Son illər Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Bu baxımdan birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan vətəndaşı özünü siyasi və iqtisadi cəhətdən təhlükəsiz və arxayın hiss edir. Xırda problemləri, çatımazlıqları nəzərə almasaq, ümumilikdə əhalinin bir o qədərdə ciddi problemləri yoxdur. Üzə çıxan çatışmazlıqlar yalnız məmur səhlənkarlığı və ya idarə, müəssə rəhbərlərinin öz işinə səhlənkar yanaşması səbəbində yaranır. Misal üçün əhalinin müəyyən hissəsinin içməli su problemi ilə üzləşməsini və bunun başlıca səbəbini "Azərsu" ASC-nin rəhbərliyinin öz işinə hansı məsuliyyətlə yanaşmasından irəli gəldiyini göstərmək olar.
Su saflıq, həm də sağlamlıqdır...
"Su həyatdır" misalı səbəbsiz yerə deyilməyib. Çünki su insan üçün, ümumilikdə isə canlı aləm üçün yaşamaq təminatı deməkdir. Su insan həyatı üçün oksigendən sonra ən əhəmiyyətli vasitə hesab olunur. Alimlər də təsdiqləyirlər ki, insan qidasız yaşaya bildiyi halda susuz yalnız 2-3 gün ömür sürə bilər. Alimlər həm də onu təsdiq edirlər ki, beyinin və əzələlərin 75 faizi, qanın 92, sümüklərin isə 22 faizi südan ibarətdir. Bu baxımdan birmənalı şəkildə demək olar ki, su həyat, təmizlik, sağlamlıq, bir sözlə hər şey deməkdir. Prezident İlham Əliyevin dediyi bir fikir yada düşür: "Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük tövhədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin".
Təbii ki, bütün bunların fonunda əhalinin içməli su ilə təminatında problem olmamalıdır. Həm də nəzərə almaq lazımdır ki, əhaliyə fasiləsiz və keyfiyyətli suyun verilməsi üçün hər il dövlət büdcəsindən "Azərsu" ASC-yə böyük məbləğdə maliyyə yardımları ayrılır. Statistik məlumata əsasən, demək olar ki, 2005-ci ildən 2015-ci ilə qədər "Azərsu" ASC-yə 5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, Dünya Bankı və digər maliyyə mənbələrindən də bu quruma maliyyə yardımları göstərilib. Buna baxmayaraq, əhalinin içməli su ilə təminatında ciddi problemlər mövcuddur. Hətta Bakı və Bakıətrafı bəzi kənd və qəsəbələrdə əhali üzləşdiyi su problemindən əziyyət çəkir. Redaksiyamıza Binəqədi rayonu Biləcəri qəsəbəsindən bir qrup vətəndaşın ünvanladığı şikayət məktubunda da içməli su problemindən əziyyət çəkdikləri qeyd olunur. Biləcəri qəsəbəsi ikinci Şimal, Yusif İmanov küçələrində yaşayan insanların yazdıqları məktublarında ayların sultanı sayılan Ramazan ayında günlərlə evlərinə suyun verilməməsindən üzüldüklərini qeyd edirlər. Şikayətçilər Yusif Məmmədov, Şahin Rəcəbov, Rizvan Novruzov, Eldəniz Yusifov, Elçin Qurbanov və digərlərinin imzaladıqları şikayət məktubunda "Azərsu" ASC-nin onlara göstərdiyi "xidmət" səbəbindən suyu maşınla almaq məcburiyyətində qaldıqlarını bildirirlər: "Hər maşına 20-25 manat pul ödəməklə su alırıq ki, bu da yalnız qısa müddətə kifayət edir. Dövlətimiz əhaliyə fasiləsiz və keyfiyyətli suyun verilməsi üçün su idarələrinə milyonlarla manat vəsait ayırdığı halda müasir dövrdə şəhərin bir hisəsindən su qıtlığının olması təəssüf və təəccüb doğurmaqla başa düşülən deyil".
Şikayətçilər "Azərsu" ASC-nin rayon şöbəsini ittiham edir
Biləcəri qəsəbəsi sakinlərinin üzləşdiyi su probleminin səbəbini öyrənmək üçün "Azərsu" ASC-nin rayon şöbəsinin baş mühəndisi Nemət Quliyevə müraciət etməli olduq. Baş mühəndis elə danışdı ki, sanki günahkar sakinlərdir. N.Quliyev onu da bildirdi ki, su xətlərində nasazlıq olduğundan onların təmirinə ehtiyac duyulur. Bu baxımdan əhaliyə suyun verilişindən fasilələr yaranır. "Fasilələr 2-3 gün və ya 10 gün ola bilər. Yusif İmanov küçəsində yaşayan sakinlər isə aylarla fasilələrlə su almaq problemi ilə üzləşirlər, bundan xəbəriniz varmı" sualına baş mühəndis "ola bilməz" cavabını verməklə kifayətləndi.
"Azad İstehlakçılar" təşkilatının sədri Eyyub Hüseynov da bizimlə söhbətində "Azərsu" ASC-də şikayətlərin olduğunu və bu şikayətlərin böyük əksəriyyətinin əsaslı olduğunu bildirdi: "Su infrastrukturu həddindən artıq köhnəlib. Xətlər çürüyüb, bəzi hissələr isə daş bağlayıb. Onların yenilənməsinə ehtiyac var. Köhnəlmiş xətlərdən əhaliyə suyun verilməsi yolverilməzdir. Çünki həmin su xətlərində olan daşlar və ya çirklər su boruları vasitəsilə əhaliyə çatdırılır. Bu da haqlı narazılıqlara gətirib çıxarır". E.Hüseynovun sözlərinə görə, "İstehlakçı Hüqüqlarının Müdafiəsi Haqqında" qanunun 8-ci maddəsinə görə, istehlakçılara bazarda inhisarçı mövqe tutan tərəf fasiləsiz və keyfiyyətli su ilə təmin etməlidir: "Əgər "Azərsu" ASC bu qanuna riayət etməsə istehlakçılar məhkəmə qaydasında iddia qaldıra bilərlər. İstehlaksılar məhkəmə yolu ilə onlara dəyən ziyana görə "Azərsu" ASC-dən konpensasiya ala bilərlər".
Son olaraq
Böyük yeraltı-yerüstü sərvətlərə malik Azərbaycanda şirin su ehtiyatları da kifayət qədər çoxdur. Ancaq bu ehtiyatlardan hələ ki, tam şəkildə istifadə edilmir. Buna baxmayaraq ölkə əhalsinin içməli suya olan ehtiyaclarını tam ödəmək üçün dövlətimiz müəyyən proqramlar həyata keçirir. Məhz bu proqramların uğurla həyata keçirilməsi nəticəsi olaraq artıq Bakı və Bakıətrafı, elcəcə də, regionlar üzrə əhalinin suya olan tələbatı müəyyən qədər ödənilib. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin ideya müəllifliyi ilə həyata keçirilən və Bakı şəhəri və Abşeron yarımadasının su təhcizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə su qıtlığı sahəsində çatışmazlıqlar müəyyən qədər aradan qaldırıldı. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, bu sahədə hələ də çatışmazlıqlar və ciddi problemlər qalmaqdadır. Bu problemlərin aradan qaldırılması "Azərsu" ASC-nin üzərinə düşsə də, görünən odur ki, bu qurum bu problemləri həll etməyə tələsmir və ya ümumiyyətlə bu problemin həllində maraqlı deyil.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir