Böyümək şərt deyil. Şəxsiyyət kimi formalaşmaq şərtdir
(İnsanın özünü dərk fəlsəfəsindən)
Yazıya başlamamışdan öncə çox düşündüm, daşındım. Dağı arana, aranı dağa köçürtdüm. Çox götür-qoy elədim... Ortaya maraqlı suallar, məsələlər çıxdı...
Birincisi yaddaş üçün deyim ki, Azərbaycan Sovet Hakimiyyəti dövründə partiyanın önə, əsas rəhbərliyə keçməsi, hakimiyyəti ələ alması əsasən 1930-cu ildən başlayıb. Kommunist Partiyasının 70 illik hakimiyyəti zamanı bu məmləkətdə təxminən 5 min kommunist raykom katibi işləyib. Bəli, bəli, təxminən 5 min. Bu az rədəm deyil 70 ildə, eləmi? O dövrlərdə bəzən onlara "kiçik padşahlar" da deyirdilər... Bu "kiçik padşahlar"ın da çoxu səriştəsiz, özündən müştəbeh olduqlarına görə heç 2-3 il də bu vəzifədə işləyə bilmirdilər. Azərbaycan təsərrüfatlarına kolxoz-sovxozlarına, zavod- fabriklərinə, eləcə də millətə böyük ziyan vurub, rüsvayçılıqla bu vəzifədən uzaqlaşdırıldılar... Komminist partiyası, hansı ki, başlanğıcda, ilk yaranışda dünyada ən humanist partiya sayılırdı və dünya xalqları tərəfindən sevilirdi, məhz belələrinə görə də illər keçdikcə bu partiya millətlər arasında öz hörmətini itirdi, gözdən düşdü... Nəticəsi də göz qabağındadı...
Bəs necə oldu ki, mənim qəhrəmanım Azərbaycanda, eləcə də köhnə İttifaqda yeganə şəxsiyyət olaraq düz 31 il bu vəzifədə fasiləsiz işləyə bildi? Özü də elə-belə işləmədi. Qurdu, yaratdı, mümkün olmayanı mümkün elədi, reallaşdırdı və köhnə İttifaqda görünməyən yeniliklər yaratdı. İşlədiyi rayonlarda, eləcə də məmləkətimizdə adı hər yerdə hörmətlə çəkildi. Şöhrəti nəinki köhnə İttifaqa, hətta bir sıra Sosialist ölkələrinə belə yayıldı. Bolqarıstan Sosialist Respublikası Razqrad vilayətinin fəxri vətəndaşı oldu. Haqqında neçə-neçə oçerklər, məqalələr, publisist kitablar yazıldı. Şəkilləri bu 31 ildə qəzetləri, curnalları bəzədi. Adı qurultaylar sarayından dəfələrlə böyük hörmətlə çəkildi. Sinəsini iki Lenin ordeni, çoxlu ordenlər, medallar bəzədi. Bədii, sənədli əsərlərin, bir çox kitabların müsbət, baş qəhrəmanı, prototipi oldu...
Hamı onunla dostluğu, təmasda olmağı, heç olmasa bir dəfə görüşüb söhbət eləməyi özünə şərəf bildi... O isə 31 ildə özündən vəzifəcə böyük məmurlarla, öz ağılı, savadı, bacarığı, tələbkarlığı, təşkilatçılığı, yenilikçiliyi və ən əsası da təmizliyi, paklığı, mübarizliyilə vuruşdu, döyüşdü, mübarizə apardı. Xalqın və özünün sözünü yüksək tribunalardan, mötəbər iclaslardan yüksək məntiqlə, obrazlı ifadələrlə, atalar sözləri, hikmətli kəlamlarla dedi, sübut elədi və qələbə çaldı. Haqq yandıran şamı söndürmək olmaz deyib atalar. Onun haqq sözü ağır olduğuna görə, haqq daşı da ağır oldu...
Amma xalq onun haqlı səsini, sözünü eşitdi. Onu alqışladı. Sevdi, əzizlədi. Camaatımız ağsaqqal seçdi onu özünə. 31 il bu paklığı, ağsaqqalığı, birinciliyi qorudu, yaşatdı Sadıq Nəbi oğlu Murtuzayev rəhbərlik elədiyi, raykom katibi olduğu rayonlarda...
Bu estafetə, bu yüksəlişə 60 ildə məmləkətmizdə heç kim gəlib çata bilmədi. Yeganə Sadiq müəllim özünə ustad hesab elədiyi Rüstəm Səfərəliyev bu yolda ikinci pilləyə qədər yüksələ bildi. Fəqət o da çox şöhrət qazanmasına, hətta Sosialst Əməyi Qəhrəmanı olmasına baxmayaraq, heç 30 il də raykoim katibi işləyə bilmədi. Belə ki, vaxti ilə Azərbaycan Kommunist Paritiyasının birinci katibi olan, böyük intellekt sahibi, alim, yüksək ziyalı Vəli Axundov kimi bir şəxsiyyət, öz ətrafının diktəsi, buyuruğu ilə günlərin bir günü uzaqlaşdırdı Rüstəm Səfərəliyevi işdən. Çıxartdı raykom katibilyindən. Onu işsiz qoydu. Rüstəm Səfərəliyevin raykom katibiliyinə yenidən qayıtması, böyük ad-san qazanmasını Sadiq Nəbioğlu bir dəfə söhbətlərində mənə belə nəql elədi:
