Milli komandamız Qızıl Qran-Pridə yarışacaq

23 Fevral 2011 13:12 (UTC+04:00)

Macarıstanda yunan-Roma güləşi üzrə beynəlxalq Qızıl Qran-Pri turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak etmək üçün yığma komandamızın bir qrup üzvü Macarıstana yola düşüb. Komandamız turnir öncəsi yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Macarıstana 7 pəhləvanımız yollanıb: Elçin Əliyev (55 kq), Elvin Mürsəliyev (74 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq), Maksim Proxorov, Zaur Mehrəliyev (hər ikisi 120 kq).