"Avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə Xəzərin statusu ilə bağlı məsələ ön plana çəkiləcək". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, İran Xəzərin statusu ilə bağlı məsələdə Rusiyanı öz tərəfinə çəkməyə çalışır: "Görüş zamanı Azərbaycan ərazisindən keçəcək Cənub Dəmir yolu layihəsinin müzakirə ediləcəyi də gündəmdədir. Çünki, məsələ ilə bağlı bütün detallar araşdırılıb və son akkordları vurulmalıdır. Yəqin ki, görüşdə Dağlıq Qarabağ məsələsi də əsas müzakirə mövzusu olacaq. İran beynəlxalq oyunçu kimi proseslərə daxil olmaq istəyir. Lakin İranın bunun üçün mövcud olduğu imkanları və dünya tərəfindən qəbulu ilə bağlı söz demək çətindir. Mən İranı bu statusda görə bilmədiyim üçün həmin məsələnin müzakirəsinin siyasi nəticə verməyəcəyi qənaətindəyəm. Bundan başqa, üçlü ittifaqın yaradılması ilə bağlı söhbətlər gedir ki, bunun da ciddi qənaətlərə söykəndiyinə inanmıram. Çünki bu ölkələr arasında münasibətlər normaldır".
Politoloqun fikrincə, iyunun 26-da Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olmadan avqustdakı görüş haqqında dəqiq fikirlər söyləmək çox çətindir: "Əgər Rusiya və İran Cənubi Qafqazda sabitliyə nail olmaq istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Müəyyən tərəddüdlər, siyasi gedişlər meydan sulayacaqsa, o zaman onlar bölgədə münasibətləri tənzimləyə bilməyəcəklər. Azərbaycan İran tərəfinin Ermənistanla əlaqələrinin genişlənməsinin əleyhinədir. Çünki indiyə qədər İranın Ermənistana köməyi onun ayaq üstə durmasında böyük rol oynayıb. Ümumiyyətlə, bölgədə vəziyyət gərgindir. Burada Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı ilə bağlı məsələləri qeyd etməliyik. Bütün məsələlər Dağlıq Qarabağa münasibətdə bəlli olacaq. Bu gün münaqişə ilə bağlı vəziyyəti 10 il əvvəlki durumla eyni deyil. Çünki, hazırda ABŞ belə problemin həlli ilə yaxından maraqlanır".