— Bir gün, dəqiq tarixi yadımda deyil, 1969- cu ilin iyun, ya da iyul ayı idi. Abşeron rayonunda birinci katib işlədiyim vaxt işdən çıxıb, Nərimanov prospekti ilə xidməti maşınımda evə qayıdanda ordakı kolxoz bazarının qarşısında, böyük bir növbə içərisində, özünün uca, qəd- qamətli boyu, ağ, gur saçları ilə başqalarından tez seçilən Rüstəm Səfərəliyevi gördüm. Maşını saxlatdırıb, düşdüm. O, məni görmürdü. Yaxınlaşıb qoluna girdim. Hal-əhval elədim... Gördüm ki, növbə kartofa görədir. Özü də ondan qabaqda növbədə, təxminən 100- dən artıq adam var. Bir az söhbət elədik. Sonra onu çox çətinliklə növbədən ayırıb, evə gətirdim. Daha doğrusu onu inandırdım ki, növbənizə ən azı iki saat var. Növbəniz çatana kimi gələrik. Ondan qabaqda və arxada olan adamlara da tapşırdım ki, ya biz gələcəyik, ya da bax bu cavan oğlan,- deyə mən adamlara sürücümü göstərdim. Axşam yeməyinin vaxtı olduğuna görə, süfrə arxasında əyləşdik. Bundan əvvəl isə Rüstəm müəllim eşitməsin deyə sürücünü kənara çəkib, ona tapşırdım ki, gedib Xırdalan tərəvəz bazasından bir kisə kartof götürüb, aparıb onların evində versin və sonra da gəlib xəbərini mənə desin. Biz sakitcə əyləşib, çörəyimizi yeməyə başladıq. Çünki Rüstəm müəllim də elə başa düşdü ki, mən sürücünü kartof növbəsinə göndərdim. O, spirtli içkiyə aludə deyildi. Lakin hərdən bir-iki qədəh konyak içməyi xaşlayırdı. İki qədəh konyak içdi. Mən isə Mərkəzi Komitəyə gedəcəyimi bəhanə eləyib, içmədim. Yeməkdən sonra bir neçə tas nərd oynadıq. Onu da deyim ki, Rüstəm müəllim, nərdin, şahmatın, bilyardın yaxşı azarkeşi idi. Hər üç oyunu da çox yaxşı oynayırdı. Uduzmağını da heç cür qəbul eləyə bilmirdi. Nərd oynadığımız vaxt o, arada "kartof növbəm çatar"- deyə xatırladırdısa, mən də onu arxayın eləyirdim ki, sürücü oradadır... Nəhayət sürücü gəlib xəbər verdi ki, kartofu Rüstəm müəllimgilə çatdırıb. O, da cibindən pul çıxarıb sürücüyə vermək istədi. Mən də onun qarşısını bir təhər alıb, sakitləşdirdim ki, sonra pulu mənə verərsən. Şahmat oyunundan sonra oturub söhbət elədik. Dərdləşdik... Köhnə illəri, Zaqatalanı yada saldıq... O vaxtlar Rüstəm müəllim Zaqatalada birinci katib, mən isə ikinci katib işləyirdik… Onu da sizə deyim ki, mənim partiya sahəsinə gəlməyimdə, ikinci katib olmağımda, rəhbərlik səriştəsi toplamağımda, insanlarla yaxşı təmas qurmağı öyrənməyimdə Rüstəm Səfərəliyevin xidmətləri çox olub… O, özü Mirbəşir (indiki Tərtər) rayonuna birinci katib vəzifəsinə dəyişiləndə, öz yerinə Zaqatala rayon partiya komitəsinin birinci katibi məni təklif eləmişdi.
Rüstəm Səfərəliyevin söhbətləri və o kartof növbəsi epizodu Sadiq Nəbioğluna çox pis təsir eləyir. Öz-özünə fikirlənir ki, nəyin bahasına olursa-olsun Rüstəm Səfərliyevə kömək eləmək lazımdır. Və özü də bu məsələni səhərə saxlamaq olmaz. Elə bu gün həll eləməlidi. O, Rüstəm müəllimi yola salandan sonra Mərkəzi Komitəyə Heydər Əliyevin qəbuluna getməyi qərara alır və ora gedir. Söhbətimizin bu yerində Sadiq Nəbioğlu onu da əlavə elədi ki, Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilən ilk vaxtlarında raykom katiblərini dərhal qəbul eləyərmiş. Həmin gün Sadıq Nəbioğlu Mərkəzi Komitəyə gəlib, köməkçi Arif Mustafayevə xəbər verir ki, birinci ilə görüşmək istəyir. Köməkçi xəbəri çatdıran kimi Heydər Əliyev Sadiq Murtuzayevi qəbul eləyir. Və belə bir vaxtda gəlməsinə təəccübünü bildirəndə, Sadıq müəllim deyir:
— Heydər Əlirzayeviç məni neçə katib hesab edirsiniz?
Heydər Əliyev bu sualı eşidəndə təəccüblə və sual dolu baxışla ona baxır.
— Əgər yaxşı katib hesab eləməsəydim, yəqin səni də bir çoxları kimi çoxdan işdən çıxartmışdım. Sözünü de, - deyə Heydər Əlilirzaoğlu onun üzünə baxır
Bu sözdən sonra Sadiq Nəbioğlu Rüstəm Səfərəliyevə necə rast gəldiyini deyir və əlavə edir ki, Rüstəm müəllim məndən daha çox işgüzar katib olub... Və söhbətinin sonunda belə deyir:
— Heydər müəllim indi də sizə daha işgüzar, təşkilatçı, işini yaxşı bilən, adamlarla işləməyi bacaran katiblər lazımdır. Belə bir məqamda, belə vəziyyətdə məgər Rüstəm Səfəvəliyevi təsərrüfatı ağır, işləri pis olan, geri qalmış bir rayona göndərib, onu bir də sınaqdan keçirmək olmazmı?
Bu sözlərdən ulu öndər Heydər Əliyev bir qədər fikrə gedir və sonra deyir:
— Mənim bildiyimə görə, Rüstəm Səfərəliyev çox çətin, ipə-sapa gəlməyən, tərs adamdır. Əgər sən zamin olursansa göndərərəm.
— Mən əminliklə zamin dururam, Heydər Əlirzayeviç, - deyə Sadıq Nəbioğlu qətiyyətlə bildirir.
Söhbət bununla qurtarır. Heydər Əliyev daxili telefonla Rüstəm Səfərəliyevin şəxsi işini tələb eləyir və Sadiq Nəbioğlunu yola salır.
— Mən aşağı düşəndə o zaman təşkilat şöbəsinin müdri işləyən İsmayıl Əsgərovun, əlində Rüstəm Səfərəliyevin şəxsi işilə pilləkənlərdən qalxdığını gördüm. Salam verib yanımdan keçdi. Evə gəlib, Rüstəm müəllimə zəng vurub, əhvalatı olduğu kimi ona danışdım. Onu da əlavə elədim ki, hər ehtimala qarşı hazır olsun. O da heç on dəqiqə keçməmiş zəng vurdu ki, Heydər Əliyev məni qəbula çığırtdırdı. Təxminən bir saat sonra isə Rüstəm müəllim zəng vurdu ki, onu Göyçay rayonuna birinci katib göndərirlər. Göyçayda da çox böhranlı bir vəziyyət vardı o vaxt. Camaat raykom binasını daş-qalaq eləmişdi. Bu da o zaman üçün görünməmiş bir hadisəydi. Rüstəm Səfərəliyev onu da bildirdi ki, sabah saat 10- da Göyçayda plenum təyin olunub. Tezdən İsmayıl Əsgərovla ora gedirik. Mənə də böyük minnətdarlıq eləməyi yaddan çıxarmadı, - deyə Sadiq Nəbioğlu o illəri və ustadı Rüstəm Səfərəliyevin rəhbər kimi ikinci həyat başlanğıcını belə yada saldı.
Rüstəm Səfərəliyevin sayəsində, az zaman içərisində Göyçay rayonu nəinki böhrandan çıxdı. Hətta bütün respublikaya nümunəvi rayon kimi göstərilməyə başladı. Və çox keçməmiş Heydər Əliyev hiss elədi ki, Göyçay rayonu Rüstəm Səfərəliyev kimi təcrübəli, bacarıqlı raykom katibinin miqyasına sığışmır, ona görə də onu yenidən heç də yaxşı ad çıxarmamış Bərdə rayonuna göndərdi. Çox prinsipial təbiətə, yüksək təşkilatçılığa malik olan Səfərəliyev də özünü məhz bu rayonda göstərmək arzusunda idi. Göstərir də. Onun rəhbərliyi ilə o zaman Bərdə, ən aparıcı sahəsi olan pambıqçılıqda görünməmiş uğurlar qazandı. Respublikada bütün rayonlardan daha çox ölkəyə pambıq verməyə başladı. Bu uğurlarına görə, Rüstəm Səfərəliyevə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Lakin dahi rəhbər Heydər Əliyevin Moskvaya, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə işləməyə getməsi ilə həmin vaxtlar Rüstəm Səfərəliyevin də fəaliyyətinə son qoyuldu. Rüstəm Səfərəliyev kimi prinsipal, işgüzar raykom katibini gözü götürməzlərin fitvası ilə vəzifədən uzaqlaşdıdı.
— Mən canlı şahidiyəm ki, işsizlik belə bir işgüzar adamın şam kimi əriyib, dünyasını dəyişməsinin başlıca səbəbi oldu, - deyə Sadıq müəllim təəssüflə qeyd eləyib, sözünə davam elədi. Bunu da əlavə eləmək yerinə düşər ki, həmişə yüksəliş və şöhrət çələngi ilə əhatə olunan, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyevin məzarı başında matəm mitinqi keçirmək üçün cəhd eləyib, qısa bir nitq söyləsəm də məndən başqa danışan olmadı. Hətta partiya və dövlət orqanlarından da bir nəfər belə onun dəfnində iştirak eləmədi... Elə bil Rüstəm müəllim ömrünün böyük bir hissəsini bu millətə, bu dövlətə, xalqa xidmət eləməmişdi…
Bax, bu da mənəvi kasıblıq səviyyəsində olan cəmiyyətimizin və xalqımızın bir faciəsidir. Müqayisə üçün onu da deyim ki, elə Kamran Bağırovun öz dəfni də bundan uzağa getmədi... Onun öz dəfni də elə Rüstəm Səfərəliyevin dəfni kimi keçdi…
Bax ona görə də düşməndən də öyrənməyə cəhd eləmək lazımdır. Çünki çoxlarına düşmənləri istəməsə də şöhrət gətirib. Gərək hər insan dərk eləsin, yadında saxlasın ki, çox yaşamağın gözəlliyi və sirri ləyaqətlə yaşamaqdadır. Həyatda iki şey adamın axırına çıxır. Nadanlıq və pozğunluq. Bu günkü həyatımızda da belə şeylər həddən ziyada çoxdur.
Bütün bu fikirlərin içərisində, beynimdə bir sual dolaşır. Və bu sualı öz-özümə təkrar eləyirəm. Bu keçməkeşlərin, qovğaların içərisində bəs necə olub ki, Sadıq Nəbioğlu bütün birincilərlə işləyə bilən və özünü həmişə yüksək bir zirvədə saxlamağı bacaran raykom katiblərindən olub? Özü də 31 il bu pillədə dayanıb. Bunun sirri nədədi? Suallar çətin olsa da, mən onun özünün və çoxsaylı qədirbilən Sadıqsevərlərin köməkliyi ilə bu, eləcə də başqa sualların cavabını, bu esseni yazdıqca tapacam. Ancaq açığı bu suallara nə dərəcədə cavab verəcəyəm, nə dərəcədə cavab tapacağım hələ özümə də tam aydın deyil... Daha doğrusu bilmirəm cavab tapa biləcəyəmmi?
Mənim qəhrəmanımın yazıçı dostu, uzun illər Azərbaycan Dövlət Televiziyasında işləmiş, dəyərli ziyalı, mərhum Gəray Fəzli onun haqqında yazdığı bir oçerkinə "Zirvədən zirvəyə" başlığı vermişdi. Bəlkə elə buna görə xəbis adamların əli bu zirvəyə çatmayıb?.. Yox. Mənə elə gəlir ki, belə deyildi. O, öz işi, fəaliyyəti ilə həmişə zirvədə cövlan eləsə də sözün həqiqi mənasında Sadıq müəllim heç vaxt torpaqdan ayrılmayıb və həmişə də bu xəbis adamların əhatəsində olmuşdur. Onun böyük qüdrəti də məhz torpağa, elə bağlılığında olub. Bu torpaq da, el də həmişə onun dayağı, sipəri olub. Onu bu dayaqdan, eldən də ayırmağa heç kimin, heç kəsin qüdrəti, cürəti çatmayıb. Axı el atan daşa, el arxa olan insana güc çatmaz. Beynimdə yenə suallar fırlanır. Bəs nədir bunun sirri? Nədir bunun möcüzəsi?...
Mən yaşadığım, işlədiyim bir çox rayonlarda və teatr işimlə bağlı ünsiyyətdə olduğum çoxsaylı raykom katibləri ilə Sadıq Nəbioğlunu bir cərgədə qoyub, həmin suallarıma yenə də cavab axtardım və tapdım. Tapdığım cavabla özum də razılaşdım.
Bu vaxt yadıma bir əhvalat düşdü. Bir dəfə iştirak elədiyim məclisdə çoxlu keçmiş yüksək rütbəli vəzifəlilər və bir neçə raykom katibləri iştirak eləyirdi. Yadımdadır ki, əvvəllər Azərbaycan Mərkəzi Komitəsində, Ali Sovetdə məsul vəzifələrdə və bir neçə rayonun raykom katibi işləmiş Çingiz Fərəcov üzünü keçmiş raykom katiblərinə tutub belə dedi:
— Bax, biz hamımız sizinlə eyni vaxtda, eyni dövrdə raykom katibi işləmişik. Gəlin onu da gizlətməyək ki, hamımız da Sadıq Nəbioğluna qibtə eləmişik. İndi zaman keçəndən sonra sizin xatirinizə dəysə də, dəyməsədə mən bu həqiqəti deməliyəm. O vaxtlar, lap elə indi də bizimlə onun arasında çox böyük fərq var. Yadınızdadırsa, biz hamımız, yuxarıdan gələn direktivləri rəhbər tutub, mövcud steriotlərlə işə yanaşırdıq. Yəni yuxarıdan bizə gələn əmrləri, tələbləri biz də ölçüb-biçmədən öz süzgəcimizdən keçirmədən aşağılara çatdırıb "tələbkarlıq" adlı inzibatçılıqla, xof gəlməklə, qorxutmaqla, cəza verməklə, birini işdən çıxarıb, digərini təyin etməklə həyata keçirirdik. Sonralar mənə bir şey də nəsib oldu. Uzun müddət Mərkəzi Komitə aparatında işləmək və rayon pariya komitələrinin iş protokollarını oxuyub, təhlil eləmək. Bax, mən o zamanlar da Sadıq Nəbioğlu fenomeninin sirrlərinə bələd olmuşam. Onun göndərdiyi protokollarda, keçirdiyi iclaslarda elmi təfəkkür, müdriklik, yenilik, yaradıcılıq ön planda dururdu. Başqa raykom katiblərinin göndərdiyi protokollarda isə hegemonluq, cəza vermək, kimlərisə işdən, partiyadan çıxarmaq, kimlərisə həbs elətdirmək əsas yerləri tuturdu....
Sonra mən Çingiz müəllimlə görüşüb, Sadıq Nəbioğlu haqqında daha geniş məlumat almaq istədiyim vaxt, ona həmin məclisdə dediyi sözləri xatırladanda o, gülərək dedi:
— O məclisdən sonra "qocaman" raykom katiblərindən biri çox incik tərzdə mənə irad tutdu ki, niyə həmin məclisdə onları təhqir elədim. Mən də həmin "qocaman" raykom katibinə dedim ki, mən təkcə sizləri yox, elə özümü də o siyahıya şamil edirəm. Ancaq vicdanla desək özünüz də bilirsiniz ki, mən sizin hamınızdan yaxşı işləmişəm. Həmişə də Sadıq müəllimi özümə müəllim bilmişəm. Bilmədiklərimi həmişə ondan öyrənmişəm. Siz isə heç nə bilmədən özünüzdən müşdəbeh olubsuz. Bir də əgər dediklərimə iradın vardısa elə o məclisdə deyəydin. Sadıq müəllim də orada oturmuşdu. Əlbəttə ki, sən orda heç nə deyə bilməzdin. Çünki mənim dediklərim həqiqət idi. Sənin də orda söz deməyə mənəvi haqqın yox idi. Çünki elə sənin kimilər vaxtı ilə Kommunist Partiyasını hörmətdən saldı... Belə humanist proqramı, məramnaməsi olan partiyanı sizin kimilər rüsvay, bihörmət elədi. Qırmızı terrora, qırmızı tauna çevirdi…
Şəxsiyyətinə, savadına böyük hörmət elədiyim Çingiz Fərəcovun bu söhbətlərini ona görə xatırlayıb, beyin süzgəcimdən keçirdim ki, onun dedikləri bu fikirlər Sadıq Nəbioğlu fenomeninin açarını tapmaqda, həyat, portret cizgilərinin ayrı-ayrı çalarlarını özüm üçün, yazacağım bu essedə dəqiq müəyyənləşdirməkdə mənə çox kömək elədi. Düzdür. Əslində 1975-ci ildən tanıdığım, həyat və fəaliyyət yolunu izlədiyim Sadıq Murtuzayevi başqa rəhbərlərdən fərqləndirən cəhətlərin çoxu mənə yaxşı məlum idi. Açığını deyim ki, elə mən özüm də onu tanıdığım bu illərdə, belə böyük, müdrik şəxsiyyətdən, gözəl təşkilatçı, əsl ağsaqqal rəhbərdən özümçün çox şeyi əxs eləmişdim. Nə gizlədim, biz cavanlar, xüsusən cavan rəhbərlər, çox vaxt ona oxşamağa, onun kimi davranmağa çalışmışıq. Bu illərdə mən onu kənardan izlədikcə aşağıdakı cəhətləri onda kəşf eləmişəm. Elə Çingiz Fərəcovun dedikləri də mənim fikirlərimlə üst-üstə düşürdü. Ona görə də fikirləşdim ki, oxucuya Sadıq Nəbioğlu fenomeni daha aydın olsun və oxucu mənim fikirlərimi daha dəqiq başa düşsün deyə Sadıq müəllimin on bir cəhətini, xarakterində daha qabarıq on bir cizgini, özəyi bu yazımda daha ətraflı yazım. Və əziz oxucu, istərdim ki, siz də bunu izləyəsiniz. Bax, onda da sizə 31 il raykom katibi işləyən, həmişə yüksək pillədə dayanan, mübariz, sözü üzə deyən, xalqçün həyatını çıraq, şam kimi yandıran Sadıq Nəbioğlu fenomeni sizinçün də aydın olacaq. Və siz də gələcək həyatınızçün bu on bir cəhətdən nələrisə götürəcək, öz xasiyyətinizə, xarakterinizə əlavə edicək və bunlardan bəhrələnəcəksiz... Axı Sadiq Nəbioğlu günümüzün, dövrümüzün qəhrəmanı və bizim müasirimizdir. Özü də keşməkeşli həyatı hər birimizçün örnək, prototip olan qəhrəmandır. Belə hərtərəfli, bütöv adam, həm də insan ləyaqətinin bütün cəhətlərini özündə birləşdirir. Ondan öyrənmək, onunla təmasda olmaq, yüzlərlə tərbiyəvi əhəmiyyəti olan kitabları oxumağa bərabərdir.
