"Bayram namazı evdə də qılına bilər" MÜSAHİBƏ - SƏS TV

5 İyul 2016 16:54 (UTC+04:00)

İlahiyyatçı Hacı Elşən Əlizadənin SİA-ya müsahibəsi

- Ramazan ayının sonudur. İlk olaraq bilmək istərdik bu mübarək aya Ramazan adının verilməsindəki hikmət nədən ibarətdir?

- Ramazan ayı yeganə aydır ki, onun adı müqəddəs kitabda çəkilib. Bu, birbaşa tanrının mərhəməti və rəhmi ilə birbaşa əlaqəlidir. Ramazan sözünün mənası yandırmaq deməkdir. Yəni bu ayda günahlar yandırılır, müsəlmanlar sınaqdan keçərək layiqli insan modeli şəklində ortaya çıxır. Ramazan ayı elə aydır ki, bu ayda oruc tutan hər bir kəs mələklə eyni mərtəbədə olur. Ramazan ayının hikmətinə gəlincə, bu ayın məqsədi insanları günahlardan təmizləmək, pak etmək və onu mələkdən də üstün səviyyəyə gətirib çıxarmaqdan ibarətdir.

- Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir. Sizcə, sınaqdan keçmək o qədərmi çətindir.Çünki çoxları müxtəlif bəhanələrlə, oruc tutmaqdan yayınmağa çalışır?

- Müqəddəs kitabda deyilir ki, ibadət Allah üçün deyil, insan üçündür Peyğəmbərimizin hədislərində də Ramazan ayının orucları haqqında buyrulur ki, oruc tutun ki, sağlam olasınız. Əgər tanrı insanlara oruc tutun əmrini veribsə, demək ki, bu əməl vacibdir. Oruc tutmaq insanları pis hislərdən çəkindirməklə yanaşı, hidayət və tərbiyə edir. Bu əməldən boyun qaçıranlar da təbii ki özlərinə ziyan etmiş olurlar. Onlar həm tibbi, həm də mənəvi ziyafəti itirmiş olurlar. Allah təala buyurur ki, Ramazan ayı mənim ayımdır və bu ayın mükafatını mən verirəm. Kim oruc tutsa, həmin şəxs sanki tanrının ziyafətində olmuş kimidir. Bu əməldan bəhanəsiz yerə qaçanlar isə təbii ki, bu ziyafətdən kənarda qalmış olurlar.

- Ramazan ayının əsas əməllərindən biri fitrə verməkdir. Ümumiyyətlə, fitrə, zəkat necə və kimlərə verilməlidir?

- Fitrə, zəkat böyük fəlsəfi, məntiqə mənaya söykənən əməldir ki,Tanrı bununla bağlı məhz Ramazan ayının sonunda qərar verib. Fitrə verməyin məntiqi fəlsəfi mənası budur: "İlahi bu ay oruc tutdum, ac qaldım. Acların fəqirlərin nə çəkdiyini hiss etdim və bu ayın sonunda sənin buyurduğun qədər pul çıxarıb, fəqirlərə nəfəqə (yəni onları doyuzdurmaq üçün ayırmaq) edirəm".

Hədislərdə buyrulur ki, Ramazan ayının orucunun qəbul olmasının səbəbi məhz fitrə zəkatıdır. İnsan 1 ay oruc tutub fitrə zəkatı verməsə, sanki oruc tutmamış kimidir. Fitrə zəkat tutulan orucların Allah qatında möhürlənməsinə səbəb olur. İnsanlar fitrə verməklə yoxsulların dərdinə şərik çıxaraq, onların nə hiss etdiklərini bildirirlər. Bu əməl hər bir müsəlman üçün vacibdir. Hətta bayram axşamı evinizdə qonağınız varsa, ev sahibi qonağın adına da fitrə çıxarmalıdır. Fitrə 3 kq buğda, arpa, kişmiş, xurmanın müqabilində, müsəlman bacı, qardaşlara verilməlidir. Bu, Allah adına verilməli kimisə utandırmaq, xar etmək məqsədi daşımamalıdır.

- Sabah ölkə məscidlərində bayram namazı qılınacaq. Bayram namazı necə qılınmalıdır və bu namazı evdə qılmaq olarmı?

- Bildiyiniz kimi, Qafqaz Müsəlmanlar İdarəsinin göstərişinə əsasən, sabah səhər 9:00-da bütün məscidlərdə bayram namazı qılınacaq. Bayram namazı özünəməxsus namazdır və şəriət kitablarında bununla bağlı geniş məlumat verilib. Bu namaz təkbir, qunutların sayına görə adi namazlardan seçilir. Bayram namazını qılmaq istəyənlərin məscidlərdə cəmləşməsi daha yaxşıdır. Çünki birgə qılınan namzların, edilən duaların savabı daha çoxdur. Amma məscidə gedə bilməyənlər də evdə bayram namazı qıla bilərlər. Əsas şərt onun düzgün qılınmasıdır. Evdə qılınan bayram namazı şəriət kitablarında göstərilən kimi qılınmalıdır