Babək Quliyev: “Əminəm ki, Anar Salmanov məni geridə qoyacaq”-AÇIQLAMA

7 Fevral 2011 14:45 (UTC+04:00)

"Mənim şəxsi fikrimdir ki, "Neftçi" - "Xəzər Lənkəran" derbisinin hakimi Azərbaycanın bir nömrəli ədalət təmsilçisi Anar Salmanov olmalıdır". Bu sözləri siasport.az saytına açıqlamasında FİFA referisi, hakimlikdən uzaqlaşdırılmış Babək Quliyev deyib. B.Quliyev derbi matçını ilk növbədə A.Salamanovun, əgər o olmasa, Elçin Məmmədovun idarə etməli olduğunu bildirib: "Bu hakimlərin həm fiziki, psixoloji hazırlıqları yerindədir, həm də oyunun qaydalarını mükəmməl bilirlər. Onlar həm də bir hakim kimi formalaşmış nüfuza, hörmətə malikdirlər. Belə böyük oyunları idarə edərkən ən birinci amil hakimin nüfuzudur. Daha sonra isə hakimin fiziki və psixoloji hazırlığı nəzərə alınmalıdır. Mən gördüyümü deyirəm, hazırda saydığım amillər Azərbaycanda adını çəkdiyim iki hakimdə formalaşıb".


Daha sonra o, A.Salamanovun "İstedadlar Qrupu"na düşməsi barədə fikirlərini bildirib: "Mən həmişə demişəm ki, Azərbaycanın bir nömrəli hakimi Anar Salmanovdur. Fikirlərim məni yanıltmayıb. A.Salmanov nəinki "İstedadlar Qrupu", daha yuxarı yerlərə layiq hakimdir. Əminəm ki, Anar Salmanov məni geridə qoyacaq, 3-cü, 1-ci və elit qrupuna düşəcək".

B.Quliyev Orucəli Durmuşovun mətbuata verdiyi sərt müsahibələri barədə də danışıb: "O.Durmuşov Azərbaycanda hakimliyin tarixini yazmış adamlardandır. Mətbuatda izləyirəm, Orucəli müəllim bir söz deyən kimi, hamı ona qarşı çıxır. O.Durmuşovun mətbuata verdiyi müsahibələrini oxumuşam. Mən orda heç bir səhv fikir görməmişəm. Necə olur ki, Xəqani Məmmədovu tərifləyənlər cəzalanmır, onu tənqid edənlər cəzalanırlar. Hakimlər Komitəsinin kodeksi var, hakim mətbuata müsahibə verərsə, o, cəzalanmalıdır. O qayda X.Məmmədovu tərifləyib, tərifləməməyə baxmır. O.Durmuşov Tofiq Bəhramov məktəbi görmüş hakimdir".

Elgün VİDADİOĞLU