Birincisi - o, adamları birləşdirmək, ruhlandırmaq, onların təşəbbüskarlığını müdafiə eləmək və müxtəlif mülahizələrə diqqətlə qulaq asmaq qabiliyyətinə malikdir.
İkincisi - zəhmətkeşlərlə, əməkçilərlə münasibətdə onun özünə və adamlara qarşı özünəməxsus tələbkarlığı vardır. Daha doğrusu bu tələbkarlıq inzibatçılıq metodlarına yox, elmi təfəkkürə, insan psixologiyasına yanaşmaq bacarığına əsaslanır.
Üçüncüsü - hadisələrə ədalətlə, konkret qiymət verməyi ustalıqla bacarır və həyata keçirir.
Dördüncüsü - onun insanın mənafeyi üçün siyasi, ictimai, iqtisadi nəticələr çıxara bilməsinə hamı yüksək qiymət verir.
Beşincisi - adamlarla çox tez qaynayıb- qarışmağı bacarır. Çünki bu işdə aparıcı, əsas şərtlər olan təmizlik, qayğıkeşlik, cəfakeşlik, xeyirxahlıq onun qanında, canında və həyat amalında var.
Altıncısı - elmi təfəkkür məntiqinə, fəhmə, rəhbərlik elədiyi hər sahədə çox tez və düzgün qərar çıxarmaq, mümkün olmayanı mümkün eləmək bacarığını Ulu Tanrı Sadıq Nəbioğlundan əsirgəməyib.
Yeddincisi - kənd təsərrüfatının elmi sahələri olan zootexnikanı, aqranomluğu, baytarlığı, sənayedə ipəkçiliyi, emal sənayesini, tikintidə memarlığı, ictimai elmlərdə ədəbiyyatı, tarixi mükəmməl bilməsini və günlərlə əzbərdən peşəkar aktyor kimi şeir söyləmək, gözəl nitqə, qaltanlı səsə malik olmaq bacarığını da Ulu Tanrı böyük bir istedad kimi ona verib.
Səkkizinci - bu məmləkətdə əzəldən kəskin problemlərin mövcud olduğu, əxlaq prinsiplərinin pozulması, proteksionizmin, dostbazlığın, qohumbazlığın, rüşvətxorluğun, tayfabazlığın tuğyan elədiyi, əmək adamlarının çoxunun maraqlarının pozulduğu, insana insan kimi qiymət verilmədiyi bu cəmiyyətdə, rəhbər işçi kimi həmişə təmizlik, düzlük, sədaqət simvolikası olub Sadıq Nəbioğlu.
Doqquzuncu - onun sadə həyat tərzi hamının gözü önündə olub.
Onuncu - Sadıq müəllimin nüfuzunun dayağı həyat təcrübəsi, yüksək intelleti, biliyi olub. Və bu keyfiyyətlərilə istənilən diskussiyaya, mükaliməyə girmək bacarığı var. Məhz buna görə də heç bir dövlət təzyiqlərinə məhəl qoymayıb. Həmişə də bu təzyiqlərdən qalib çıxıb. Öz məntiqi, bacarığı ilə hamını inandırmaqla, öz istəklərini, məqsədini yüksək rütbəli məmurlara həmişə sübut eləyə bilib.
On birinci - ailəsindəki sadəlik, həyat yoldaşı Kəlimət xanımın xəstə ovqatına baxmayaraq əlində zənbil bazarlığa getməsi, övladlarının həmişə fəhlə-kəndli balalarından fərqlənməməsidir.
Sadıq Nəbioğlu öz yüksək mövqeyini ailəsinə, uşaqlarına nəinki təlqin eləməyib, onu qətiyyən heç vaxt biruzə verməyib… Evdə və işdə sadəlik onun ən böyük kredosu olub.
Bütün bunlardan, bu məziyyətlərdən başqa mən yaddışımın arxivini, keçmiş illərini götür- qoy eləyib, onun işgüzarlığının, bacarığının başqa tərəflərini də özümçün kəşf eləyib, Sadıq Nəbioğlunun vaxtında Ağdamda işlədiyim XX əsrin 80-ci illərində rayonda görülən işləri bir daha yaddaş süzgəcindən keçirirəm.
Yadımdadır ki, o vaxtlar Ağdamda ən müasir dünya stantartları əsasında yaradılan "Axtarış" elmi-texniki informasiya mərkəzi və bu mərkəzin elmi axtarışları, həm də dünya təcrübəsini özündə toplamış informasiya bankı, eləcə də mərkəzin xarici ölkələrlə əlaqələri əsasında qabaqcıl təcrübənin alınıb yerlərə ötürülməsi, tətbiqi- bütün bunlar Sadıq Nəbioğlunun şəxsi təşəbbüsünün, beyninin kəşfi, məhsulu idi.
Bu vaxt bu sətirləri yazanda yadıma, o vaxtlar Azərbaycana və eləcə də köhnə Sovetlər İttifaqına səs salan çox maraqlı hadisə düşdü. Yadımdadır ki, o zaman maldarlıqla bütün ölkəyə səs salan və Lvov təcrübəsi ilə məşhur olan bir metodun – Sex axın üsulunun Azərbaycanda ilk tətbiqçisi Sadıq Nəbioğlu olmuşdu. Bu metodun sayəsində süd istehsalı 10-15 faiz artmışdı. Hətta bu işin ən təqdirəlayiq cəhəti o idi ki, Sadıq müəllimin təşəbbüsü ilə həmin təcrübənin müəllifi Ağdama dəvət olunmuşdu və bu təcrübənin tətbiqində bilavasitə iştirak eləmişdi.
