Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinə bilet almış azarkeşlər müxtəlif əyləncə tədbirlərində iştirakla yanaşı, Pit Yoluna da baxış keçirə biləcəklər. SİA-nın məlumatına görə, iyunun 16-ı, cümə axşamı günü istənilən tribunaya bileti olan azarkeşlər Pit Yolunda təşkil olunacaq gəzintidə iştirak edərək Formula-1 aləminə daha da yaxınlaşmaq imkanına sahib olacaqlar. Saat 18:30-dan 20:30-dək davam edəcək gəzinti zamanı qonaqlar Pit Yolu boyunca gəzərək komandaların yarışa hazırlığını və pit-stop əməliyyatlarını yaxından izləyə biləcəklər. Gəzinti üçün Pit Yoluna Formula-1 Şəhərciyində yerləşən Abşeron tribunasının yanında əvvəlcədən təyin olunmuş qapıdan girmək mümkün olacaq.