Ömrünün 75 ilini arxada qoyan professor Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla universitetdə saxlanılıb. 1964-1967-ci illərdə ADU-nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan İnstitutunda prof. L.A.Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan, mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə, ABŞ-ın Kosmik Tədqiqatlar üzrə Baş İdarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər. Şahlar Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal - yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 -cü ildə Danimarka Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal - yarımkeçirici kontaktına tətbiq edib və kontakt üçün qeyri- bircins model təklif edib. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunub, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer alıb. Belə ki, Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin 1999 -cu ildə birgə çap etdirdikləri monoqrafiyada (E.F. Vaqner i druqiye: Mejfaznıe vzaimodeystviya i mexanizmı deqradasii v strukturax metall -İnP i metall -GaAs). Ş.Əsgərovun familiyası dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilib. O, bir çox məşhur alimlərlə birgə elmi məqalə müəllifidir. Professor, L.Sena (Leninqrad), L.Prane Viçyus (Kaunas), V.Yurasova (Moskva), V.Strixa (Kiyev), P.Prehn (Kopenhagen), M.Lukkala (Helsinki), L.Şelyakin (Moskva), A.Şkavro (Kiyev), A.Arş (Ryazan) və digər dünya alimləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirib.
Həm birinci, həm ikinci elmi istiqamət üzrə, o, 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik edib. Bu səbəbdən də, onun elmi fəaliyyəti haqqında məlumat Rusiyada çap olunan "Rossiyskie nauçnıe şkolı" ( t.3, str.32, Moskva, 2010) kitabının 32-ci səhifəsində verilmiş, elmi məktəbin banisi kimi "Nauçnaya şkola imeni Ş.Q.Askerova" sertifikatı ilə təltif edilib. Həmçinin, onun elmi fəaliyyəti və tərcümeyi-halı "Vıdayuşiysaya uçenıye Rossii" Enisklopediyasının 6-cı cildinə daxil olunub.
O, Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Ş.Əsgərovun tədqiqatlar apardığı üçüncü sahə - təhsilin fəlsəfəsi, daha doğrusu, sosial fəlsəfə və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi "Biliyin qiymətləndirməsinin yeni şkalası", "Biliyin qiymətləndirməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirməsinin fəlsəfəsi" kimi 20-yə yaxın məqalə 2009 -2010-cu illərdə Rusiyanın mötəbər akademik jurnallarında çap edilib. Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Qeyd edək ki, professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olub. Ş.Q.Əsgərovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xadimi" (2001) fəxri adıyla təltif edilib. Bir sira Beynəlxalq Akademiyaların (RAE , ASPN) üzvüdür.
Ömrünün 75 ilini arxada qoyan professor Şahlar Əsgərov bildirir ki, elmi nəticələr həyata vəsiqə alanda, həmkarlar elmi konfranslarda fikir sahibi kimi sənə yanaşanda, yazdığın məqalələrə istinad ediləndə, onda elmdə düz yol seçdiyini düşünürsən.
Professor Şahlar Əsgərov elmə və təhsilə dövlət qayğısından danışarkən, bildirir ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir. Sənəddə də bu amil önə çəkilir ki, dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir.
Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında, fəaliyyətinin genişlənməsində Şahlar Əsgərovun böyük xidmətləri, əməyi, zəhməti olub. Bu barədə onun özü belə deyir: "İctimai-siyasi fəaliyyətlə məşğul olmağım zamanla bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət hər birimizə aydındır. Mənim siyasətə gəlişim də bu ağır durumla, böhranla bağlıdır. Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi, ölkədə baş verən ictimai-siyasi proseslərdən kənarda qala bilməzdim. "Azərbaycan sizin sözünüzü gözləyir". Ulu Öndər Heydər Əliyevə bu sözlərlə müraciət edən Azərbaycan ziyalılarından biri də mən
olmuşam. "91-lər"dən biri kimi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmişəm".
Onun sözlərinə görə, YAP cəmiyyətin aparıcı partiyasıdır: "YAP parlamentdə çoxluq təşkil edir. YAP tarixi zərurətdən yaranmış partiyadır. Həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq milyonların partiyasına çevrilən YAP-ın gələcəyinə inam böyükdür. Partiyanın sıralarının günbəgün artması Dahi Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın təsdiqidir. YAP qələbələr partiyasıdır. Ölkədə keçirilən seçkilərdən daim uğurla çıxır".
İki çağırış Milli Məclisə deputat seçilməyini qeyd edən Şahlar Əsgərov 2000-2005-ci illərdə parlamentin Elm və Təhsil Daimi Komissiyasına rəhbərlik etdiyini bildirir: "Azərbaycan müstəqilliyimizin ilk illərində böhranlar sisteminə daxil olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra böhranlar sistemindən, vətəndaş qarşıdurmasından qurtulduq. Ulu Öndər Heydər Əliyev Azərbaycanı uğurlu yola çıxardı. Atəşkəs sazişi imzalandı. Qurtuluşun nəticəsidir ki, bu gün inkişaf sürətlə gedir".
"Səs" qəzeti olaraq tananmış ziyalı, ictimai-siyasi xadim Şahlar Əsgərovu 75 illik yubileyi münasibətilə təbrik edir, ictimai-siyasi fəaliyyəində və elmi yaradıcılığında uğurlar diləyir, ona Allahdan uzun ömür, can sağlığı arzulayırıq.