MƏHƏBBƏT ADLI
Bir duyğu canlanır ürəyimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Könül laylalanır gözlərimizdə,
Sənin də, mənim də səadət adlı.
Eşqin şən sədası var səsimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Ümid dalğalanır həvəsimizdə,
Sənin də, mənim də şəkərdən dadlı.
Sevib-sevilməkdi gərəyimiz də,
Sənin də, mənim də məhəbbət adlı,
İstək alovlanır sözlərimizdə,
Sənində, mənim də sevgiyə bağlı.
Ömür xatirədir izlərimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Dirilir arzular nəfəsimizdə,
Sənin də, mənim də bahar ovqatlı.
ƏDALƏT, SƏN DİNDİR SAZI
(Aşıq Ədalətə həsr olunur.)
Ahəstə ol, olma rəvan,
Sariban, saxla karvanı!
Bir bax bu yollara, soruş,
Yolların nişanı hanı?
Yox olub bağçalar, bağlar,
Dərdimizi bilən ağlar,
Bülbül itirib avazı,
Ədalət, sən dindir sazı.
Dərddən, qəmdən qəm alıram,
Yanır bağrım, odlanıram.
Dilim cəllad, qələm qılınc,
Tikə-tikə doğranıram,
Körpələr qalıb nigaran
Anaların laylasından.
Yox olub lay-lay avazı,
Ədalət, sən dindir sazı.
Qarabağ yağı tapdağı,
O ahular, o marallar
İnciyib tərk edib dağı,
Düzlərin ceyranı hanı?
Can sıxılar, ürək sızlar,
Könlüm viran, xarabazar,
Mizrabla tut bu avazı,
Ədalət, sən dindir sazı.
Saz xəzinə, tellər varı,
Sənsən sənətin açarı.
O hikmətli barmaqları
Dindir, desin ağrıları,
Könüllər olub pərişan,
Əzablının ruh avazı,
Ədalət, sən dindir sazı.
XƏYALLAR, XATİRƏLƏR
Xəyallara qoşulublar
Ürəyimdə xatirələr.
Bir-biriylə danışırlar,
Necə keçdi ötən illər.
Xatirələr bənzəyirlər
İsti, soyuq fəsillərə.
Xəyallarım izləyirlər
Ürəyimdən keçsə nələr.
Xatirələr, xatirələr,
Hər günüm sizinlə ötər.
Xatirələr, xatirələr,
Ömrün arxasıyla gələr.
Xəyallarım xatırlayar
Keçmişimin mənzərəsin.
Xatirələr yada salar
Məhəbbətdən söz incisin.
FAYDASI YOXDUR
Bir gün gələcəksən məzarım üstə,
Baxıb məzarıma ağlayacaqsan.
Gözlərindən axan göz yaşlarının
Özün biləcəksən faydası yoxdur.
Məzarım üstünə qoyub getdiyin
Güllər solacaqdı sən gedən kimi.
Mən ki, yoxam, daha məni sevməyin
Özün biləcəksən faydası yoxdur.
Çəkmə bu əzabı, bir daha gəlmə,
Yoxluğu özünçün bir varlıq bilmə.
Bir gün də gələcək, gəlib-getməyin
Özün biləcəksən faydası yoxdur.
Onsuz da bir zaman unudacaqsan,
Qəbrimin üstünə gəlməyəcəksən.
Asta pıçıldayıb sən deyəcəksən,
Axı, bu getməyin fadası yoxdur...
ƏLƏNDİ
Nicat zirvəsinə çatmaq istədim,
Könlümün həvəsi xəzana gəldi.
Hikmət dəryasını tapmaq istədim,
Yoluma böhtanın qarı ələndi.
Ömrümdən bir arzu, möhlət istədim,
Döndərdi üzünü ki, cana gəldi.
Baxanda göylərə, səda istədim,
Könlümə zülmətin tarı ələndi.
Neyləsin taleyim, neyləsin bəxtim,
Əzəldən dünyaya o qara gəldi.
Qismətdən əhdimə şəfa istədim,
Üzümə yoxsulluq arı ələndi.
Mərhəmət dilədim, lal oldu dilim,
Qurudu canımda məhəbbət gülüm.
Sevib öz sevgimdən sevgi istədim.
Sinəmə intizar xarı ələndi.
SAXTA ŞAİRLƏRƏ YAZIĞIM GƏLİR
Baxanda bəşəri qəlbən duymayan,
Xəbis niyyətindən uzaq durmayan,
Görə-görə misginlikdən doymayan
Kor olan gözlərə yazığım gəlir.
Şairlik yükünü çəkmək istəyən,
Özünü əbədi əkmək istəyən,
Sözü sözə qatıb içmək istəyən,
Doğranmış sözlərə yazığım gəlir.
Üzündə müdriklik nuru olmayan,
Kamil insanlıqdan soraq almayan,
İlk gündən əlamət izi qalmayan,
Bozarmış üzlərə yazığım gəlir.
Şairəm deyənlər, qələm tutanlar,
Qara qəpiklərə xırdalananlar,
Vücudun, vicdanın pula satanlar,
Ruhu zəlillərə yazığım gəlir.
Nizami, Nəsimi gör nələr yazıb,
Quran da qələmlə xəzinə qazıb,
Bəs kimdi o həzrət, yuxular yozub?..
Əsilsizlər, sizlərə yazığım gəlir.
Könül laylasında qış baharımdı,
İlahi bəxş edən ruh avazımdı,
Şeir elimində vəhdət lazımdı,
Nəfsi əlillərə yazığım gəlir,
Saxta şairlərə yazığım gəlir.
ŞAİRİN
Bir bulud dayanıb başımın üstə,
Hər il yaş gətirir yaşımın üstə.
Kədərin izi var qaşımın üstə.
Görmürəm dərdinə qalan şairin.
Sirrimi heç kimə yarı bölmərəm,
Qürbətdə məzarım, deyib ölmərəm.
Yanmaram, od tutub yansam sönmərəm,
Varmı ki, halına yanan şairin?
Zəlimxan, Osman da bizim ellidir,
Şeir sənətində ürəkdillidir,
Hamının yazdığı xalqa bəllidir,
Olur hərdən qəlbi duman şairin.
Cəlladdan cəllada şikayətim yox,
Nə varım, dövlətim, imarətim yox,
Kimsənin yanında qəbahətim yox,
Kimdi dediyini qanan şairin.
Zövqüm təbiətin zövqünə uyğun,
Duymazsan ürəkdə yoxdusa duyğun,
Xəyallara dalğın olsa da yorğun,
Olmaz yazdığında yalan şairin.
BƏS KİMƏ DEYİM?
Ürəyim kədərli olanda mənim,
Gözümə acı yaş dolanda mənim.
İntizar qəhəri boğanda məni,
Sənə də deməyim, bəs kimə deyim?
Unutmaqmı səni, necə unudum?
Axı səndən başqa kimim var mənim?
Tənhalıq qoynuna alanda məni,
Sənə də deməyim, bəs kimə deyim?
Səni düşünürəm mən gecə-gündüz,
Bu dünya boşluqdu mənimçün sənsiz.
Həsrət yorub əldən salanda məni,
Sənə də deməyim, bəs kimə deyim?
Ayrılıq qəmidi ağladır məni,
Bir ümid qəlbimdə yaşadır məni.
Sənin məhəbbətin sıxanda məni,
Sənə də deməyim, bəs kimə deyim?