramiq Muxtar yaxın gəl.
Mən gəlib salam verdim.
- Ramiq Muxtar sən bilmirsən ki, prezidentin düzəlişinə düzəliş etməzlər.
Mən sakit dayandım. Prezident bir də səsləndi.
Bu vaxt rəhmətlik Qabil işin nə yerdə olmasından xəbəri olmadan prezidentin qolundan yapışdı:
- Heydər müəllim Ramiq Muxtar mənim dostumdu, o gözəl insandır.
- Ay Qabil, mən Ramiq Muxtarın kökünü tanıyıram - dedi.
Qabil müəllim üzünü mənə tutdu:
- Ə, neynəmisən, cavab ver də.
Mən gülüş doğursun deyə dedim:
- Cənab prezident, bir qələtdir eləmişəm. Bir də belə səhvlərə yol vermərəm.
Hamı mənim bu sözümə gülüşdü.
2002-ci il idi. Mən Meşə işçiləri Həmkarlar Komitəsinin sədri kimi üç ildir ki, fəaliyyət göstərirdim. Bu vaxt xəbər yayıldı ki, Meşə, geologiya, hidrologiya və ekologiya həmkarları ləğv edilir. Vahid bir həmkarlar komitəsi yaradılır. Bu həmkarlar komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarını özündə birləşdirir. Bu üç komitə sədrləri belə güman edirdik ki, yəqin üçümüzdən birimiz sədr seçiləcəyik. Lakin biz düşündüyümüz kimi olmadı. Bu həmkarlara rəhbərlik edən Səttar Möhbalıyev həmkarlara dəxlisi olmayan keçmiş Fioletov klubunun müdirini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmkarlar komitəsinə sədr seçdirdi. Bu göydəndüşmə qonaq hamını təəccübləndirdi.
Geologiya və hidrologiya komitə sədrlərinin ərizəsi alındı. Lakin heç kim mənə ərizəni yaz demədi. Mən də 8 ay öz vəzifəmdə işlədim və rayonların əksər həmkarlar təşkilatı Meşə İşçiləri Həmkarları Komitəsinə üzvlük haqqı göndərirdi. Mən və işçilərim hər ay əmək haqqımızı alırdıq. Heç kim də mənə demirdi ki, Ramiq müəllim artıq sən yoxsan, bu nazirliyin həmkarlar komitəsinin sədri başqa adam seçilib. Ona görə deyə bilmirdilər ki, məni azad etmək üçün plenum çağırmalı və təşkilati məsələyə baxılmalı idi. Xülasə bu narahatçılıq düz 2002-ci ilin dekabr ayının 27-dək davam etdi. Nəhayət özüm dekabr ayının 25-də Yazıçılar Birliyinin üç nömrəli hökumət telefonundan mərhum prezidentim Heydər Əliyevin köməkçisi Tariyel Ağayevə zəng vurdum və başıma gələn hadisəni danışdım. "Səttar müəllim bəs bilmir ki, sən kimsən?". Dedim Taryel müəllim bu hadisə 8 ay bundan qabaq olub, mənim də səhvim o olub ki, vaxtında prezidentə müraciət etməmişəm.
Taryel müəllim dedi ki, mən bu gün axşam prezidentə məlumat verəcəyəm. Sən sabah günorta vaxtı mənə zəng edərsən.
Mən səhərisi günü Tariyel müəllimə zəng vurdum. O dedi ki, prezident çox əsəbləşdi və bizə niyə vaxtında xəbərdarlıq etməyib dedi. Bu gün saat 18.00-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov səni qəbul edəcək, hər şey yaxşı olacaq.
Mən saat 18.00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gəldim. Nazirliyin bütün işıqları sönmüşdü. Lakin qapıda iki nəfər dayanmışdı. Mən taksidən düşəndə o iki nəfər mənə yaxınlaşıb dedi:
- Ramiq müəllim sizsiniz? Dedim:
- Bəli.
- Sizi nazir cənab Bağırov kabinetində gözləyir.
Dedim:
- Bəs işıqlarınız yanmır axı.
- Siz narahat olmayın, kabinetdə şamlardan işıqlıq yarada bilmişik.
Mən ilk dəfə idi ki, cənab nazirlə görüşürdüm. Kabinetə daxil olanda o məni gülərüzlə qarşıladı və dedi:
- Ramiq müəllim baxmayaraq ki, şəhərin mərkəzində nazirliyimiz yerləşir, tez-tez işıqlarımız sönür.
Dedim cənab nazir o sizin nazirliyin şəhərin mərkəzində olmasından asılı deyil. O mənim yatmış taleyimdi, hara gedirəmsə işıqlarım bir saat əvvəlcədən sönür. Nazir bu sözümdən gülümsədi.
- Ramiq müəllim həmkarlar komitələri birləşən vaxt siz gəlib mənimlə görüşsəydiz, çox güman ki, sizi sədr seçərdik. Səttar Mehbalıyevin kadrını mən tanımırdım. O bu işdə fəallıq göstərdi.
Mən də öz səhvimi cənab nazirə bildirdim. Nazir hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iki şöbə müdiri və bir İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktor yeri boş olduğunu bildirdi.
