Türkiyədə baş verən ardıcıl terror olayları, xüsusilə Atatürk Hava Limanında törədilən və çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı aksiya bir daha göstərdi ki, qardaş ölkənin regionda, eləcə də beynəlxalq aləmdə artan nüfuzunun qarşısının alınmasından ötrü ən alçaq addımlara belə gedilə bilər. Belə ki, baş verən hadisələrin ardıcıllığı da belə qənaətə gəlməyə əsas yaradır ki, Türkiyənin bu istiqamətdəki yolunun qarşısına səddlər çəkməyə çalışan gizli, yaxud açıq güc mərkəzləri fəaliyyət göstərir. Türkiyənin eyni anda bir neçə terror təşkilatlarına qarşı açdığı cəbhədə apardığı qətiyyəli mübarizə və bu mübarizə fonunda ölkə rəhbərliyinin geriyə addım atmayacaqları barədə irəli sürdükləri fikirləri də söz yox ki, qarşı tərəflərin getdikcə daha amansız terror aksiyaları həyata keçirmələri ilə nəticəsini tapır. İstər kürd fəhlə partiyası kimi fəaliyyət göstərən PKK, istərsə də beynəlxalq radikal dini terror təşkilatlarına çevrilmiş "İslam Dövləti", "Cəbhət ən Nüsra" və s. tipli qanunsuz hərbi birləşmələr əllərinə düşən hər anda qeyri-insani aksiyalarını gerçəkləşdirərək, güclü Türkiyəyə meydan oxumaqda davam edirlər.
Qərbə vurulan eyham
Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş dəhşətli terrorla bağlı təcili növbədənkənar iclas çağırıb. Qardaş ölkənin rəsmi informasiya agentliklərinin məlumatına görə, həmin toplantıda baş nazir Binəli Yıldırım və Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akar da iştirak ediblər. İclas əsnasında çıxış edən Ərdoğan Atatürk Hava Limanındakı hadisəni şiddətlə qınadığını bəyan edib: "Terror bir daha öz qaranlıq üzünü ortaya qoydu. Bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkətdir. Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir. Bu hücum mübarizə üçün bir dönüş nöqtəsi olsun".
Göründüyü kimi, Türkiyə rəsmi şəkildə ilk növbədə Qərbə çağırış edib və ölkə başçısı terror hadisəsini oyun adlandırıb. Yəni açıq-aşkar görünən budur ki, qanlı olayların arxasında Türkiyəni zəiflətməyə, gücdən və nüfzdan salmağa yönəlmiş oyunlara start verilib. Hətta ehtimal etmək mümkündür ki, Qərb bu oyunlardan xəbərdardır, lakin gözləmə mövqeyini saxlayır. Yəni oyunların əsas iştirakçıları yuxarıda adları çəkilən silahlı terror təşkilatları və onlardan maksimum dərəcədə istifadə edən Qərbin qaranlıq siyasi dairələrdir. Türkiyə prezidenti onun ölkəsində baş verən müxtəlif daxili siyasi prosedurlara müdaxilə edən Qərbə anlatmağa çalışıb ki, artıq gizli oyunbazlıqların oynanılması, siyasi teatr səhnələrində Türkiyənin hədəf kimi baş rol alması sirri çözülüb. Hər şey gün kimi aydındır…
Həm İsrail, həm də Rusiya Türkiyə ilə dünyanın idarəçiliyində tutarlı mövqeyə sahiblənmişdilər
Sirr deyil ki, Türkiyə öz güclü ordusu sayəsində son vaxtlar istər PKK-ya, istərsə də islam dini pərdəsi altındakı radikal terror təşkilatlarına ölkə daxilində və xaricində uğurlu hərbi əməliyyatlar aparır. Bütün bunlar nə qədər maraqlı görünsə də Türkiyənin Qərblə, o cümlədən, İsrail və Rusiya ilə münasibətlərinin gərginliyinin aradan qaldırıldığı bir vaxta təsadüf edir. Nəzərə alsaq ki, aralarında yaşanan siyasi qalmaqallardan öncə həm İsrail, həm də Rusiya Türkiyə ilə dünyanın idarəçiliyində tutarlı mövqeyə sahiblənmişdilər. Məhz "Mavi Mərmərə" hadisəsi, bir neçə il sonra isə Türkiyə ilə Suriya sərhədi yaxınlığında Rusiya bombardmançısının vurulması bu mövqelərin zəifləməsinə gətirib çıxardı. Olanlar isə nedə deyərlər, oldu…
Türkiyənin tək istəyi, Avropa Birliyinin miqrantlarla bağlı söz verdiyi maliyyə dəstəyinin dərhal göstərilməsi idi
İsraili çıxmaq şərti ilə, istər Rusiya Ukrayna və Krım məsələsində Qərbin sanksiya hücumlarıma məriz qaldı, istərsə də Türkiyə Avropa Birliyinə daxil olan aparıcı dövlətlərin miqrantlar məsələsində süni qınaq, tənqid, hətta bəzi hallarda təhdid mişeninə çevrildi. Halbuki, Türkiyə öz sərhəd qapılarını 100 minlərlə suriyalı qaçqına açmışdı. Bu ölkənin tək istəyi, Avropa Birliyinin söz verdiyi maliyyə dəstəyinin dərhal göstərilməsi idi. Çünki Türkiyə təkbaşına miqrantlar problemini həll etmək iqtidarına deyildi. Qərb Türkiyənin tələblərinə məhəl qoymadıqdan sonra, Ərdoğan hakimiyyəti qarşı tərəfə kifayət qədər sərt ittihamlar irəli sürdü. Nəticədə…
Nəticədə isə terror təşkilatlarının bu ölkədəki fəaliyyətləri fəallaşmağa başladı. Gəzi parkında, Siltan Əhməd camesi qarşısında, o cümlədən ölkənin şərqində bir-birinin ardınca qanlı aksiyalar insanların tələfatı ilə nəticələndi.
Araşdırılacaq…
Söz yox ki, istər örtülü, istərsə də açıq bilgilər Türkiyənin xüsusi xidmət orqanları, güclü əks-kəşfiyyatı tərəfindən araşdırılacaq və Atatürk hava limanı da daxil olmaqla, digər terror hadisələrinin qaynaqlandığı gizli mərkəzlər ifşa olunacaq. Hələlik isə qardaş Türkiyənin başı böyük dərddədir və bu dərdin aradan qaldırılması üçün qonşu ölkə dövlətçilik maraqlarının qorunması istiqamətində çox ciddi, sərt addımlar atmaq məcburiyyətindədir. Və əlbəttə ki, terror hadisələrinin qisası çox kəskin qaydada alınmalı olacaq.