O vaxtlar Sadıq Murtuzayevin təşəbbüsü, iştirakı ilə elmin, qabaqcıl texnologiyanın tətbiqi sayəsində 147 mövzu işlənib hazırlanmışdı və bu əsasda rayonun, eləcə də respublikanın gələcək işləri üçün uzun müddətli plan tətbiq olunmuşdu. Yəqin siz də mənimlə razılaşarsız ki, bu qədər mövzu bir rayon üçün heç şübhəsiz çox böyük rəqəmdir.
"Axtarış" elmi informasiya mərkəzində həmin 147 mövzunu əhatə edən və dünyanın hər yerindən xəbər verən informasiya bankının Moskvadan gələn yüksək rütbəli məmurları necə valeh elədiyinin mən də şahidi olmuşam. Və qürur duymuşam ki, bütün bunlar, bu yeniliklər mənim işlədiyim, Azərbaycanın ən varlı rayonlarından biri sayılan, əhalisinin güzəranı Sadiq Murtuzayevin sayəsində çox yaxşı olan, indisə düşmən tapdağında inləyən Ağdamda baş verir…
Ağdamda dünya səviyyəli bir təcrübənin "Seolit" meneralının maldarlığa tətbiqi də Sadıq Nəbioğlunun şaxsi təşəbbüsü ilə həyata keçirilmişdi.
Sadıq müəllimi tanıdığım illərdə görmüşəm ki, qaynar həyat onun gündəlik norması olub O, istirahət, bayram günləri nə olduğunu bilməyib. Bildiyim bir məsələni də burda qeyd eləmək məncə yerinə düşər. Sadıq müəllim özünün altı illik məzuniyyətini "Molla Nəsrəddin curnalının üslub və frazeologiyası" adlı doktorluq işinə sərf eləyib. Jyrnalın Azərbaycanda tapılmaması çətinliyinə görə, Sank-Peterburqda vaxtı ilə imperator kitabxanası kimi tanınan Saltikov-Şedrin adına kitabxanada onun bütün nömrələrinin fotosurətini çıxarıb (o zaman kserosurət metodu hələ yox idi), onları ərəb əlifbasından kirilə keçirərək çap etdirib, cildlətdirib və şəxsi kitabxanasında böyük bir sahəni bu cildlər üçün ayırıb. O, Azərbaycan dilinin izahlı frazeoloci lüğətini tərtib edib, onu çap etdirib, mətbəə ottiski hazır olub, lakin paxıl və xəbis adamların gözügötürməməzliyi üzündən nəşri saxlanılıb. O dövrün ən böyük bəlalarından, neqativ hallarından biri də bu idi ki, o vaxtkı rəhbərlik raykom katiblərinə elmi işlə, yaradıcılıqda məşğul olmağı qadağan eləmişdi. Ancaq onu fikirləşsək ki, Sadiq Nəbioğlu hələ 27 yaşında müdafiə eləyib, filalogiya elmləri namizədi, alimlik dərəcəsi adını almışdısa belə bir prespektivli alimə elmi işlə məşğul olmağı qadağan eləmək məncə özü düzgün deyildi.
Ağdam rayonuna raykom katibi təyin olunduğu ilk günlərdən Sadıq Nəbioğlunun diqqətini vaxtilə bütün rayonun əsas su mənbəyi olan və sonralar ayrı-ayrı nadan rəhbərlərin təqsiri üzündən başlı-başına buraxılıb sıradan çıxan Kəhriz bulaqları cəlb elədi. Rayonda geniş şəbəkəsi olan subartezian suları ilə bu bulaqların suyunu müqayisə etdirdi. Məlum oldu ki, yerin tərkibindən müxtəlif zərərli qazları da özləri ilə çıxaran subartezian suları xəstəlik mənbəyidi. Kəhriz bulaqlarının suları isə əvəzsiz keyfiyyət göstəricisinə malikdi.
Rayonda vaxtilə fəaliyyət göstərən çoxsaylı kəhrizlər bərpa olunub, hətta bunların bazasında qiymətli qızıl balıq cinsləri də yetişdirilməyə başlanıldı. Lakin zəhərli qazlarla zəngin olan subartezian sularında isə bu balıqlar yaşamayıb qırıldılar. Digər tərəfdən də bu kəhrizlər babaların çox böyük əməyinin nəticəsi idi. Məsələn, Muradbəyli kəhrizinin yeraltı tuneli 5,5 kilometrə bərabər idi. Onun birinci quyusunun dərinliyi 40 metr olub, 25 quyusu yeraltı tunellə birləşib yer üzünə bir neçə dəyirmanlıq büllür bulaq süyu çıxırdı.
Sadıq Nəbioğlunun xalqın bu tarixi sərvətinə olan diqqəti Ağdamda, eləcə də respublikamızda böyük əks-səda doğurmuşdu.
O, ölkədə baş verən yeni kursa, yenidənqurma kursuna da ilk gündən böyük yaradıcılıqla yanaşmışdı. Xüsusilə kolxoz və sovxozların təsərrüyat hesabına keçirilməsi onun elmi baxışları ilə birləşib geniş miqyaslı yenidənqurma əhval-ruhiyyəsi, adamlarda yeni elmi idarəetmə təşəbbüskarlığı yaratmışdı. Bu xeyirxah, uzaqgörənliklə qurulan işin yaratdığı müsbət dəyişikliklər hər yerdə özünü göstərməyə başlayırdı.
Sadıq Nəbioğlunun tarixi dünya görüşü, ədəbiyyatı və incəsənəti mükəmməl bilməsi, zarafatcıl təbiəti, yeri gələndə danışdığı şirin lətifələr adamlarla ünsiyyətdə ona olan ümumxalq məhəbbətinin həmişə həlledici faktorlarına çevrilib.
