Şeirlər

25 İyun 2016 15:47 (UTC+04:00)

OVUNDUM

Gördüm bir kimsədən mənə haray yox

Özüm öz dadıma çatdım, ovundum,

Dərdimi-sərimi qoyub bir yana

Başımı başlara qatdım, ovundum.

Gah gizli, gah aşkar çəkdim acını,

Ram etdim ruhumun ehtiyacını,

Axıb yanağıma düşən damcını

Silib titrək əllə atdım, ovundum.

Əyilməz başlara bəlaymış inad

Məni də qəlibə saldı bu həyat

Laylaya, öyüdə yatmazdım bir vaxt

Qədər sığalına yatdım, ovundum.

Gör nə arzuladım, nəyə qovuşdum

Yovuşmaz günlərə naçar yovuşdum

Bir dəli şimşəkdim keçdim sovuşdum

Eləcə içimdə batdım ovundum.

QATAR GÖZLƏYİRƏM

Bu qatar da ötüb getdi

Ünüm yetmədi, yetmədi.

Gedib, gedib gözdən itdi

Güman itmədi, itmədi.

Bir dəli inada qulam,

Könlümdə dağıntı, savaş.

Nagüman qatar gözləyib,

Nə çəkirəm biləydin kaş.

Söykənib tənha söyüdə

Budaqdan bar gözləyirəm.

Qatarlanıb illər gedir

Mənsə qatar gözləyirəm.

BU NƏDİ?

Sən niyə baxırsan yollara, niyə

Kimi gözləyirsən, gözüm, bu nədi?

Ürəyim, köksümü dağıtma, toxta

Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədi bu intizar, bu qüssə, ələm?

Könlümü uçurur boğulan naləm

Çökübdü çöhrəmə qəlbimdəki qəm

Solub yanaqlarım, üzüm, bu nədi?

Köçüm uzaqlarda … ömür də yarı,

Yağır, çalın-çarpaz taleyin qarı.

Yeriyir üstümə qəm karvanları,

Bəs hanı təpərin, dizim, bu nədi?