Raul Qonzales “Valensiya”nı susdurdu!

16 Fevral 2011 14:06 (UTC+04:00)

Çempionlar Liqasının dünən gecə keçirilən bir başqa oyunu isə İspaniyada baş tutub. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqasının qrup oyunlarında Türkiyə çempionu "Bursaspor"u hər iki qarşılaşmada darmadağın edən "Valensiya", dünən öz meydanında Almaniyanın "Şalke" futbol klubunu qəbul edib. Qarşılaşmada daha çox qonaq komanda fəal oyun nümayiş etdirsə də, oyunun 17-ci dəqiqəsində Soldadonun vurduğu qol "Valensiya"nı önə keçirib. Qarşılaşmanın ikinci yarısında isə vəziyyət başqa ssenaridə cərəyan etməyə başlayıb. Almaniya təmsilçisi var gücü ilə qol vurmağa və hesabı bərabərləşdirməyə çalışıb ki, bu da öz bəhrəsini oyunun 63-cü dəqiqəsində göstərib. Çempionlar Liqasının tarixində ən sərrast futbolçu kimi düşən Raul Qonzales mükəmməl zərbə ilə topu "Valensiya"nın qapısına göndərib 1:1

Bununla da alman klubu, Almaniyada keçiriləcək cavab qarşılaşmasına tam sərfəli bir nəticə ilə yollanır. Xatırladaq ki, cavab qarşılaşması martın 9-da Almaniyada keçiriləcək.