Onun şəxsi təşəbbüsü ilə Ağdamda bir-birinin ardınca tikilib istifadəyə verilən istirahət ocaqları, mədəniyyət sarayı, üzümçülərin yaraşıqlı klubu, böyük ticarət mərkəzi, respublikada ilk Muğam teatrı, Muğam məktəbi, Opera studiyası, əmək sarayı, dünyada ikinci, SSRİ-də birinci Çörək muzeyi və burada bir neçə min unikal esponatların toplanması- bu sırada 7000 il tarixi olan daşlaşmış buğda nümunələri, Leninqrad blokadasından qalan çörək payı nümunəsi, kosmonavt çörəyi, müxtəlif xalqların çörək nümunələri, tarixi dəyirman xarabalıqları üzərində bərpa olunan dəyirman və sairə bu kimi nümunələr, o vaxtlar bütün ölkəyə səs saldı. Ağdamlıların iftixarına çevrildi. Belə yeniləklər Sadıq Murtuzayevin böyük populyarlığını təmin eləyən faktorlar oldu.
Sadıq Nəbioğlunun şəxsiyyətini formalaşdıran bir tarixi aspekti də xüsusilə qeyd eləmək istəyirəm. Uşaqlıqdan valideynlərini itirən, yetimliyin bütün acılarını yaşadığına görə, yetim uşaqlara dövlət qayğısının vacibliyi onun fəaliyyətində həmişə möhkəm kök salmışdı. O, raykom katibi işlədiyi dövrlərdə bu xeyirxah, nəciblik, alicənablıq tələb eləyən ideya həmişə onun ali məqsədlərindən biri olmuşdu.
Sadıq Murtuzayevin tabeçiliyində olan işçilərdə də yenilik, yaradıcılıq, təşəbbüskarlıq, konkretlik və işgüzarlıq, adamlara, onların qayğılarına diqqətli olmaq sahəsindəki tələbkarlığı onunla işləyən rəhbər kadrların tərbiyəsində müstəsna rol oynayırdı.
Sadıq Nəbioğlu bürokratizmin, mühafizəkarlığın, süründürməçiliyin düşməni idi və hamıdan bunu qətiyyətlə tələb eləyirdi. Məhz buna görə də Şəkidə və Ağdamda işlədiyi 20 ilə yaxın müddətdə şikayətçilərin sayı 10 dəfədən çox azalmışdı. Onun təşəbbüsü ilə şikayəti törədən səbəblərin diqqətlə araşdırılması və onların aradan qaldırılması üçün qətiyyətlə, yeri gələndə sərt tədbirlərin tətbiq olunması şikayətlərin azalmasını təmin edən iş üsulu idi. Şikayətləri törədən səbəblərin araşdırılmasına rayonun ən mötəbər ağsaqqalları da cəlb olunurdu.
Sadıq Nəbioğluun işə münasibətində cəsarət, qətiyyət, yaradıcılıq axtarışları kimi sifətlər rayonun hər bir təşkilatında öz ifadəsini göstərirdi...
Onun təşəbbüsü ilə "Axtarış" elmi informasiya mərkəzində buraxılmağa başlanılan xüsusi bülletendə hansı təşkilatda nə kimi yenilik, elmi yaradıcılıq nümunəsi olması öz əksini tapırdı ki, bu da təşkilatlar arasında işə bu əsasda yanaşmaq sahəsində böyük hərəkat yaratmışdı. Həm də bu sahədə ətalət göstərən təşkilatlar və onların rəhbərləri də bülletenlərdə özünün əksini tapırdı.
Sadıq Murtuzayevin təkidilə hər bir partiya təşkilatının nə kimi qayğılarla yaşaması, nə kimi məsələləri müzakirəyə çıxarması, onların əməli nəticələri həmin bülletenlərdə aşkarlığın parlaq nümunələrini yaradırdı.
Mən iyirmi yeddi il onu izlədikcə bunu qəti başa düşmüşəm ki, Sadıq Nəbioğlunun daxili mədəniyyəti, yüksək erudisiyası, müxtəlif məsələləri çox qısa müddətdə mükəmməl öyrənə bilməsi, gözəl diskusiyası, qaltanlı briton səsi, böyük natiqlik bacarığı, hər bir fikri aydın ifadə eləyən gözləri onda olan Allah vegisidi. Böyük Yaradan isə bu qədər vegini çox nadir insanla verir.
Yadıma salıram ki, Ağdamda olanda adamlar iftixarla belə deyirdilər:
— O, bizim rayona gələnə qədər pambıqçılıqla məşğul olmayıb, ancaq bu sahəni bizim ixtisaslı kadrlardan yaxşı bilir.
Mən isə hələ Sadiq müəllimi Şəkidə işlədiyi vaxtdan tanıdığıma görə, onlara deyirdim ki, Sadıq Nəbioğlu Ümumittifaq Kənd Təsərrüyatı İxtisaslaşdırma İnstitutunda ekstern yolulla imtahan verib müdafiə eləyib və bu sahədə diplom alıb. Ona görə də o, kənd təsərrüfatının bütün sahələrinin bilicisidi. İxtisaslı kadrdı.
1988-ci ilin fevral ayının əvvəlində Qarabağda erməni separatçıları tərəfindən ixtişaşlar başlayanda Xocavənd, Ağdərə, Əskəran və Xankəndində yaşayan azərbaycanlılar məhz Sadıq Murtuzayevi deyib, Ağdama pənah gətirmişdilər. O da ağsaqqal, təşkilatçı rəhbər kimi hər işi səbrlə, dözümlə yoluna qoyur və həmin azərbaycanlıların öz evlərinə qayıtmasına nail olurdu.
Həmin 1988- ci ilin fevral ayının 22-də yəni Qarbağ müharibəsinin başlandığı ilk gün Ağdamda çox böyük qırğın baş verə bilərdi. Yüzlərlə əli yalın, Əsgərəna getmək istəyən insanlar, silahlanmış ermənilər və rus əsgərləri tərəfindən güllə barana tutula bilərdilər. Və həmin gün ən azı 50-100 insan şəhid ola bilərdi. Lakin Sadıq Murtuzayevin müdrikliyi, uzaqgörənliyi sayəsində bu böyük qırğının qarşısı alındı. O gün biz Qarabağ müharibəsinin başlandığı gün iki şəhid verdik. Əli və Bəxtifar həmin gün şəhidlik zirvəsinə ucaldı.