Mən fikirləşdim ki, bu sahə mənə uyğun olmayan sahədir. Ona görə həyat təcrübəmdən və müxtəlif idarə müdiri komitə sədri işləməyimi nəzərə alıb institut direktoru təklifini qəbul etdim. Bu institut cəmi bir neçə aydı yaranmışdı. Hələlik direktor əvəzi müavin gözəl insan, böyük həyat təcrübəsi olan Ramiz Bağırlı idarə edirdi. Beləliklə 2002-ci ilin dekabr ayının 27-də nazir əmrimi imzaladı. Sonra mən nazirə dedim: Cənab nazir bura sizin yanınıza gələndə fikirləşdim ki, nazirlərə elə bir hədiyyə aparım ki, həmişə masasının üstündə olsun. Ona görə də ulu öndər Heydər Əliyevin 1937-ci ildə məktəblilərdən ibarət qız və oğlan voleybol komandasının fotosunu nazirə bağışladım. O, bu gözlənilməz hədiyyədən çox məmnun qaldı.
Səhərisi günü prezidentin köməkçisi Tariyel Ağayevə zəng vurub prezidentə öz minnətdarlığımı bildirməyi xahiş etdim. Bu institutda mənim işləməyimin ən böyük xoşbəxtliyim o oldu ki, institutun direktor müavini rəhmətlik Ramiz Bağırlıdan böyük həyat dərsi aldım. Onun, ulu öndərimizin ən sevimli kadrı kimi idarəetməni, işçilərlə gözəl ünsiyyət yaratmağı, iş prosesində davamiyyətə, maliyyə nöqsanlarına yol verməməyi öyrəndim.
2003-cü ilin dekabr ayında Heydər Əliyevin dəfn olmamışdan bir gün qabaq Səbail rayon milis idarəsinin rəisi Nazim Nağıyev mənə zəng vurdu ki, xalaoğlu gəl Prezident Aparatına, müxtəlif idarə və təşkilatlardan gətirilən gül çələngləri ilə ətrafı bəzəməliyik, rəhbərlik et. Mən bir rejissor kimi seçim etdim və özünəlayiq bəzədik. Sabahısı Heydər Əliyevin dəfn günü o axına qoşulub bəstəkar dostlarım Nəriman Məmmədov və Tofiq Bakıxanovla birlikdə Fəxri Xiyabana yollandıq. Xiyabanın girəcəyində polis rəisi Nazim Nağıyev ayaq üstə qapının girəcəyində dayanmışdı. Nazim Nağıyev məni görcək işarə etdi ki, gəl yanıma. Mən gəldim, dedi tənha darıxıram, sən də burada dayan, arabir söhbətləşək. Mən düz gecə saat 1-dək Nazimin yanında ayaqüstə dayandım. Sonra gördüm səhhətimdə problemlər yaşandı, dedim mən dayana bilmirəm, sürücünə de, məni tez evə aparsın. Sürcü məni evə çatdırdı. Çay belə içmədən məni şirin yuxu apardı. Yatan kimi ulu öndər Heydər Əliyev gəldi yuxuma, dedi:
- Mən səndən heç gözləməzdim. Niyə məzarımın üstünə gəlmədin. Mən yuxudan ayılan kimi həyat yoldaşıma dedim: Sən bir fikir ver, Heydər Əliyev mənim 7 saat ayaq üstə dayanmağımı hesaba almayıb, ruhu məni tənbehlədi. Lap tezdən bu yuxunu zəng edib şair dostum Qabil müəllimə dedim. Dedi, gəl bizə birlikdə gedək.
Mən, Qabil müəllim və oğlu Mahir gül dəstəsi alıb xiyabana gəldik və gülləri gətirib məzarın üstünə qoyub ucadan dedim:
- Mənim prezidentim, Ramiq Muxtar məzarının üstünə gəldi. Bu söhbəti Qabil müəllimin yanında Nazim Nağıyevə dedim. O da təsdiqlədi ki, Ramiq Muxtar yeddi saat ayaq üstə mənim yanımda dayanıb, mən onu gecəyarısı evə göndərmişəm. İndi də Qabil müəllimin oğlu Mahir və qaynı Fikrət bilirlər ki, mən nə vaxt Fəxri Xiyabanın yanından keçəndə maşından düşüb ulu öndərin məzarının yanında dayanıb ona həsr etdiyim bu şeiri oxuyuram.
Nurlu bir aləmsən günəşə bənzər,
Şöhrətin ağızda, dillərdə gəzər.
Qoşa addımlayır səninlə zəfər
Hünərin yerlərə, göylərə sığmaz,
Övladı sən olan Vətən basılmaz.
Təzədən gül açdı Vətən torpağı,
Yandı ürəklərdə ümid çırağı.
Müqəddəs bir andır dövlət bayrağı,
Bu bayraq altında olağın bir can
Ucalsın səninlə qoy Azərbaycan.
Çıxdın hər sınaqdan mətin, üzüağ,
Həyat amalındır qurub yaratmaq.
Tarixdə əbədi izin qalacaq
Güləcək səninlə ilk baharımız
Sənsən Heydər Ata xilaskarımız.
Bu şeirə bəstəkar dostum Nəriman Məmmədov gözəl musiqi bəstələmiş xalq artisti Eldar Axundovun ifasında simfonik orkestrin müşayətilə lentə alınmışdı və mahnı Radio və Televiziya Verilişləri Komitəsinin keçirdiyi müsabiqədə mükafata layiq görülmüşdür.
Bu gün də mən ulu öndərimizi hər gün xatırlayıram və onunla üzbəüz danışıram.
Vaxtında gəldin dünyaya, lakin vaxtsız getdin bu dünyadan, ölməz xilaskarımız Heydər Ata.