Kristaps Grebis: \"\"Gəncə\"də də məhsuldar bir oyunçu kimi tanınacağıma ümid edirəm\"-MÜSAHİBƏ

18 Fevral 2011 12:11 (UTC+04:00)
\"Gəncə\" klubunun yeni transferi Kristaps Grebis klubun rəsmi saytına müsahibə verib. Siasport.az saytı həmin müsahibəni nəzərinizə çatdırır:


- Kristaps, şəhərimizə xoş gəlmisiniz. Gəncədə Sizi necə qarşıladılar?

- Çox sağ olun. Gəncədə məni cox isti qarşladılar. Hazırda məşqlərə qatılmışam. Özümü yaxşı hiss edirəm.


- Azərbaycanın ən titullu klublarından olan \"Gəncə" klubuna transferiniz necə baş tutdu?

Mənə Azərbaycan və Gəncə haqqında menecerim danışıb. O ölkənizdə futbolun inkişaf etdiyini, bu sahəyə diqqət və qayğının olduğunu söylədi. \"Gəncə\" PFK haqqında isə çox müsbət fikirlər bildirdi. O bildirdi ki, bu mövsüm Premyer Liqaya vəsiqə qazanan Gəncə yaxşı oyun nümayiş etdirir və klub vaxtı ilə Azərbaycanın ən titullu komandalarından biri olub. Odur ki, mən \"Gəncə\"yə keçməyə razılıq verdim.


- Azərbaycan çempionatını, klublarını və ümumilikdə futbolumuzu necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, mən Azərbaycan futbolu haqqında o qədər də ətraflı məlumata malik deyiləm. Sizin ölkənizdə oynayan bir neçə latviyalı futbolçu ilə yaxın əlaqələrim var. Məsələn Rubins, Karlsons, Torres, Soloniçin və başqa futbolçuların mənə söylədiklərinə görə maraqlı çempionat keçir. Yaxşı komandalar formalaşıb, futbola diqqət və maraq böyükdür. Xüsusən də Gəncədə futbolu sevirlər və azarkeşlik edirlər. Amma hələ qəti fikir söyləyə bilmərəm. Bir müddət sonra bu barədə ətraflı və dəqiq nə isə demək olar.


- Komandaya uyğunlaşmağınız necə gedir?

- Komanda məni çox isti qarşıladı. Uşaqlar çox mehribandirlar. Artıq məşqlərə qatılmışam. Bir az adlarla bağlı çətinlik çəkirəm. Amma o da yavaş yavaş düzəlir. İnanıram ki, bir müddət sonra mənim üçün çox rahat olacaq. Yenə də zamana ehtiyac var.


- Əvvəlki klubunda yüksək məhsuldarlıq göstərən Grebis bu mövsüm "Gəncə" PFK-nın heyətində uğur qazanacağına inanırmı?

- Mən peşəkar futbolçuyam. Harada oynamağımdan asılı olmayaraq mən bütün gücümü meydanda nümayiş etdirməyə çalişacam. Hələ ki, Azərbaycan çempionatında buna nə dərəcədə nail olacağımı bilmirəm. Amma \"Gəncə\"də də məhsuldar bir oyunçu kimi tanınacağıma ümid edirəm.


- Kristaps, artıq \"Gəncə\"nin heyətində ilk oyuna çıxmısınız. AZAL ilə qarşılaşma barədə nə deyə bilərsiniz?

- Cox maraqlı və gərgin oyun oldu. AZAL da yaxşı təsir bağışladı. Biz də bacardığımız qədər mübarizə apardıq. Hər iki komandanın yetərincə qol imkanları oldu. Sona qədər komandalar meydançada döyüşdülər. Fikrimcə hesab nəticəyə görə oldu. Amma meydança mənim heç də ürəyimcə olmadı. Baxımlı futbol üçün süni yox, yaşıl meydançalar daha əlverişlidir.


- Gəncəyə gəldiyiniz az bir müddətdir. Şəhər ilə tanış olmusunuz?

- Futbolçularla bir az şəhəri gəzmişəm. Onu deyim ki, Gəncə çox təmiz və gözəl şəhərdir. Yaxşı yolları və yaraşıqlı binaları, tarixi abidələri var. Hiss olunur ki, şəhərdə inkişaf var. Amma daha yaxından tanış olmaq istəyirəm. Buna da yenə zaman lazımıdır.