Həmin vaxtı Sadıq Nəbioğlunun Qarabağda nüfuzunun çox olduğuna görə o, bütün təşkilatları, insanları millətimizin haqq işinə, torpaqlarımızı separatçı, qəsbkar ermənilərdən təmizləmək işinə sərf elədi...
Bundan qorxuya düşən erməni rəhbərləri başda Boris Kevorkov, Melkumyan olmaqla, o vaxt Azərbaycana rəhbər təyin olunan səriştəsiz, Moskvanın diqtəsi ilə işləyən Əbrürrəhman Vəzirovla sövdələşərək, onu aldadaraq, Sadıq Nəbioğlunu Ağdam rayon rəhbərliyindən uzaqlaşdırdılar. Əbdürrəhman Vəzirov da onların sözü ilə Sadiq Murtuzayevi Ağdamdan, Abşerona birinci katib gətirdi. Sadıq müəllim də bu işdən çox narazı olduğundan və bu işin məkrli bir oyun olduğunu bildiyindən, bu işlə Qarbağın qumara qoyulduğunu, tezliklə bu torpaqları ermənilərin zəbt eləyəcəyini başa düşdüyü üçün ərizə verib, Abşeron rayon rəhbərliyindən çıxdı. Vəzirov kimi bir səriştəsiz, erməniyə kömək eləyən rəhbərlə işləmək istəmədi. Çünki o vaxtı axına qarşı gedib vuruşmaq da mümkün deyildi. Və həmin vaxtlar Əbdürrəhman Vəzirov adamlara təsir göstərməyi bacarmırdı. Başqalarına təsir eləməyi bacarmayan rəhbəri isə ağıllı, müdrik hesab eləmək olmaz.
Beləliklə də, Sadıq Murtuzayevin Ağdam rayonunun rəhbərliyindən uzaqlaşması ilə Qarbağın qara günləri başladı. Vəzirovun bu ilk səhv addımı və Ermənistandan gələn azərbaycanlıların Qarabağda yerləşdirilməməsi, Qərabağ müharibəsində uduzmağımızın ilk başlanğıcı oldu...
Çox təssüf ki, Vəzirovdan sonra gələn rəhbərlər də Sadıq Nəbioğlunun bacarığından, təcrübəsindən, ağlından istifadə eləmədilər. Heyif. Sədd heyif. Çünki müstəqil, demokratik respublika qurduğumuz bir vaxtda Sadıq Murtuzayev kimi təşkilatçı insanlara, ağıllı şəxslərə, bacarıqlı rəhbərlərə məmləkətimizin necə böyük ehtiyacı vardı. Axı belə bacarıqlı kadrlar müstəqillik dövrümüzdə, respublikamız, xalqımızçün çox böyük işlər görə bilərdilər. Və onda vəziyyətimiz, güzəranımız bu qədər ağır olmazdı. Zavod və fabriklərimiz, kənd təsərrüvatımız belə acınacaqlı vəziyyətə düşməzdi. Qarabağı ermənilərə belə asanlıqla verməzdik. Axı yaxşı, uzaqgörən rəhbər işçi, bacarıqlı kadr millətin sərvəti, güzgüsü, qarantı, iqtisadiyyatın, mədəniyyətin böyük dirçəlişi, işsizlik probleminin həll olunması deməkdi.
Sadiq Murtuzayev kimi şəxsiyyət yaşadığı bu illərdə ümumxalq məhəbbəti qazanıb. Ümumxalq məhəbbəti qazanmaq isə asan deyil. Çox zaman bu taledən və həyatda ciddi-cəhtdən, zəhmətdən aslı olur. Birinci əsasını qoyur, ikinci davam etdirir.
Bu gün hələ də gec deyil. Biz nəyin bahasına olursa-olsun kini- küdurəti, yerlibazlığı, tayfabazlığı bir kənara atıb, milli baraşıq elan eləməliyik. Sadıq Murtuzayev kimi bacarıqlı, təşkilatçı, ağıllı insanlara ən cavabdehli işləri tapşırmalıyıq ki, onlar da bu sahələri qısa vaxtın içərisində bərpa eləsinlər. Sənayemizin, kənd təsərrüfatımızın, iqtisadiyyatımızın dirçəlməsində öz zəngin təcrübələrindən istifadə eləsinlər. Azərbaycanın xoş gələcəyi, Qarabağı erməni qəsbkarlarından xilas eləməyimizin naminə, o taylı, bu taylı Azərbaycanın birləşməsi naminə milli baraşıq hökmən olmalıdı. Əgər belə olmasa, milli barışıq eləməsək, babalarımızın, bu torpaq uğrunda zaman-zaman şəhid olan igidlərimizin ruhu bizi heç vaxt bağışlamayacaq. Əgər milli barışıq olsa, onda Sadıq Murtuzayev kimi mümkün olmayanı mümkün eləyə bilən bacarıqlı, ağıllı, təşkilatçı rəhbərlər yada düşəcək... Axı belə uzun müddət davam eləyə bilməz. Haqq öz yerini tapmalıdı. Haqqın səsi eşidilməlidi… Eşidilməlidi!
Biz, insan kimi bir şeyi artıq dərk eləməliyik. Ağıl, ən möhkəm, təhlükəsiz sığınacaq, səngər və sərmayədi. Gəlin bir millət kimi heç olmasa indi ağlımıza sığınaq və onu həqiqətən əvəzolunmaz sərmayə bilək.
Biz, insan kimi bir şeyi artıq dərk eləməliyik. Ağıl, ən möhkəm, təhlükəsiz sığınacaq, səngər və sərmayədi. Gəlin bir millət kimi heç olmasa indi ağlımıza sığınaq və onu həqiqətən əvəzolunmaz sərmayə bilək.
Ağalar İdrisoğlu
Yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi
Sumqayıt şəhəri
Avqust 2001-ci il