Stadnik: "Bizim 20 uşağımız olacaq"-MÜSAHİBƏ

17 Fevral 2011 14:26 (UTC+04:00)

Azərbaycanda qadın güləşinə xüsusi diqqət start götürəndən məlum məsələdi ki, mentalitet üzündən ilk addım gəlmələri milliləşdirmək oldu. İlk heyətdə yer alanların əksəriyyəti bu gün Azərbaycan yığmasında yoxdu. Amma o zamankı seçimlərdə uğurluları da var idi. 48 kq-da Ukraynanı təmsil etmiş Mariya Stadnik demək olar getdiyi hər yarışda medal qazanır. Onun həyat yoldaşı Andrey Stadnik də güləşçidi və hal-hazırda Ukraynanı təmsil edir. Andrey və Mariya Stadniklərin ailəsinə unikaldan başqa ad vermək olmaz. Hər ikisi sərbəst güləşlə məşğuldu və hər ikisi böyük uğurlar qazanıblar. Ailə başçısı Pekin olimpiadasında gümüş, həyat yoldaşı isə bürünc əldə edib.

Təxminən bir il əvvəl ilk uşaqlarının dünyaya gəlməsinə sevinən ailənin başçısı uşaqları və Azərbaycan Güləş Federasiyası ilə münasibətləri haqda danışıb. Siasport.az saytı həmin müsahibəni təqdim edir.

- Andrey, birlikdə idman zalında nə qədər vaxt keçirirsiz?

- Biz yalnız yarışlara hazırlıq müddətində bir yerdə oluruq. Turnirlərimizin təqvimi isə fərqlidi. Çünki mən Ukrayna, həyat yoldaşım isə Azərbaycan millisinin şərəfini qoruyur. Yaxşı ki, mənim Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə əla münasibətlərim var və bunun sayəsində Mariyanın Ukraynada məşq etməsi üçün icazə almışam. Bir yerdə çoxlu işləyirik. Hər gün 5 kilometr qaçır, əzələlərimizi möhkəmlədirik. Eyni zamanda da ünsiyyət qururuq.

- Hər halda, beynəlxalq turnirlərdə yenə bir yerdəsiz...

- Ancaq ən vacib beynəlxalq turnirlər - Avropa və dünya çempionatı zamanı bir yerdə oluruq. Mən ümumiyyətlə, Mariyanın nisbətən zəif yarışlarda iştirak etməsinin əleyhinəyəm. Niyə? Çünki ora Yaponiya, Çin və digər ölkələrdən məşqçilər gəlir və bizim taktika və texnikamızı öyrənirlər. Biz isə bunu gizlətməliyik. Ona görə də ən yaxşısı evdə hazırlaşmaqdı.

- Ər və arvadın güləşçi olduğu ailədə necə dolanırsız?

- Yeganə çatışmayan cəhət vaxt azlığıdı. Düzünü desəm, evdə ancaq payızda oluruq. Qalan vaxtları "qastrolda" keçiririk. Bəli, biz yarışlarımızı və təlim-məşq toplanışlarımızı "qastrol" adlandırırıq (gülür). Üzücü olan odu ki, yollarımız çox nadir hallarda kəsişir. Əvvəldə dediyim kimi, bu qədər çox yarışlara getməyimizin tərəfdarı deyiləm. Ümumilikdə isə idmançı ailəsində ancaq müsbət məqamlar görürəm. Bir-birimizi bir işarədən başa düşürük. Həyat yoldaşıma daha yüksək nəticələr qazanmaq üçün necə kömək edəcəyimi yaxşı bilirəm.

- Deyirlər, güləşçilərin çox çətin xarakteri olur...

- Ola bilər ki, bu düzdü. Çünki bizim həyatımız güləşdən ibarətdir. Görünür, biz sərt adamlarıq. Ancaq Mariya ilə müqayisə etsək, mən daha yumşağam. Həyat yoldaşım çox çətin xarakterə malikdi. Ancaq biz dil tapa bilirik. Çünki, yaxşı anlayırıq ki, birlikdə olduğumuz zaman çox güclüyük. Münasibətlərimizdə hər hansı problem yaşamırıq. İlyarım əvvəl dünyaya gələn övladımız isə əlaqələrimizi daha da möhkəmlədib. İqor ailəmizdə yeganə olmayacaq. Bizim 20 uşağımız olacaq (gülür).

- "Qastrol"larınız zamanı oğlunuza kim baxır?

- Oğlum hal-hazırda Xmelniçedə - anamın yanında qalır. O uşaqların yetişdirilməsində böyük təcrübəyə malikdi. Axı mən özüm 5 uşaqlı ailədə böyümüşəm. Ukrayna prezidenti anama oğullarının əldə etdiklərinə görə "qəhrəman ana" statusu verib. Biz beşimizdə sərbəst güləşlə məşğul oluruq. Biri, yəni mən əməkdar idman ustasıyam. İkisi beynəlxalq dərəcəli idman ustası, ikisi isə idman ustasıdı. Atam da bir müddət güləşlə məşğul olsa da, yüngül atletikada nəticələr qazanıb.